Folklor, folklorşünaslıq və dövlətçilik

post-img

I MƏQALƏ

Azərbaycanşünaslıq və folklorşünaslıq

AMEA-nın yeniləşmə kursunun 7 prioritet istiqamətlərindən birincisini Azərbaycanın ali elmi təşkilatının prezidenti, akademik İsa Həbibbəyli aşağıdakı kimi müəyyən etmişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində ifadə olunmuş azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ölkə elminin, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nı ölkəmizin əsas Azərbaycanşünaslıq mərkəzinə çevirmək bizim əsas vəzifəmizdir”.

Bəs elmi praktiki fəaliyyətdə AMEA-nı Azərbaycanşünaslığın mərkəzinə necə çevirmək olar? Əlbəttə, bu məsələ çoxlu sayda fəaliyyət aspektlərinin qarşılıqlı əlaqəsinin təminini tələb edir. Lakin aydındır ki, Azərbaycanşünaslıq elmi gerçəklik kimi cəmiyyətin bütün sferalarına aid olan tədqiqatları Azərbaycan naminə özündə ehtiva etməlidir. Bu o dərəcədə aydındır ki, belə olmasa hansı “Azərbaycan” və “şünaslıq”dan danışa bilərik? Folklor və folklorşünaslıq bu sualın işığında çox parlaq görünür.

Birincisi, folklor özlüyündə xalqın yaradıcılığıdır.

İkincisi, həmin keyfiyyətdə folklor haqqında nəzəri təsəvvürlər sistemi olan (çox ümumi götürürük) folklorşünaslıq folklorun sosial mem (və ya kod) kimi özünütəsdiqinin “semantik sahəsidir”. Dövlət-folklor münasibətləri kontekstində məsələnin şüur hadisəsi kimi əyaniləşməsi maraqlıdır.

Artefaktdan intellekt faktına

Folklor elementinin real şüur təcrübəsi olmasının yolu artefaktın intellekt faktına çevrilməsindən keçir. Məhz intellekt faktı kimi folklor elementi sosial mem (və ya kod) funksiyasını yerinə yetirir. Deməli, təhtəlşüurdan obrazın (artefaktın) şüur faktına çevrilməsi özündə sırf idraki məqamla yanaşı, sosial mühitdə mənalanmasını da ehtiva edir. Lakin folklorun bu mərhələdə mənalandırılması sübutluluq kriteriyası ilə deyil, inanma və inandırma kriteriyası mexanizmi ilə reallaşır. Buna görədir ki, folklor özlüyündə sübutu deyil, inancı ehtiva edir.

Məsələn, Novruza Azərbaycan xalqının inamı vardır. Kimsə qapı ağzını pusmağın və ya papaq atmanın məntiqi sübutunu birbaşa folklorda görmür. Əgər hansısa məntiqi sübut elementi varsa, o atıq folklor deyil, folklorşünaslıqdır.

Folklor və doksa

Fəlsəfədə inama və inandırmağa əsaslanan mənəvi, şüuri, sosial-mədəni fəaliyyətə “doksa” deyirlər. “Doksa” yunancadan tərcümədə “rəy”, “baxış” anlamını verir və bütövlükdə kollektivdə ümumi rəyi ifadə edir. Ondan sofistlər, Platon, Aristotel və başqaları istifadə etmişlər. Doksadan inandırma etikası yaranır. Burada inandırma sübuta deyil, əksəriyyətin ümumi rəyinə əsaslanır.

Deməli, folklor özlüyündə əksəriyyətin hansısa məsələ ilə bağlı ümumi baxışı üzərində qurulur. Lakin o, həm də etnosun həyat təcrübəsinin, şüuri ilə praktiki fəaliyyətin vəhdətidir. Bu keyfiyyətdə folklorun cəmiyyətdə yeri və rolunun başlıca olaraq folklorşünaslıq vasitəsi ilə dərki ön plana çıxır. Akademik İsa Həbibbəylinin tezisinin elmi anlamı bu məqamla bağlıdır.

Folklor və epistema

Deməli, folklor xarakterli psixoloji artefaktın intellekt faktına çevrilməsi prosesinin “digər qanadı” epistemik sübutluluqla bağlıdır. Bu isə artıq folklorşünaslığın meydanıdır. Bəs folklorun epistemik funksiya yerinə yetirməsinə zərurəti fəlsəfi necə izah etmək olar? Bu zərurət folklorun mahiyyətindən və yerinə yetirməli olduğu funksiyanın kollektiv mövcudluq üçün təbii olmasından qaynaqlanır.

