Mehriban Vəliyeva: “Azərbaycan Kahramanmaraşda yeni məhəllə salmaqla Türkiyə ilə münasibətlərdə daha bir möhkəm bünövrənin əsasını qoydu”

post-img

“2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zələzlə tarixinin ən fəlakətli hadisələrindən biri idi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 ballıq zəlzələ Türkiyənin 11 vilayətini silkələdi. Zəlzələlər 53 mindən çox insanın həyatına son qoydu, 107 mindən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanlar Hatayda 400 metr uzunluğunda nəhəng çat meydana gəldi. Bu ağır gündə Türkiyənin köməyinə çatan ilk ölkədə yenə də Azərbaycan oldu. Bir millət iki dövlət olaraq biz şad günlərdə olduğu kimi, faciəli məqamlarda da bir yerdə olur, kədərlərimizi paylaşırıq. İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı iki türk dövlətinin qardaşlığının ən yüksək göstəricisi idi. Dəhşətli zəlzələdən sonra dağılmış ərazidə Azərbaycanın yardımı ilə yenidən inşa olunan məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin sarsılmazlığına, əbədiliyinə şahidlik etdi”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, çıxışlarda verilən mesajlar Azərbaycan-Türkiyə qardaşlığının hər bir məsələdə olan birliyinin açıq təcəssümü kimi xarakterizə olunmalıdır: “Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının Kahramanmaraş və Türkiyənin digər bölgələrində 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı yaşanan faciəni öz faciəsi kimi qəbul etdiyini diqqətə çatdırıb. Doğrudan da, həmin vaxt dövlət səviyyəsində edilən yardımlarla yanaşı, fərdi təşəbbüslərlə edilən köməkliklər, atılan addımlar qürurverici idi. Sıravi insanlarımız, ucqar rayon və kəndlərdə yaşayan vətəndaşlarımız belə imkanları çatan qədər qardaş Türkiyə xalqına köməklik edirdilər, yardım toplayırdılar. Azərbaycan xalqı və dövləti də hər zaman olduğu kimi bu dəfə də öz qardaşlarının, bacılarının yanında olub. Qısa zamanda bütün  zəlzələ bölgələrində geniş-bərpa quruculuq işləri həyata keçirildi.  Kahramanmaraşda salınan məhəllə Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti abidəsidir. Münaqişəılərin, müharibələrin tüğyan etdiyi məqamda Türk birliyi ifadəsi kimi bu hadisə bütün dünyaya yaxşı bir mesaj oldu. Biz sülhün, əmin-amanlığın, sosial rifahın tərəfdarəyəq ”.

Millət vəkili bildirdi ki, Azərbaycan dövləti və xalqı həmin ərəfədə səfərbər olmuşdu, yardım məntəqələrinin önündə növbələr yaranmışdı: “Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarıldı. Ölkəmizdən göndərilmiş nümayəndə heyəti tərəfindən qurulan iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərib. Bu bizim qardaşlıq borcumuz, görəvimiz idi. Çünki Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə qardaş Türkiyə hər zaman yanımızda olub. II Qarabağ müharibəsinin ilk dəqiqələrindən cənab Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyini xalqımız heç vaxt yaddan çıxartmır. Ölkəmizin başçısı qeyd etdi ki, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan savaşın ilk günündən bizimlə çiyin-çiyinə, bir yerdə oldu.  Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Siyasi və diplomatik dəstəklə yanaşı, humanitar yardımları ilə də xalqımızın, dövlətimizin yanında olan qardaşlarımız eyni münasibəti bizdən də görmüş oldular.  

“Azərbaycan” məhəlləsində 90-dan çox bina inşa edilib. 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq. O mənzillərdə yaşayan ailələr, o alilələrdə böyüyən uşaqlarda Azərbaycan sevgisi əbədi olacaq. Bu məhəllənin inşa edilərək qardaşlarımıza hədiyyə edilməsi gələcəyə qoyulmuş xoşniyyətli investisiyadır, gələcək münasibətlərimizin bünövrəsinin möhkəmliyinin təmin edilməsi üçün atılmış addımdır.  

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyidir.  Ətrafımızda siyasi gərginliklərin, iqtisadi böhranların dərinləşdiyi, hərbi qarşıdurmaların şiddətləndiyi bir dönəmdə Azərbaycan və Türkiyənin bir-birinə səmimi dəstəyi, birgə layihələr həyata keçirməsi, regionda barışdırıcı mövqe tutması, sülhü təbliğ etməsi ölkələrimizin liderlərinin peşəkarlığından, uzaqgörənliyindən xəbər verir. Bu həm də xalqlarımızın xarakter göstəricisidir”.

Siyasət