Aktuallığını itirmiş razılaşmaya Azərbaycanın strateji prioritetləri işığında baxış
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsinə son qoyuldu. Bəyanatın müddəalarına əsasən, işğal altında olan bir sıra ərazilər – Ağdam, Kəlbəcər və Laçın rayonları müəyyən edilmiş qrafik üzrə və bir güllə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Sənədin ən vacib müddəalarından biri olan 9-cu bənd isə regionun gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Həmin bənddə bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat dəhlizinin açılması nəzərdə tutulub. Ermənistan öz ərazisindən keçəcək bu nəqliyyat yolunun təhlükəsizliyinə təminat verməyi öhdəsinə götürüb. Burada əsas məqsəd vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkil olunmasıdır. Sənəddə diqqətçəkən məqamlardan biri də nəqliyyat əlaqəsinin təhlükəsizliyinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin həyata keçirməsi idi.
Qeyd edək ki, indiki geosiyasi şəraitdə Rusiya təhlükəsizlik qüvvələrinin hansısa nəzarəti mümkünsüzdür. Hər nə qədər sənəddə mövcud məqam xüsusi vurğulansa da, Ermənistanın buna imkan vermə ehtimalı yoxdur. Hətta baş nazir Nikol Paşinyan bu yaxınlarda üçtərəfli Bəyanatı bir növ, tarixin arxivinə yolladı. O, keçmişə qayıtmağa ehtiyac olmadığını bildirdi: “10 noyabr 10 noyabrda qaldı”.
Onu da bildirək ki, N.Paşinyan ötən ilin mayında da analoji açıqlama ilə yadda qalmış, üçtərəfli razılaşmanı şübhə altına almışdı. Rəsmi Moskvanın isə əksinə, bəyanatın qüvvəsində qaldığını iddia etdiyi məlumdur. Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, regionda sabitliyin təminatı və kommunikasiyaların açılması baxımından əsas hüquqi baza 2020-2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmalardır.
Əslində, 10 noyabr Bəyanatının, faktiki olaraq, işlək əhəmiyyət daşımadığını söyləmək üçün əsaslar yetərincədir. Ancaq hüquqi baxımdan belə sənədlərin ləğvi üçün ayrıca mexanizm və ya prosedur göstərilməyib. Mövzunu XQ-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, üçtərəfli Bəyanat qəbul edilərkən Qarabağda separatizmin kökü hələ tamamilə kəsilməmiş və Azərbaycan ərazi bütövlüyünü təmin etməmişdi: “Bəyanat imzalanandan yalnız üç il sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi və regionda geosiyasi vəziyyət kökündən dəyişdi. İkincisi, Rusiyanın hərbi kontingenti artıq bölgədə yoxdur. Bu, 10 noyabr Bəyanatında nəzərdə tutulan hərbi nəzarət mexanizminin artıq mövcud olmadığını göstərir. Üçüncüsü, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri Birgə Bəyannaməyə görə, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi kimi əksini tapmışdır. Əslində Zəngəzur dəhlizi mahiyyəti daşıyan layihə üzrə xüsusi konsorsium yaradılacaq. Həmin sənəddə dəhlizin Rusiya hərbi qüvvələri tərəfindən qorunacağına dair heç bir müddəa yoxdur. Bu, bölgədə yeni iqtisadi və nəqliyyat reallıqlarının formalaşdığını və Rusiya təsirinin praktiki olaraq məhdudlaşdığını göstərir. Bütün bu faktlar ortada ikən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, “2020-ci ilin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb və bununla bağlı sənədlər mövcud deyil”.
Kremlin İrəvanla münasibətləri soyuqdur, Bakı ilə əlaqələri isə strateji baxımdan önəmlidir. Üç iştirakçıdan ikisi, yəni Azərbaycan və Ermənistan 10 noyabrdan sonrakı reallığı qəbul edir və həmin sənədin, faktiki olaraq, tarixdə qaldığını vurğulayır. Üçüncünün isə israrla “bəyanat qüvvədədir” xatırlatmasının artıq heç bir hüquqi əsası yoxdur.
Beləliklə, Rusiya tərəfinin mövqeyi əsasən simvolik xarakter daşıyır və bölgədə yaranmış yeni geosiyasi, hərbi və iqtisadi reallıqlarla uzlaşmır. Azərbaycan üçün əsas prioritet, 10 noyabr Bəyanatının hansı formada qalmasından asılı olmayaraq, ərazi bütövlüyünün təmin olunması və Zəngəzur dəhlizi kimi strateji kommunikasiyanın açılmasıdır.
Musa BAĞIRLI
XQ