Çünki folklorun özü ilə yanaşı, onun elmi dərki olmasa, cəmiyyətdəki funksiyası “ölü” olardı. Folklor doksa olaraq epistemik sübutlluluqla ictimai şüurun elementinə çevrilir və bu keyfiyyətdə birbaşa sosial-mədəni praktikada “kodlaşır”. Bununla folklor bütün cəmiyyətin həyatının sferalarında sosial-mədəni mem kimi funksiya yerinə yetirmək mexanizmi əldə edir.

Belə alınır ki. cəmiyyətdə folklorun necə dərk edilməsi faktiki olaraq onun kollektiv reallıq və onun mühüm tərkib hissəsi olan dövlətçilikdə yeri və rolunu müəyyən edir. Bu keyfiyyətdə folklor dövlət üçün (daha doğrusu, idarə edənlər üçün) xalqın təbii mənəvi-əxlaqi, sosial-psixoloji və mədəni “sifarişi”dir. Dövlət həmin kontekstdə folklora dövrün tələbinə uyğun reaksiya verməsə, perpsketivli və dayanıqlı tərəqqidən söhbət gedə bilməz. Bu mənada folklor dövlət quruculuğunun hər sferasında və hər anında mövcuddur.

Yuxarıdakı qısa izahlardan aydın olur ki, folklorun sosial-mədəni və şüur hadisəsi kimi kollektiv reallıq mühitində nəticəverici funksiyanı yerinə yetirə bilməsi üçün epistemik fəaliyyətin institutlaşması arxivacibdir. Yəni dövlətdə elə bir sosial-mədəni institut olmalıdır ki, daim folklorun folklorşünaslıq vasitəsi ilə cəmiyyətin bütün sferalarına müsbət anlamda proyeksiyasına əsas yaratsın. Həmin funksiyanı dövlətdə elmi müəssisə yerinə yetirə bilər. Azərbaycan üçün bu, AMEA-nın bir də bu prizmada əhəmiyyətini və aktuallığını göstərir.

AMEA-da məruzə

Bütün bunların fonunda iyulun 7-də AMEA Rəyasət Heyətinin “Elm və təhsil” şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsi böyük maraq doğurur. Məruzədə irəli sürülən əsas tezisləri qısa olaraq belə ifadə etmək olar:

1. Dövlət və folklor iki sosial-mədəni təsisat olaraq bir-biri ilə qarşılıqlı münasibətdə olurlar. Bu münasibətlər tarixi dövrün özəllikləri fonunda fərqli məzmun ala bilər.

2. İndiki postmodern mərhələdə folklor və dövlət münasibətlərinin diskursiv spesifikası elmi-nəzəri müəyyənləşdirilməlidir;

3. Hazırkı mərhələdə dövlət-folklor münasibətləri istiqamətində “araşdırmaların aparılmasının elmi olmaqla yanaşı, müasir qloballaşma şəraitində milli dövlətçilik maraqlarının qorunması, milli ideoloji təhlükəsizliyin təmin edilməsi baxımından olduqca mühüm tətbiqi əhəmiyyəti də vardır”.

Aydındır ki, məruzənin əsas elmi hədəfinə “folklorşünaslıq azərbaycanşünaslığın hansı anlamlarda atributlarından biri ola bilər?” sualı kontekstində baxmaq yuxarıdakı ümumnəzəri mülahizələr fonunda aktual görünür.

Maraqlı və əhəmiyyətli tezis

Müzakirələri yekunlaşdıran zaman akademik İsa Həbibbəyli fəlsəfi baxımdan maraqlı və əhəmiyyətli olan bir tezis irəli sürdü – “məruzənin mövzusu kontekstində dövlətçilikdə folklordan çox folklorşünaslığın rolu ön sıraya çıxır”. Bütövlükdə isə, AMEA prezidentinin fikrinə görə, “folklor milli dövlətçilik təfəkkürünün formalaşmasında, gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və bu mənada folklorşünas alimlərin üzərinə böyük məsuliyyət düşür”.

Əlbəttə, özlüyündə audentik folklorun (real olaraq necə varsa, həmin məzmunda) bütövlükdə cəmiyyətin mövcudluğu, mənəvi-əxlaqi, mədəni təhlükəsizliyi, təkamülü baxımından vacibliyini kimsə inkar edə bilməz. Hər bir etnosun mövcudluq tarixi bunun sübutudur. Məruzədə folklorun, ümumiyyətlə. dövlətçilik və ayrıca Azərbaycan dövlətçiliyi kontekstində qoyulması artıq mühüm bir problemə kreativ yanaşma nümunəsidir. Onun başqa aspektlərini bir kənara qoyaraq (çünki çox geniş mövzudur) biz iki cəhət üzərində dayanaq.

