Vaxtilə Qarabağda yaşamış ermənilərin hüquqlarının müdafiəsinin vacibliyindən danışan İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu məsələnin “yaraya döndüyünü və onun sağalmasına ehtiyac duyulduğunu” deyib.
Qısa müddət İİR-in Bakıdakı səfirliyində çalışan, son iki il yarımda İrəvanda lövbər salan üzdəniraq diplomatın əsl siması məhz orada üzə çıxmağa başladı. Onun fəaliyyətinin İran–Azərbaycan münasibətlərinin səmimi qonşuluq və faydalı əməkdaşlıq notlarına kökləndiyi indiki durumuna xələl gətirdiyi, “qırmızı xətti” dəfələrlə keçdiyi barədə əvvəllər də yazmışıq. Bəlkə, o, doğrudan da səfir statusuna uyğun gəlməyən siyasi fəaliyyəti ilə “qırmızı xətti” keçdiyinin fərqində deyil? Ortada başqa maraqların olduğu ehtimalını da istisna etmək olmaz. Yoxsa Sübhani “ermənilərin hüquqlarının müdafiəsi” üçün bu qədər canfəşanlıq etməzdi. Onun aşkar və gizli bəyanatlarında ermənidən daha çox ermənilik etdiyi nəzərdən yayınmayıb. Mehdi Sübhani adlı diplomatın İranın Cənubi Qafqaza yönəlik siyasətinin “qarayarasına” çevrildiyi bütün parametrləri ilə göz qabağındadır.
ARAYIŞ: 1967-ci ildə İranın şimalındakı Gülüstan əyalətində doğulan Mehdi Sübhani İran–İraq müharibəsi iştirakçısıdır. Tehran Universitetində beynəlxalq münasibətlər üzrə təhsil alan gələcək səfir hətta sahənin elmlər doktoru dərəcəsinədək “yüksəlməyi” bacarıb. Ərəb, ingilis, Azərbaycan və rus dillərini bilən Sübhani buna qədər İranın Pakistan, Ukrayna və Türkmənistandakı səfirliklərində çalışıb. 1990-cı illərin əvvəllərində isə İranın Bakıdakı səfirliyində III katib vəzifəsində işləyəndə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri ilə yadda qalıb. O zaman Sübhaninin SEPAH-la yaxın əlaqələrinin olması barədə mediada məlumatlar yer almışdı.
***
İrəvandan Bakıya “hücumlar” edən, bütün məsələlərdə sırf Ermənistanın mənafeyini əlində bayrağa çevirən üzdəniraq səfir siyasətçi deyil, diplomat olduğunu tez-tez “unudur”. Mehdi Sübhani Ermənistana səfir təyin olunanda Türkiyə mediasında maraqlı məlumat yayılmışdı. “Türkiyə” qəzetinin yazdığına görə, Sübhaninin İrəvana göndərilməsində məqsəd onun Suriya təcrübəsini Qarabağda tətbiq etməsidir. Xatırladaq ki, o vaxt erməni separatçılarının tör-töküntüləri hələ Xankəndidə idilər. Onun İrəvana çatar-çatmaz Qarabağ separatçılarını dəstəkləyən açıqlama verməsi burada hansı “təcrübədən” bəhrələnəcəyini ortaya qoymuş oldu. Sübhaninin hay sevgisinin İranda yaşayan azərbaycanlılara patoloji nifrətindən qaynaqlandığını deyənlər yanılmırlar.
İki il bundan əvvəl təxribatçı diplomat “Ermənistanın sərhədinin dəyişdirilməsinin mümkünsüzlüyü” kimi hədyana baş vurmuş və bu zaman İİR-in Ali rəhbəri Əli Xameneidən sitat da gətirmişdi: “Ermənistanla bağlı siyasətimiz olduqca prinsipialdır. İranda hakimiyyətə gələn hökumətlər həmin siyasət çərçivəsində hərəkət edirlər. İranın Ermənistana qarşı prinsipial siyasəti İran inqilabının lideri tərəfindən dilə gətirilib. Bunu Ali liderimiz baş nazir Nikol Paşinyanla Tehran görüşündə də vurğulayıb. Biz Ermənistanın ərazi bütövlüyünə hörmət edirik və onu dəstəkləyirik. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, eləcə də istənilən geosiyasi dəyişikliyin əleyhinəyik”.
M.Sübhani erməni jurnalistin “Azərbaycanın Ermənistana mümkün müdaxiləsi halında İranın reaksiyası necə olacaq?” təxribatçı sualına elə eyni üslubda və tonda cavab vermişdi. O, aşkar şəkildə ölkəsinin Azərbaycana qarşı Ermənistana hərbi dəstək verməyə və bu yöndə əməkdaşlığa hazır olduğunu vurğulamışdı.
Yəqin rəsmi Tehran tarixin arxivinə göndərdiyimiz keçmiş Qarabağ problemi ilə bağlı mövqeyi ilə heç də üst-üstə düşməyən açıqlamalar verən Ermənistandakı səfiri Mehdi Sübhaniyə yerini və həddini göstərməyin vaxtının çatdığının fərqindədir.
İ.HƏSƏNQALA
XQ