Bakının siyasi qətiyyəti – Minsk qrupunun aqibəti

post-img

ATƏT-in Minsk qrupu uzun illər nəticəsiz fəaliyyəti ilə məhv olmağa məhkum olduğunu göstərdi, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti isə Azərbaycanın beynəlxalq səhnədə real təsir göstərə bilən gücə malik olduğunu sübut etdi.

Cənubi Qafqazın son otuz illik siyasi gündəminin mərkəzində Qarabağ münaqişəsi dayanırdı. 1988-ci ildən başlayan etnik separatizm və Ermənistanın hərbi işğal siyasəti nəticəsində ­Azərbaycan ərazilərinin 20 faizi işğal olundu, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.  Münaqişənin beynəlxalq müstəviyə daşınması qaçılmaz idi. 1992-ci ildə ATƏT (o zamankı ATƏM) çərçivəsində yaradılan Minsk qrupu kağız üzərində problemin sülh yolu ilə həllinə yönəlmiş ən geniş legitim mexanizm idi. Onun həmsədrləri ABŞ, Rusiya və Fransa idi – bu isə həm Qərbin, həm də Rusiyanın prosesə paralel təsir imkanlarını təmin etməli idi.

Zaman keçdikcə Minsk qrupu özünün institusional gücündən daha çox simvolik statusu ilə seçildi. Formal danışıqlar, nəticəsiz bəyanatlar və reallıqdan uzaq təkliflər prosesin əsas xətlərinə çevrildi. Bəs Minsk qrupuna niyə bu qədər ümid bağlanmışdı? İlkin mərhələdə həm Azərbaycan, həm də Ermənistan Minsk qrupuna müəyyən ümidlə yanaşırdı. Xüsusən də ABŞ, Rusiya və Fransanın həmsədrliyi münaqişənin həllinə “beynəlxalq zəmanət” görüntüsü verirdi. Çünki prosesə supergüclərin qoşulması tərəflərdə belə bir təəssürat yaradırdı ki, böyük dövlətlərin təzyiqi ilə nəticə əldə oluna bilər. Azərbaycan üçün bu amil xüsusilə önəmli idi. Çünki 1990-cı illərin əvvəllərində ölkəmizin suverenliyi yenicə bərpa olunmuş, dövlət institutları zəif idi və beynəlxalq legitimlik qazanmaq həyati əhəmiyyət daşıyırdı. Minsk qrupu Bakı üçün sülh yolu ilə haqqın bərpasına bir imkan kimi görünürdü.

Fəqət reallıq çox tez üzə çıxdı. ­Azə­r­baycan torpaqları işğal altında idi, yüz minlərlə insan evindən didərgin salınmışdı və beynəlxalq hüququn bütün əsas normaları olan suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı pozulmuşdu. Buna baxmayaraq, Minsk qrupu faktiki olaraq bu fundamental prinsiplərə söykənmək əvəzinə, prosesin formal idarəçisi rolunda çıxış etdi. Ermənistanın qərəzli mövqeyi, işğalı legitimləşdirmə cəhdləri və həmsədr­lərin maraqlarının üst-üstə düşməməsi vəziyyəti daha da mürəkkəbləşdirdi.

Azərbaycan sülh yolu ilə həllə ümid etsə də, vasitəçilərin qeyri-obyektivliyi və ikili standartları Bakının gözləntilərini puça çıxardı. Siyasətin reallığı nəzəriyyədən fərqli idi. Həmsədrlərin maraqları üst-üstə düşmürdü. Rusiya status-kvonu saxlamaqla region üzərində təsirini gücləndirmək istəyirdi, Fransa erməni diasporunun təsiri altında tərəfli mövqe sərgiləyirdi, ABŞ isə Cənubi Qafqazı daha çox Rusiya ilə rəqabət müstəvisində qiymətləndirirdi. Məhz buna görə Minsk qrupu uzun müddət “danışıqlar aparan”, amma heç vaxt nəticə verməyən mexanizm kimi yadda qaldı.

