Milli Məclisin iclası keçirilib

post-img

İyunun 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Çıxış edən spiker diqqətə çatdırıb ki,  iyunun 17-də və 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bir sıra tədbirləri keçirilib. Ötən yarım il ərzində bu beynəlxalq təşkilata Azərbaycan parlamenti sədrlik edib.

İyunun 17-də Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi. Təşkilatın ötən dövr ərzində fəaliyyəti və digər məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.

Spiker bildirib ki, iyunun 18-də Milli Məclisin sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası keçirildi. Tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak etdi.

Toplantıda “Qara dəniz iqtisadi əməkdaşlıq regionunda intellektual və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsi ilə əlaqələrin möhkəmləndirilməsi və çevikliyin artırılması” mövzusu ətrafında müzakirələr aparıldı. Spiker həmin tədbirdəki çıxışından danışaraq deyib ki, o, öz çıxışında Azərbaycanın təşəbbüsü ilə transmilli enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat infrastrukturunun inkişafı sahəsində görülmüş işlərin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı ilə bağlı layihələr Xəzərin yaşıl enerji ehtiyatlarının Avropaya ixracına imkan yaradacaq, ölkələrimizin yaşıl inkişaf gündəliyinə töhfə verəcək.

Spiker həmin çıxışında müasir dövrün problemləri ilə əlaqədar təşkilatın daha da gücləndirilməsi, onun qarşısında dayanan hədəflərin əldə edilməsi yolları barədə baxışlarını bölüşdüyünü deyib.

O, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar haqqında danışarkən onu da vurğulayıb ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabər hüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.

Eyni zamanda, o, xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarını azad edən, ərazi bütövlüyünü özü öz gücü ilə bərpa edən yeganə dövlətdir.

Milli Məclisin sədri bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına növbəti müddət üçün sədrlik Bolqarıstan Respublikasının Milli Assambleyasına təhvil verildi.

Sessiya çərçivəsində ikitərəfli görüşlər də keçirilib. Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova  və həmin günlərdə Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi ilə görüşlərdə regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, parlament dostluq qruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyəti  və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki,  bildiyiniz kimi, tədbirin iştirakçısı olan xarici ölkə parlamentlərinin təmsilçiləri Füzuli rayonunu, Şuşa və Xankəndi şəhərlərini ziyarət etdilər. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə törədilmiş dağıntılar, eləcə də azad edilmiş torpaqlarımızda həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri ilə tanışlıq ölkəmiz barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.

Çıxışına yekun vuran spiker Sahibə Qafarova deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bütün tədbirləri uğurla keçdi. Bununla əlaqədar o, tədbirlərin təşkilində əməyi olan Milli Məclisin deputatlarına, Aparatın və İşlər İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirib.

Sonra parlamentin sədri Sahibə Qafarova bugünkü iclasda 16 məsələnin müzakirə ediləcəyini, gündəliyin ilk 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. O, məsələyə ikinci oxunuşda baxıldıqdan sonra komitəyə hər hansı təklif və qeydin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin iflas prosesində olması barədə məlumatların reyestrinin aparılması təklif olunur. Digər dəyişikliyə görə vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, o bu dəyişikliklər baş verdiyi gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 15 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məsələ ilə bağlı bu komitənin müsbət rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov  Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş) qanun layihəsindən bəhs edib. Millət vəkili əvvəlki oxunuşlarda məsələ barədə geniş məlumat verildiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutan maddələrin ləğv edilməsi təklif olunur. Habelə mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət münasibət bildirdiyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov  “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Millət vəkili məsələyə ikinci oxunuşda baxıldıqdan sonra, deputatlar tərəfindən hər hansı təklif daxil olmadığından layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanuna təklif olunan dəyişikliklərdə ölkə ərazisində tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi nəzərdə tutulur.

 Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Komitə sədri sənədlə bağlı heç bir əlavə təklifin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən  pambığın alqı-satqısı üçün nəzərdə tutulan "pambıq qəbulu sənədi"nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Millət vəkili birinci və ikinci oxunuşlar zamanı məsələ ilə bağlı ətraflı məlumat verildiyini, əlavə təklifin olmadığını deyib və sənədin dəstəklənməsini xahiş edib.

