Gürcüstan suverenliyini ayıq-sayıq qoruyur

post-img

Xarici təsirlərin və QHT casusluğunun qarşısı qətiyyətlə alınır 

Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti və onların ictimai-siyasi proseslərə təsiri həm ölkə daxilində, həm də beynəlxalq arena­da müzakirə mövzusuna çevrilib. Xüsusilə son illər baş verən qanunvericilik dəyişiklikləri, hökumət ilə QHT-lər və onların beynəlxalq donorları arasında yaranan gərgin münasibətlər bu sektorda əsaslı dönüş nöqtəsinin formalaş­dığını göstərir.

Gürcüstan hökuməti uzun müddət vətəndaş cəmiyyətinin inkişafını dəstək­ləyib. Dövlət institutları bu təşkilatlarla əməkdaşlıq şəraitində bir sıra islahatlara imza atıb, xüsusilə hüquqi maarifləndir­mə, insan hüquqları və sosial layihələr sahəsində partnyorluqlar qurub. Lakin son dövrlərdə bəzi QHT-lər öz əsas fəa­liyyət sahələrindən uzaqlaşaraq, bilava­sitə siyasi proseslərə müdaxilə edir və ictimai rəyin formalaşmasında rol oyna­mağa çalışır. Ölkədə hakimiyyətə qarşı baş tutan etiraz aksiyalarında fəal iştirak edirlər. Onların bu fəaliyyət istiqamətləri və siyasi ritorikası cəmiyyətin müəyyən qruplarında, eləcə də hökumət dairələrin­də narahatlıq doğurur.

“Xarici təsirin şəffaflığı haqqında” qa­nun layihəsi də bu narahatlıqların hüquqi əsasda ifadəsi idi. Sənəd xaricdən maliy­yə alan təşkilatların illik maliyyə hesabatı təqdim etməsini tələb edirdi. Bu təşəb­büsün əsas məqsədi Gürcüstanda ictimai rəyi və siyasi müzakirələri xarici təsirlərin nə dərəcədə yönləndirdiyini müəyyənləş­dirmək idi. Amma bu qanun layihəsi cə­miyyətin bir hissəsi, müxalifət qüvvələri və beynəlxalq tərəfdaşlar tərəfindən ciddi tənqid olundu. Bəzi QHT-lər qeydiyyat­dan keçmək, xarici maliyyə dəstəyindən mərhum olmaq istəmirlər. Bir qrup QHT-nin bir neçə gün bundan əvvəl bəyanat yayması da bundan xəbər verir. Onlar bildiriblər ki, 11 avqustda Antikorrupsiya Bürosundan növbəti məktubu alıblar və büroya hüquqi sənədlər göndərəcəklər. Bu sənədlərdə qeyd olunacaq ki, onla­rın həmin reyestrdə qeydiyyata alınması qanunauyğun deyil: “Dəfələrlə ictimaiy­yətə açıqladığımız mövqeyimizə uyğun olaraq bir daha bəyan edirik ki, biz xarici dövlətin maraqlarını daşıyan qurum kimi qeydiyyatdan keçməyəcəyik. Biz nizam­naməmizə əsasən, fəaliyyət göstərən müstəqil gürcü QHT-ləriyik”.

Daha sonra qeyd olunur ki, müstəqil QHT-lərə və azad mediaya təzyiq göstər­mək məqsədi demokratiyanın məhv edilməsidir. Lakin biz işimizi davam et­dirəcəyik və gürcü xalqını dəstəksiz qoy­mayacağıq. Gürcüstan xalqının haqq etdi­yi azad, demokratik və Aİ-yə üzv dövlət olana qədər mübarizəni davam etdirə­cəyik. Bir daha bəyan edirik ki, biz rus qanunları ilə yaşamağa hazırlaşmırıq və gürcü xalqının hüquqlarını qorumaq uğ­runda mübarizəmizi davam etdirəcəyik”.

Bu bəyanatı imzalayanlar arasında “Vətəndaş Cəmiyyəti Fondu”, “Sapa­ri”, “Beynəlxalq Şəffaflıq – Gürcüstan”, “Media İnkişaf Fondu”, “İSFED”, “So­sial Ədalət Mərkəzi” kimi QHT-lər var. Bəyanat açıq-aydın qanunun tələblərinə meydan oxumaq idi. Lakin vaxtında da layiq olduğu cavabı aldılar. Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun vəsatətini təmin edərək, bir neçə qeyri-hökumət təşkilatının, o cümlədən yuxarıda adla­rı çəkilən QHT-lərin bank hesablarına həbs qoydu. Prokurorluğun məlumatına görə, bu qərar sabotaj, xarici təsir altın­da olan qurumlara hakimiyyət əleyhinə fəaliyyətində yardım göstərilməsi, milli təhlükəsizliyə və konstitusion quruluşa qarşı yönəlmiş fəaliyyətlərin maliyyələş­dirilməsi faktları üzrə aparılan istintaq çərçivəsində qəbul edilib.