***

Uzun illər davam edən danışıqlar prosesi göstərdi ki, Minsk qrupu nə münaqişənin qarşısını ala bildi, nə də həllinə real töhfə verdi. Onun fəaliyyəti faktiki olaraq status-kvonun qorunmasına xidmət edirdi. Bu müddət ərzində Ermənistan işğal etdiyi torpaqlarda mövqeyini möhkəmləndirdi, hüquqları pozulmuş xalqın səsini beynəlxalq platformada demək isə daha da çətinləşdi. Bəs Minsk qrupunun fəaliyyətsizliyinin əsas səbəbi nə idi? Əsas səbəb böyük güclərin maraqlar ziddiyyəti və “dondurulmuş münaqişə”ni geosiyasi alət kimi istifadə etmək istəməsi idi. Vasitəçilər üçün münaqişənin davam etməsi həllindən daha əlverişli idi, çünki bu vəziyyət onlara region üzərində təsir rıçaqlarını qorumağa imkan verirdi. Minsk qrupunun fəaliyyətindəki bu tıxac təkcə institutun zəifliyini göstərmədi, eyni zamanda beynəlxalq vasitəçilik mexanizmlərinin obyektivlik problemi ilə bağlı dərs verdi. Azərbaycan sülhə hazır idi, amma vasitəçilərin qərəzli mövqeyi və hərtərəfli balanssız yanaşması prosesi səmərəsiz etdi, nəticədə status-kvo qorundu, haqq isə gözləmə mövqeyinə salındı.

Prezident İlham Əliyevin siyasi kursu status-kvonun qorunmasını qəbul etmədi. Bakı açıq şəkildə bəyan etdi ki, diplomatik mexanizmlər nəticə vermirsə, Azərbaycan öz gücü və iradəsi ilə məsələni həll edəcək. Azərbaycanın qətiyyətinin əsas dayaqları isə bir neçə paralel element üzərində qurulmuşdu. Hərbi gücün artırılması və modernizasiya proqramları ona status-kvonu dəyişmək və faktiki reallıqları təyin etmək imkanı verdi. Diplomatik legitimlik vasitəsilə Bakı öz haqqını beynəlxalq hüquq çərçivəsində möhkəmləndirdi; BMT Nizamnaməsi və Helsinki prinsiplərinə istinad Azərbaycanın beynəlxalq səhnədə sülh tərəfdarı kimi mövqeyini gücləndirdi. Eyni zamanda, Prezident İlham Əliyevin prinsipial liderliyi və ardıcıl ritorikası qətiyyətli mövqenin ideoloji və siyasi dayağı oldu.

Bütün bunlar göstərdi ki, Azərbaycan yalnız güc tətbiqi ilə deyil, həm də diplomatik, həm də hüquqi çərçivədə məsələni həll etməyə hazırdır. Rəsmi Bakının bu strategiyası Minsk qrupunun fəaliyyətinin məhdudiyyətlərini aşmağa və regionda yeni balans yaratmağa xidmət edirdi.

***

2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişdi. Azərbaycan ordusu işğal altında olan torpaqları hərbi gücü və strateji planlaması ilə azad etdi, regionda status-kvonu sarsıtdı və uzun illər nəticəsiz qalmış danışıqların mənasızlığını açıq şəkildə göstərdi.  Maraqlıdır ki, müharibə Minsk qrupunun hansı zəifliklərini üzə çıxardı? 44 günlük müharibə üç əsas zəifliyi açıq şəkildə göstərdi. Birincisi, Minsk qrupunun münaqişənin qarşısını almaq qabiliyyətinin olmaması; qurum illərlə davam edən gərginliyi əngəlləyə bilmədi. İkincisi, qrupun sülh planlarının reallıqdan uzaqlığı; uzun illər hazırlanmış sənədlər və layihələr torpaqları işğal altında saxlayan vəziyyəti dəyişə bilmədi. Üçüncüsü, vasitəçilərin Azərbaycanın iradəsini və gücünü nəzərə almayan mexanizmlərinin mənasızlığı; Azərbaycan faktiki olaraq hərbi və diplomatik imkanları ilə yeni reallıq yaratdı və qrupun rolu simvolikləşdi. Proses, eyni zamanda beynəlxalq siyasi analitiklər üçün dərs oldu: institutların formal mövcudluğu nəticə vermirsə, onları davam etdirmək yalnız vaxt itkisidir. Azərbaycan həm hərbi, həm diplomatik, həm də hüquqi gücünü göstərərək regionda yeni balans yaratdı və Minsk qrupunun fəaliyyətinin real təsirini tarixi sonluğa çatdırdı. 