Qanuna edilən dəyişikliklərdə bütün səhmləri dövlətə məxsus müəssisələrin səhmlərinin (növbəti səhmlərinin) buraxılışı və yerləşdirilməsi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin bir oxunuşda qəbul ediləcək qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu məsələ barədə məlumat verib. O, Şimali Makedoniyanın Azərbaycanla  qarşılıqlı əlaqələrin möhkəmlənməsinə önəm verdiyini, beynəlxalq platformalarda ölkəmizi dəstəklədiyini və ardıcıl şəkildə həmrəylik nümayiş etdirdiyini söyləyib. COP29 konfransında da Şimali Makedoniyanın ən yüksək - Prezident səviyyəsində təmsil olunduğunu qeyd edib.

Komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsi Şimali Makedoniya ilə münasibətlərin möhkəmlənməsi ilə yanaşı, həm də Avropa ilə əlaqələrin dərinləşməsi istiqamətində növbəti əhəmiyyətli bir addımdır.

Qeyd olunmalıdır ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il martın 12-də Bakı şəhərində imzalanıb. Saziş dövlətlər arasında dostluq münasibətlərinin inkişafını təşviq etmək üçün hər iki dövlətin etibarlı diplomatik və xidməti/rəsmi pasport sahibləri olan vətəndaşlarının giriş, çıxış və hərəkətini asanlaşdırmaq məqsədinə xidmət edir. 12 maddədən ibarət Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti/rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Aydın Mirzəzadə və Mehriban Vəliyeva öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı nəzərə çatdırıb.

Millət vəkili bildirib ki, layihə "Elektroenergetika haqqında" Qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddətinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, mövcud variantda 13.2-ci maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minməlidir, təklif olunur ki, bu müddət dəyişdirilsin və həmin maddənin qüvvəyə minmə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunsun.

Deputat Qüdrət Həsənquliyev məsələ barədə öz fikirlərini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. Spiker növbəti məsələnin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş) olduğunu bildirib. O, bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlinin, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun iclasda iştirak etdiklərini söyləyib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, Konstitusiya Qanunu layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.

Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən,  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Layihəyə əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə ölkə Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Diqqətə çatdırılıb ki, sənəddə nəzərdə tutulan dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır. Digər dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək. Layihədə, habelə Azərbaycan Prezidentinin və ya  Milli Məclisin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Ali Məclisin deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək. Habelə Ali Məclisin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.

Qeyd edilib ki, digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi ilə bağlıdır. Həmçinin,  layihəyə əsasən, Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Sənədə əsasən, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının qərar deyil, sərəncam adlandırılması təklif olunur. Habelə Muxtar Respublikanın Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək. Layihədə, həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.

Məsələ ilə bağlı müzakirələrdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, komissiya sədri Eldar İbrahimov, deputatlar Hikmət Məmmədov, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Bəxtiyar Əliyev, Vüqar Rəhimzadə, Aydın Mirzəzadə, Səttar Möhbalıyev çıxış edərək, öz fikir və qeydlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar olaraq, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa müvafiq dəyişikliyin edilməsi təklif olunur. Burada məqsəd Naxçıvan Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Millət vəkili bildirib ki, layihə prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, prokurorluq işçilərinin qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır və bu yaş həddinin son yaş həddi olması təklif edilir. Bu düzəlişin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq, prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Fəzail İbrahimli öz fikirlərini və suallarını səsləndiriblər. Deputat Əminə Ağazadə qaldırılan məsələlərə münasibət bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin 11-ci məsələsi olan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə hazırlanıb.

Bu məqsədlə "Polis haqqında" Qanunun 39-cu maddəsinə edilən əlavəyə əsasən, polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ olan "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatlarının təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinin  zəruri olduğunu göstərdi. Bundan irəli gələrək layihədə “Müdafiə haqqında” Qanunun 17-ci maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulur. Burada ilk növbədə “Ərazi müdafiəsi” anlayışı təsbit olunur. Bundan başqa yeni redaksiyada ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin təqdim edilən qanun layihəsinə əsasən, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq edilir.

Arzu Nağıyev diqqətə çatdırıb ki, qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi komitədə müzakirə edilmiş və Milli Məclisin iclasına tövsiyə edilmişdir.