Birincisi, “müasir Azərbaycan folklorşünaslığının müstəqil dövlət quruculuğu prosesində yeri və rolu nədən ibarətdir?” sualına cavab axtaraq.

İkincisi, “AMEA-nın yeniləşməsi kursunun ruhu, mahiyyəti və reallaşma mexanizmləri kontekstində folklorşünaslıqla azərbaycanşünaslığın münasibətləri necə olmalıdır?” sualına cavab axtaraq.

İlk baxışdan xalq yaradıcılığının həm cəmiyyətin formalaşması, həm də onun idarəolunmasında vacib rol oynaması aksiom kimi qəbul edilir. Çünki söhbət kollektiv birgəyaşam üsulundan gedirsə, hər şeydən öncə bu prosesin daşıycısının fəaliyyəti əhəmiyyətlidir. O cümlədən, dövlətin yaranması və funksiyasında onu yaradan xalqın yaradıcılığı necə nəzərə alınmaya bilər? Xüsusi olaraq, Azərbaycanda dövlət xalq suverenliyinin birbaşa təmini əsasında qurulur. Bu kimi özəlliklərə AMEA prezidentinin yuxarıda vurğuladığımız tezisi və məruzənin əsas məqamları fonunda fəlsəfi-nəzəri prizmada qısa nəzər salmaq faydalı ola bilər.

Məsələnin fəlsəfi tərəfi haqqında

Folklor-dövlət münasibətlərinin postmodern mərhələdə özəlliyi haqqında məruzədə irəli sürülən fikirlərdən aydın olur ki, yanaşma müxtəlifliyinin hökm sürdüyü və faktiki olaraq bütün modern meyarların arxa plana atıldığı bir dönəmdə folklorun dövlətçilik kontekstində aktuallığı daha da çoxalır. Özündə kollektiv tarixi yaddaşı “daşıyan” folklor cəmiyyətin bütövlüyünün saxlanmasının və toplumsal dəyərlərin transformasiyasının vasitələrindən biri kimi ənənə ilə müasirliyin “barış sahəsi” funksiyasını dövlətçilik xayrinə yerinə yetirməlidir. Bu keyfiyyətdə folklorşünaslıq Azərbaycanşünaslığın atributlarından biri ola bilər.

Azərbaycanşünaslığın altsistemlərindən biri kimi folklorşünaslıq cəmiyyətin özünə empatiyasının təşkiledicisi rolunu oynamalıdır. Söhbət toplumun hansısa fəaliyyət çərçivəsinə salınmasından getmir. Məsələ onunla bağlıdır ki, postmodern mərhələdə cəmiyyətin bütövlüyünün təmini arxiəhəmiyyətli problem halına gəlir. Müxtəlif istiqamətlərdən o qədər fərqli təsirlər olur ki, onların qarşılıqlı təsiri sahəsində xalq özünü “itirə” bilər.

Məsələn, indi folklorun internet növündən danışırlar, rəqəmsal folklordan bəhs edirlər. İstənilən kəs kompüter arxasında oturmaqla müasir şəhər folklorunu yaradanlardan biri kimi çıxış edə bilər. Dünyanın istənilən ölkəsində folklorun məzmunu, vəzifələri və dəyişmə dinamikası ilə tanış ola bilər. Başqa variantlar da mövcuddur.

Belə şərtlər daxilində istənilən cəmiyyətin dövlətçilik kontekstində bütövlüyünü və milli maraqlarını saxlaması vacib məsələ kimi qəbul edilir. Buradan avtomatik olaraq belə bir qənaət alınır: Azərbaycan üçün folklorşünaslığın müasir dövlətçilik tələbləri əsasında Azərbaycanşünaslığın konseptual səviyyədə altsisteminə çevrilməsi olduqca vacib məsələdir. Folklorşünaslığın bu keyfiyyətdə funksiyalaşdırılmasının yeni səviyyəyə yüksəldilməsi zərurəti dərk edilməlidir. Eyni zamanda, onun Azərbaycanşünaslığın mühüm tərkib hissəsi kimi inkişafı təmin edilməlidir. Bu prosesin ümumelmi mexanizmini necə müəyyən etmək olar?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sosial həyat