Milli Məclisin sədri Sahibə Qafarova: “TÜRKPA ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platformadır”

post-img

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA-nın 14-cü plenar iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib. O, TÜRKPA-ya sədrliyin Azərbaycan Respublikası Milli Məclisindən Qazaxıstan Respublikası Parlamenti Məclisinə keçdiyini xatırladaraq, bu sədrliyin təşkilatın daha da güclənməsinə, ümumi işimizin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə çox böyük əhəmiyyət verir. O, Milli Məclisin qardaş ölkə parlamentləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığının mahiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.” fikrinin dayandığını söyləyib.

Spiker Sahibə Qafarova deyib ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birliyi və həmrəyliyi olduqca təbii bir prosesdir. Bu gün bu birlik və həmrəylik öz ifadəsini qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin gündən-günə möhkəmlənməsində və genişlənməsində tapır.

Milli Məclis sədrinin sözlərinə görə, Türk əməkdaşlıq təşkilatları da bu prosesdə mühüm rol oynayırlar. Əməkdaşlıq gündəliyinin zəngin olması Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ənənəvi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsini də labüd edib. O, xüsusilə qeyd edib ki. bu görüşlərin keçirilməsi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. İlk qeyri-rəsmi Zirvə görüşü ötən ilin iyulunda Azərbaycanın mədəniyyət paytaxtı, Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərində, ikincisi isə cari ilin may ayında Budapeşt şəhərində keçirilmişdir.

Qardaş xalqlarımızın təmsilçiləri olaraq, parlament üzvlərinin də bu prosesə necə töhfə verə biləcəyi məsələsini hər zaman diqqətdə saxladığını söyləyən Sahibə Qafarova, bu mənada, Türk Dövlətləri Parlament Assambleyasının ortaq maraqlarımızı reallaşdırmağa imkan verən, çoxşaxəli əməkdaşlığımızı ümumi hədəfə yönəldən mühüm platforma kimi çıxış etdiyini bildirib.

Ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu keçdiyini, parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrildiyini deyən spiker Sahibə Qafarova, Assambleyanın 14-cü Şura və plenar iclaslarının uğurla keçdiyini xatırladıb. Onun sözlərinə görə, iclasda həm ötən dövrdə görülən işlər, həm də gələcək planlar nəzərdən keçirilib. Plenar iclasın yekununda qəbul olunan Astana Bəyannaməsi də ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin bir ifadəsidir.





Siyasət