Sənədin müzakirəsində komitə sədri Zahid Oruc və deputat Bəhruz Məhərrəmov çıxış ediblər, dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 13-cü məsələsini - Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

O bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan layihədə bir çox qanunlarda və məcəllələrdə dəyişikliklər nəzərdə tutulub.

VI çağırış Milli Məclisin fəaliyyəti dövründə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanun qəbul edildiyini deyən komitə sədri bu qanunla süni torpaq sahələrinə xüsusi status verildiyini, bu sahədə həm hüquqi bazanın gücləndirildiyini, həm də hüquqi boşluqların aradan qaldırıldığını bildirib. Qanunun qəbulundan sonra yaradılan süni torpaq sahələrində və ona bitişik sahilboyu zolaqda, yeni infrastruktur layihələrinin icra olunduğu deyən komitə sədri süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunun qəbulunun bütövlükdə ölkəmiz üçün pozitiv nəticələrini və iqtisadi səmərəliliyini vurğulayıb.

Əli Hüseynli diqqətə çatdırıb ki, təqdim olunmuş qanun layihəsində  “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna yeni 3-1-ci fəslin (“Süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti” adlı) əlavə olunması təklif edilib. Bu qanunun məqsədi konseptual baxımdan başlıca olaraq süni torpaq sahələrində sahibkarlığın və investisiya fəaliyyətinin həyata keçirilməsinin təşviq olunmasıdır.

Layihənin 8-1-ci maddəsi süni torpaq sahələrində bütövlükdə sahibkarlığın inkişafına şərait yaradılmasını ehtiva edir, 8-2-ci maddəsində isə kazino oyunlarının yalnız süni torpaq sahələrində, qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşkil edilməsinə icazə verilir. Komitə sədri vurğulayıb ki, qanun layihəsi  mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir. Bu qeyd olunan məsələlərin tənzimlənməsi məqsədilə layihədə digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər təklif edilir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə çıxış edib. O  bildirib ki, təqdim edilən layihəyə görə, süni torpaq sahələrində qanunla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. Qeyd olunub ki, süni torpaq sahəsi dedikdə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan torpaq sahəsi başa düşülür. Bu sahədə isə ən perspektivli fəaliyyət istiqaməti məhz premium və elit turizmin inkişaf etdirilməsi ilə bağlıdır. Ölkəmizdə premium seqmentli turizmin inkişafı və müvafiq infrastrukturun qurulması üzrə təşəbbüslər və perspektivlər var. Turizmin bu seqmenti yüksək keyfiyyət standartları, müasir infrastruktur, komfort istirahət şəraiti ilə yanaşı, əyləncə xarakterli tamamlayıcı elementlərin olmasını da tələb edir. Təqdim edilən layihə süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinə hərtərəfli şərait yaratmaqla yanaşı, premium turizmin bir komponenti olaraq “oyun turizmi”nin təşkili üçün də hüquqi əsaslar yaradır. Belə bir hüquqi bazanın yaradılması təşəbbüsü heç də ölkə ərazisində “oyun biznesi”nin təşviqi və ya təbliği anlamına gəlmir. Komitə sədri vurğulayıb ki, layihədə  9 normativ-hüquqi akta edilən dəyişikliklərin heç biri bu cür oyunların keçirilməsini təşviq etmir. Əksinə, xüsusi reqlamentləşmə və məhdudiyyətlərin tətbiqi gözlənilir. Bir çox ölkələrdə “oyun biznesi” üçün liberal iqtisadi və hüquqi rejim formalaşdırıldığı halda, layihəyə görə ölkəmizdə bu sahə üzrə ciddi nəzarət və tənzimləmə nəzərdə tutulur. Eyni zamanda 21 yaşadək şəxslərin uduşlu oyunlara buraxılmasına yol verilmir. Bütün bunlar onu göstərir ki, layihədə bu məsələyə liberal deyil, mühafizəkar yanaşma var. Belə bir mövqe həm də həssas vətəndaş kateqoriyalarını qorumaq niyyətindən irəli gəlir.

İkincisi, layihəyə əsasən bu cür oyunlar xüsusi və məhdud bir ərazidə - yalnız və yalnız süni yaradılmış torpaq sahələrində təşkil edilə bilər. Bu artıq coğrafi məhdudiyyətin tətbiq edilməsi deməkdir.

Üçüncüsü, ölkəmizin quru ərazisində, başqa sözlə, materik hissəsində  “oyun biznesi”nin təşkili və keçirilməsi qadağan edilib. “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 27 yanvar 1998-ci il tarixli Prezident sərəncamı bu gün də qüvvədədir. Həmin sərəncam ölkə ərazisində pul uduşlu oyunların keçirilməsinə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı tapşırıqlardan ibarətdir. Buna görə də, layihə heç də qeyri-qanuni fəaliyyət göstərən ənənəvi və ya virtual kazinoların leqallaşdırılmasını nəzərdə tutmur. Hər bir halda bu leqallaşma deyil. Əksinə, təqdim edilmiş layihənin qəbul edilməsi qeyri-qanuni pullu oyunların  təşkilinə qarşı mübarizəni  həm aktuallaşdıracaq, həm də sərtləşdirəcəkdir.

Dördüncüsü, pul uduşlu oyunların keçirildiyi əyləncə yerləri sərt lisenziyalaşma əsasında fəaliyyət göstərəcəklər. Bu “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişikliklərdə əksini tapır.  Lisenziyaların alınmasına görə yüksək məbləğdə dövlət rüsumunun müəyyən edilməsi də bu sahədə məhdudiyyətin bir göstəricisidir. Belə ki, rüsumun təklif edilən məbləği hər il təkrar ödənilmək şərti ilə 340 min manat təşkil edir. Bu məqsədlə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər təklif olunur. İcazə və lisenziya tələb olunan fəaliyyət sahələrindən heç biri bu məbləğdə dövlət rüsumuna cəlb edilmir.

Komitə sədri bildirib ki, reallıqda əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir.

Bununla belə, müzakirə etdiyimiz layihə qətiyyən ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. Əgər belə təsəvvürlər varsa, tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən dolayı təsirləri olsa da, o Azərbaycanda nə sahibkarlıq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa, Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən, fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkarlardır.

Bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır. Lakin təqdim edilən layihənin müddəalarına əsasən, “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adıçəkilən qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Azər Əmiraslanov deyib ki, biz layihənin yalnız əyləncə turizmi ilə bağlı aspektlərinə fokuslanmamalıyıq. Bu gün yaradılan hüquqi əsaslarla, gələcəkdə süni torpaq sahələri təkcə elit turizmin deyil, həm də azad sahibkarlığın sərbəst iqtisadi məkanına çevrilə bilər. 

Komitə sədri bildirib ki, İqtisadi siyasət komitəsi olaraq qanunvericiliklə bu sahədə dövlətin ciddi tənzimləyici və nəzarətedici rolunun müəyyən edildiyini nəzərə alaraq, layihənin 1-ci oxunuşda dəstəklənməsini məqsədəuyğun hesab edirik.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. Spiker növbəti 2 məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanun layihəsi (ikinci oxunuş) barədə məlumatı təqdim edib.

Komitə sədri birinci oxunuşda məsələ barədə ətraflı məlumat verildiyini nəzərə çatdıraraq xatırladıb ki, bu qanun layihəsi qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qeyd edilib ki, layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərərin vurulmaması, enerji sektorundan səmərəli istifadə edilməsi şərtlərini rəhbər tutaraq, qaz təchizatı subyektləri və istehlakçılar arasında yaranan münasibətləri tənzimləyir, istehlakçıların fasiləsiz, təhlükəsiz, etibarlı və keyfiyyətli qaz ilə təchiz edilməsi məsələlərini özündə ehtiva edir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, layihə "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb və "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 61-ci maddəsinin yeni redaksiyada verilməsini nəzərdə tutur. Belə ki, "Qaz təchizatı haqqında" qanun layihəsinin 6.1.4-cü maddəsinə əsasən "qazın saxlanması" fəaliyyəti icazə əsasında həyata keçirilən fəaliyyət növü kimi təsbit edilir. Bunu nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında" Qanuna uyğunlaşdırma xarakterli düzəliş təklif olunur.

Müzakirələr zamanı deputatlar Əli Məsimli, Vüqar Bayramov, Razi Nurullayev çıxış edərək, öz fikir və qeydlərini diqqətə çatdırıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

O, bildirib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Qeyd olunub ki, sənəddə sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.





Siyasət