Energetika naziri Pərviz Şahbazov Belçikanın Brüssel şəhərində keçirilən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransında iştirak edib.
Nazir “Məlumatlılıq, ambisiya və fəaliyyət” mövzusunda yüksək səviyyəli paneldə və nazirlərin dəyirmi masasında enerji səmərəliliyinin enerji təhlükəsizliyi və qlobal iqlim hədəflərinin reallaşdırılmasına verdiyi töhfələr, eləcə də Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət barədə fikirlərini bölüşüb. Enerji səmərəliliyinə nail olmaq üçün investisiyalar, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunub.
Təmiz enerjiyə keçidin əsas dayaqları olan bərpa olunan enerji və enerji səmərəliliyinin Azərbaycanın sosial-iqtisadi inkişaf və müasir enerji siyasətinin strateji prioritetləri olduğu vurğulanıb. Azərbaycanın təmiz ətraf mühitə malik yaşıl artım ölkəsi kimi inkişafı istiqamətində qısa müddətdə enerji səmərəliliyi üzrə müasir qanunvericilik bazasının və müvafiq Fondun yaradıldığı qeyd edilib. Energetika naziri Pərviz Şahbazov deyib ki, enerji səmərəliliyinin nümunəvi modeli isə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq olunur: “Bu ərazilərdə sıfırdan qurulan “ağıllı şəbəkə”lər, qabaqcıl enerji səmərəliliyi standartları və rəqəmsal idarəetmə infrastrukturunun istifadəsi ilə yanaşı, 2030-cu ilə qədər ümumi gücü 1,6 QVt olan 90 bərpa olunan enerji stansiyasının inşası planlaşdırılır. Bu stansiyalar hesabına ildə 1 milyard kubmetrə qədər təbii qaza qənaət ediləcək, istixana qazı emissiyaları isə 2 milyon tondan artıq azaldılacaq.”
Həmçinin bildirilib ki, 2030-cu ilə qədər enerji sisteminə 2,7 QVt, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixrac üçün 4 QVt olmaqla, ümumilikdə 6,7 QVt gücündə “yaşıl enerji” layihələri icra edilir. Ölkəmizdə quraşdırılmış enerji gücündə “yaşıl enerji”nin payının 38%-ə çatdırılması ilə bərabər, bu güclərin hesabına ümumilikdə 4,4 milyard kubmetr həcmində təbii qazın istehlakının qarşısı alınacaq. “Azərbaycanı Avropanın enerji keçidində mühüm “yaşıl enerji” təchizatçısına çevirəcək, Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı əlaqələndirəcək “yaşıl enerji” interkonnektorlarının icrası da prioritetlərimiz sırasındadır. Enerji itkilərini azaldan, regional şəbəkələr arasında balansı təmin edən, bərpa olunan enerjinin payını artıran, istehsal və tələbatı optimallaşdıran, emissiyaları minimuma endirən və enerji təhlükəsizliyini gücləndirən bu təşəbbüslərlə Azərbaycan böyük bir regionda enerji səmərəliliyinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcəkdir”, - deyə nazir əlavə edib.
Konfransın yekununda Birgə Bəyanat qəbul olunub. Bəyanatda enerji səmərəliliyinin qlobal enerji keçidində əsas rol oynadığı vurğulanır və bu sahədə irəliləyiş üçün güclü milli və beynəlxalq tədbirlərin vacibliyi qeyd olunur. COP28-də müəyyən edilən 2030-cu ilə qədər enerji səmərəliliyinin ikiqat artırılması hədəfi və COP29-un nəticələri fonunda texnoloji yeniliklər, maliyyə əməkdaşlığı və sosial ədalətə əsaslanan yanaşmalarla daha təsirli addımlar atmağın vaxtı çatdığı bildirilir.