44 günlük müharibədən sonra Minsk qrupunun həmsədrləri qurumu “diriltməyə” çalışsalar da Azərbaycan açıq şəkildə bildirdi ki, artıq bu quruma ehtiyac yoxdur. Prezident İlham Əliyevin “Minsk qrupu artıq yoxdur” ifadəsi sadəcə beynəlxalq münasibətlər sistemində bir institutun faktiki sonunu elan edən siyasi qərar idi. Azərbaycan regionda reallıqları dəyişən tərəf olduğunu və beynəlxalq hüququn ərazi bütövlüyü prinsiplərinə söykənərək öz mövqeyini qorumağa hazır olduğunu göstərdi. Vasitəçilər isə prosesin kənarında qaldı və Azərbaycanın siyasi iradəsini qəbul etmədən hər hansı səmərəli addım ata bilmədilər.  Minsk qrupunun tarixi aqibəti yalnız institusional uğursuzluq deyil, eyni zamanda Azərbaycanın qətiyyətli siyasəti və prinsipial diplomatik mövqeyi ilə beynəlxalq sistemdə bir nümunə olaraq qeyd olundu.

***

Avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş Cənubi Qafqaz tarixində əsl dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev danışıqlara iki prinsipial şərtlə oturdu: Ermənistan konstitusiyasında dəyişikliklərin aparılması və Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılması. Minsk qrupunun dayandırılması isə köhnə və nəticəsiz mexanizmi ləğv edərək yeni regional diplomatiyanın yolunu açırdı. Artıq beynəlxalq vasitəçilərin formal rolu minimuma endirildi və prosesin idarəedici tərəfi faktiki olaraq regional güc mərkəzləri və Azərbaycan oldu.

Trampın vasitəçiliyi Minsk qrupunun tarixi sonunu Qərbin də qəbul etməsi anlamına gəlirdi. ABŞ bu vasitəçiliklə yeni regional formatın liderliyini üzərinə götürdü və Azərbaycanın tələblərinin beynəlxalq səviyyədə legitimliyini təmin etdi. Görüş göstərdi ki, Azərbaycanın qətiyyətli siyasəti, hüquqi və diplomatik hazırlığı beynəlxalq vasitəçilərin səmərəsizliyini aradan qaldırmaqla yanaşı, yeni regional sülh arxitekturasının formalaşmasını təmin edə bilər.

Vaşinqton görüşü və Minsk qrupunun rəsmən tarixə qovuşması Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Azərbaycan artıq həm hərbi, həm siyasi resursları ilə regionun əsas söz sahibi mövqeyinə yüksəldi. Yeni vasitəçilik formatı formalaşdı. Artıq münaqişənin həlli qlobal institutların formal platformaları ilə deyil, lokal və regional balans üzərində qurulurdu.

Minsk qrupunun aqibəti beynəlxalq diplomatiya üçün əyani dərs oldu: institutların mövcudluğu onları səmərəli etməyə yetərli deyil, real nəticə doğurma qabiliyyəti ölçü götürülməlidir. Əgər institutlar real nəticə doğurmursa, onlar yalnız siyasi dekor rolunu oynayır. Azərbaycan bu dekoru aradan qaldıraraq həm regionun gələcəyi üçün yeni imkanlar yaratdı, həm də beynəlxalq münasibətlər tarixində presedent təşkil etdi.  İlham Əliyevin siyasəti açıq şəkildə sübut etdi ki, qətiyyət və prinsipiallıq beynəlxalq diplomatiyada konkret nəticələr əldə etməyə imkan verir.

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

 



Siyasət