***

İstintaqın iddiasına əsasən, 2024-cü ildə keçirilən etiraz aksiyaları zama­nı zorakı toqquşmalar baş verib və bəzi QHT-lərin maliyyə vəsaitləri polisə qarşı istifadə edilən xüsusi avadanlıqların alın­masına sərf olunub. Həmçinin bu təşki­latların aksiyalarda iştirak edən şəxslərə və onların ailələrinə maddi və hüquqi dəstək göstərilib. Prokurorluq qeyd edib ki, bu fəaliyyətlər təşkilatların nizam­namə məqsədlərini aşır və qanunla zid­diyyət təşkil edir. Bu səbəbdən 27 avqust 2025-ci il tarixində onların bank hesabla­rına həbs qoyulub.

Prokurorluq onların fəaliyyətini “mil­li təhlükəsizlik və konstitusiya quruluşu­na qarşı yönəlmiş addım kimi dəyərlən­dirib”. Maraqlıdır ki, məhkəmənin bu qərarı beynəlxalq ictimaiyyətin, xüsusilə də Qərb dövlətlərinin narahatlığına səbəb olub. Məsələn, İsveç Xarici İşlər Nazir­liyi Gürcüstanda 7 qeyri-hökumət təşki­latının bank hesablarının dondurulmasını demokratiya naminə “səhv istiqamətdə atılmış növbəti addım” kimi qiymətləndi­rib və bu addımı narahatedici adlandırıb. Nazirlik bu qərarı Gürcüstanın demokra­tik inkişafı baxımından geriyə atılmış ad­dım kimi dəyərləndirib.

Estoniya Xarici İşlər Nazirliyi baş verənləri “demokratiya üçün böyük uğursuzluq” adlandıraraq mövqe ortaya qoyub. Çexiya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat verərək, rəsmi Praqanın Gürcüstanda vətəndaş cəmiy­yətinin yanında olduğunu bildirib və hökuməti aparılan araşdırmaları dayan­dırmağa, eləcə də dondurulmuş maliyyə vəsaitlərini azad etməyə çağırıb. Böyük Britaniyanın Gürcüstandakı səfirliyi isə bu qərarı siyasi motivli hesab edərək, onun vətəndaş cəmiyyətini susdurmaq məqsədi daşıya biləcəyindən narahatlığı­nı ifadə edib.

İstənilən halda Gürcüstan öz mövqe­yindən, milli maraqlarından dönmək niy­yətində deyil. Bu açıqlamalara verilən reaksiya da bunu göstərir.

Gürcüstan Baş Prokurorluğu tərəfin­dən 7 qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulmasını Tbilisi ölkənin milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab edir. Gürcüstan parla­mentinin sədri Şalva Papuaşvili bu kon­tekstdə məsələyə münasibət bildirərək, xarici səfirliklərin və beynəlxalq tərəfdaş­ların bəyanatlarını tənqid edib. Xüsusilə, Böyük Britaniya səfirliyinin səsləndirdi­yi narahatlığı “qeyri-dost” addım kimi qiymətləndirən Papuaşvili qeyd edib ki, bu cür bəyanatlar cəmiyyətdə haqlı sual­lar və şübhələr doğurur. Onun sözlərinə görə, səfirlik əvvəllər “Tabula” nəşri və “Gələcək Akademiyası” kimi ekstremist qurumları maliyyələşdirməyə çalışıb və bu qurumların nümayəndələri seçkiləri sabotaj etmək niyyəti daşıyıblar.

Papuaşvili əlavə edib ki, Böyük Brita­niya səfirliyinə 2024-cü il seçkiləri zama­nı dəstəklədiyi təşkilatlarla bağlı şəffaflıq nümayiş etdirməsi üçün çağırış edilsə də, bu suallar cavabsız qalıb. Onun fikrincə, əksinə, səfirlik ictimai narahatlığı ca­vablandırmaq yerinə, yenidən tənqidi və müdaxilə xarakterli bəyanatla çıxış edib. Gürcüstan hökuməti beynəlxalq reaksiya­lara baxmayaraq, QHT-lərə qarşı həyata keçirilən tədbirlərin siyasi deyil, hüquqi və təhlükəsizlik əsaslı olduğunu bəyan edir. Hakimiyyət orqanları bildirirlər ki, istintaq prosesi qanun çərçivəsində və konkret sübutlara əsaslanaraq aparılıb, ölkənin daxili sabitliyinin qorunması və xarici təsirlərin qarşısının alınması üçün bu addımlar zəruridir. Bu baxımdan Gür­cüstanın gələcəyinə müdaxilə yolveril­məzdir.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət