Dünyadakı iqtisadi və coğrafi mövqeyinə görə yüksək diplomatik nüfuza malik Azərbaycan bir çox beynəlxalq platformaların fəal iştirakçısıdır. Son illər ölkəmizin xeyli sayda qlobal səviyyəli tədbirlərə evsahibliyi etməsi bunun bariz nümünəsidir. Əvvəllər bu qəbildən olan yüksək tədbirlər paytaxt kimi ancaq Bakıda keçirilirdisə, indi ərazi bütövlüyümüzün bərpasından sonra işğaldan azad olunmuş şəhərlərimiz də mötəbər tədbirlərin ünvanına çevrilib. İqtisadi ƏməkdaşlıqTəşkilatı kimi nüfuzlu bir qurumun sammitinin Azərbaycanda keçirilməsi nə qədər önəmlidirsə, bu tədbirin məkanı kimi Xankəndinin seçilməsi ikiqat qürurvericidir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xankəndidə keçirilən 17-ci Zirvə görüşü təkcə İslam həmrəyliyi baxımından deyil, eyni zamanda əlaqələrin inkişafı və dünyada baş verən proseslərin müzakirəsi üçün son dərəcə əhəmiyyətli hadisəyə çevrildi. 13 ölkə liderinin qatldığı tədbirdə olduqca ciddi məsələlər müzakirə mövzusu oldu. Eyni zamanda Xankəndi sammiti iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də tərəfdaşlığın genişləndirilməsi üçün mühüm məqamlarla yadda qaldı.
Yüksək səviyyədə təşkil olunan İƏT-in Xankəndidəki Zirvə görüşü şübhəsiz ki, dost ölkələr arasında münasibətlərin daha da gücləndirilməsi və qlobal hədəflərə nail olmaq məqsədi daşıyırdı. Ölkəmiz uzun illərdir ki, bu mötəbər qurumda fəal iştirak etməklə regional iqtisadi inteqrasiyanı sürətləndirir, təşkilata üzv ölkələrlə əməkdaşlıq əlaqələrini genişdirmək istiqamətində fəal işlər görür.
İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşü də mühüm məqamlarla yadda qaldı.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə Prezident İlham Əliyev tədbirin məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin əhəmiyyətinə toxunaraq bildirdi ki, Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. Ölkəmizin başçısı Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşündən danışaraq vurğuladı ki, bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
Bu da təsadüfi deyil. Çünki Ermənistan tarixi ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, dədə-baba yurdlarımızda etnik təmizləmə həyata keçirmiş, bunun nəticəsi kimi bir milyondan artıq soydaşımızı ocağından didərgin salmışdır.
Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacağını dəfələrlə Ermənistana və işğalçı ölkəni himayə edənlərə bildirsə də, onlar bu işğalı əbədiləşdirmək istəyirdilər.
Bu da münaqişəni qaçılmaz etdi və 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək suveren hüquqlarını təmin etdi və bunun ardınca işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Prezident çıxışında iştirakçıların bir daha diqqətinə çatdırdı ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir.
Ermənistan xalqımıza qarşı çoxsaylı müharibə cinayətləri, kütləvi qırğın və soyqırımı aktları ilə yanaşı müqəddəs yerlərimizi də dağıtmaqdan, təhqir etməkdən belə çəkinməmişdir. Dövlətimizin başçısı haqlı olaraq söylədi ki, Ermənistan məscidlərimizdən donuz və inək tövləsi kimi istifadə edib. Bu, təkcə xalqımıza deyil, bütövlükdı İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Amma Azərbaycan dövləti düşmənin xarabalığa çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa etməklə “Böyük Qayıdış” proqramı icra edir. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox vətəndaşımız məskunlaşıb, təhlükəsiz bir həyat yaşayırlar.
Bundan başqa, dövlətimizin başçısı Zirvə görüşünün əhəmiyyətindın danışaraq diqqətə çatdırdı ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edir və ECO-ya üzv ölkələrlə əlaqələri uğurla inkişaf etdirir.
Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirildiyini söyləyən Prezident İlham Əliyev bəyan etdi ki, bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir və konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi, karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.
İƏT sammiti bir daha onu təsdiq etdi ki, regionun lider ölkəsi kimi Azərbaycan iştirak etdiyi bütün platformalarda etibarlı və güclü tərəfdaşdır. Xankəndi sammiti də sıradan bir forum kimi yadda qalmadı. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü əməkdaşlıq, həmrəylik körpüsü kimi tarixə həkk olundu!
Xumar Məmmədova, Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti