Milli Məclisin sədri Sahibə Qafarova Astana şəhərində TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib

post-img

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də TÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib.

"Türk əsri: parlament diplomatiyasının rolu" mövzusunda təşkil olunan iclasda çıxışı zamanı spiker Sahibə Qafarova türk xalqlarının bəşəriyyətin inkişafına dəyərli töhfələr verdiyini bildirib. Onun sözlərinə görə, yaşadıqları məkanın çox geniş bir coğrafiyanı əhatə etməsinə baxmayaraq, xalqlarımız oxşar inkişaf yolu keçib və heç vaxt bir-biri ilə əlaqələrini itirməyiblər. Qardaş xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından güc alıb yüksələn çoxsaylı qüdrətli dövlətlər dünya tarixində dərin izlər qoyub, zaman boyu Avrasiyanın geosiyasi və mədəni simasının formalaşmasında önəmli rol oynayıblar. Müasir dövrdə isə siyasi cəhətdən müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf edən dövlətlərimizin fəaliyyəti türk xalqlarının yaxınlaşması, birgə inkişafı və qarşılıqlı əlaqəsi üçün imkanlar yaratmışdır.

Spiker Sahibə Qafarova qeyd edib ki, bu dövrdə biz türk birliyinin yeni tarixi şəraitdə, qarşılıqlı hörmət, strateji tərəfdaşlıq və xalqlarımızın gələcəyi üçün birgə məsuliyyət əsasında  dirçəlməsinə şahidlik edirik və türk dövlətlərinin “dildə, fikirdə, əməldə birliyi” türk ailəsinin sabitliyinin və rifahının mühüm şərtinə çevrilməkdədir. Dövlətlərimiz arasında siyasi əlaqələrin dərinləşməsi, ölkələrimizin yerləşdiyi bölgələrdə ikitərəfli və çoxtərəfli iqtisadi layihələrin uğurla həyata keçirilməsi, qarşılıqlı sərmayə qoyuluşları, digər tədbirlər iş birliyimizin yeni arxitekturasını formalaşdırıb.

Çıxışına davam edən Milli Məclisin sədrinin sözlərinə görə, bu gün dünyanın sürətlə dəyişdiyi bir dövrdə geosiyasi proseslər getdikcə daha mürəkkəb şəkil alır, qlobal çağırışlar kollektiv cavablar tələb edir, dayanıqlı inkişaf isə təkcə resurslardan deyil, həm də birlik, həmrəylik və strateji düşünmə qabiliyyətindən asılı olur. Bu baxımdan türk dünyası nadir bir potensiala malikdir. Bu, sadəcə olaraq dövlətlərin birliyi deyil, ortaq dil, tarix və milli-mənəvi dəyərlər ilə bağlı olan sivilizasiya məkanıdır.

Türk ailəsinin fəal üzvü kimi Azərbaycanın ümumi işə verdiyi töhfələrdən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan türk dünyasının birliyinin daha da güclənməsi üçün düşünülmüş tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bütün türk dünyası üçün tarixi nailiyyət olmuşdur. Bu böyük qələbələr Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı, həm də ümumi regionumuzda yeni geosiyasi reallıqlar formalaşdırıb və türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb. Enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə mövcud potensialdan maksimum istifadə, yeni əməkdaşlıq formatlarının tətbiqi türk dövlətlərinin iqtisadi birliyinin daha da möhkəmlənməsini təmin edəcək.

Xalqlarımızın və dövlətlərimizin birlik və birgəlik əzminin Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi inteqrasiya qurumlarının keçdiyi inkişaf yolunda parlaq təcəssümünü tapdığını söyləyən Sahibə Qafarova qeyd edib ki, bu əməkdaşlıq təşkilatları arasında öz yeri olan Türk Dövlətlərinin Parlament Assambleyası 15 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Assambleya çərçivəsində iş birliyi ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Onun sözlərinə görə, TÜRKPA təkcə qanun yaradıcılığına ümumi yanaşmaların müəyyən edildiyi, qanunvericiliyin yaxınlaşdırılması üçün təşəbbüslərin irəli sürüldüyü və həyata keçirildiyi parlament qurumu deyil. O həm də ölkələrimizi maraqlandıran məsələlərin, müasir dövrün vacib problemlərinin müzakirə edildiyi bir platformadır. Bu mənada, Parlament Assambleyasının institusional potensialının daha da genişləndirilməsi, regional və qlobal gündəlikdə onun iştirakının gücləndirilməsi ümumi məqsədlərimiz baxımından faydalı olacaq.

Spiker diqqətə çatdırıb ki, parlamentarilər qanunverici orqanlar arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və əlaqələndirməni daha da möhkəmləndirməli, dövlət başçıları səviyyəsində qəbul olunan qərarların həyata keçirilməsinə kömək göstərməlidirlər. Xalqın iradəsini ifadə edən parlamentlər türk əsrinin institusional ölçülərinin müəyyən edilməsində  daha böyük rol oynamalıdırlar. Geosiyasi qeyri-sabitlik, iqlim dəyişikliyi, suverenliyə təhdidlər kimi qlobal çağırışlar şəraitində parlament diplomatiyasının imkanları xalqlarımızın və dövlətlərimizin maraqlarının qorunmasına yönəlməlidir. Biz təhlükəsizlik, informasiya müharibəsi, mədəni diplomatiya məsələlərində bir-birimizi dəstəkləməli, elmin, təhsilin, rəqəmsal texnologiyaların inkişafına kömək göstərməliyik.

Çıxışının sonunda Milli Məclisin sədri vurğulayıb ki, iyirmi birinci əsr türk xalqları üçün yeni imkanlar əsridir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “İyirmi birinci əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Spikerin sözlərinə görə, bu baxış həm bizim ümumi mirasımıza, həm də türk dövlətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə artan potensialına əsaslanır. Spiker Sahibə Qafarova deyib ki, Türk xalqlarının yeni yüksəlişinin yolu birlik və həmrəylikdən keçir.  Azərbaycan parlamenti TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyətə bundan sonra da ümdə əhəmiyyət verəcək.

Siyasət