33 il bundan əvvəl İğdırla Dilucu arasında salınan Ümid körpüsü bu gün qardaş xalqların birlik rəmzinə çevrilib
Bəri başdan əminliklə deyə bilərik ki, əslində, iki qardaş xalqı bir-birinə qovuşduran Ümid körpüsü, eyni zamanda, Türk dünyasının birliyinə aparan yola işıq salmaqla, təkcə yurddan-yurda deyil, həm də könüldən-könülə bağları bərpa etmək kimi böyük missiyanı yerinə yetirmiş oldu. Amma burada zaman və şəxsiyyət amillərinin oynadığı rolu qeyd etməyə bilmərik. Xəyallarımızı gerçəyə çevirən körpünün təşəbbüskarları – Naxçıvan MR Ali Sovetinin o vaxtkı Sədri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin sabiq prezidenti, onun yaxın dostu Süleyman Dəmirəl idi. Onların lentini birgə kəsdikləri körpü bir millətin iki dövlətinin sarsılmaz birliyinə çevrilməsinin əyani təzahürü oldu. Otuz üç əvvəl həmin qürurverici mənzərəni bütün dünya izlədi.
Naxçıvanın Sədərək və Türkiyənin Dilucu yaşayış məntəqələrini birləşdirən körpü Azərbaycan–Türkiyə münasibətlərinin daha da yaxınlaşması və genişlənməsi ilə məhdudlaşmadı. Sonra bu münasibətlər türkdilli dövlətlərin bir araya gəlməsi ilə gücləndi və monolitləşdi. Bu gün eyni soy, tarix və dil doğmalığı ilə xarakterizə olunan münasibətlərin coğrafiyası özündə 7 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatının sərhədləri kimi geniş və çoxşaxəlidir.
Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qоvşağında, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan uzun müddət düşmənlərin əhatəsində olub. Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini bərpa etdiyi dönəmdə ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya saldılar. Kənardan hay daşnak-lobbistlərin dəstəklədiyi yerli separatçılar Azərbaycanın bu qədim və əzəli torpağını ələ keçirmək üçün məkrli planlar qurmağa başladılar. Belə bir çətin dövrdə Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı real təhlükədən qurtardı. Naxçıvanın təhlükəsizliyi və əhalinin sosial təminatı ilə bağlı problemlərin həllində dost və qardaş Türkiyənın yaxından dəstəyi böyük əhəmiyyətə malik idi.
ARAYIŞ: 1992-ci ilin martında Türkiyə tərəfindən Naxçıvana maliyyə, iqtisadi və texniki yardımın göstərilməsi, 100 milyon ABŞ dolları məbləğində kreditin ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasına imkan yaradılması haqqında birgə əməkdaşlıq protokolu imzalandı. Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində, həmçinin Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək–Dilucu körpüsünün inşasına qərar verildi.
***
1992-ci il mayın 28-də xüsusilə əlamətdar məqama çevrilən Respublika Günündə ümummilli lider Heydər Əliyevin “xalqımızın ümid və arzular körpüsü adlandırdığı” Naxçıvanla Türkiyəni birləşdirən Ümid körpüsünün Araz çayı üzərindən açılışı oldu. Həmin dövr Azərbaycan üçün, xüsusən də Birinci Qarabağ müharibəsində blokadaya alınmış Naxçıvan üçün çox çətin dövr idi. Amma Heydər Əliyev o ağır məqamda özünün siyasi qrossmeyster gedişləri ilə həm muxtar respublikanı real fəlakətdən qurtardı, həm də Azərbaycan–Türkiyə qardaşlığının yeni tarixinin təməlini atdı.
Həmin körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına start verildi. Eyni zamanda, bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verdi, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi. 1999-cu ildə Azərbaycan Prezidenti kimi, Naxçıvana səfərində Heydər Əliyev Ümid körpüsünün zəruriliyini xatırlayaraq demişdi: “Belə bir körpü tikmək bir azərbaycanlı kimi şəxsən mənim on illər boyu qəlbimdə qalan arzum idi. İndi özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Biz dostumuz Süleyman Dəmirəl və Türkiyə hökumətinin himayəsi, köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı”.
İndi iki hadisə arasında tarixi paralelliyi diqqətinizə çatdıracağıq. 33 il əvvəlki birinci hadisədən bəhs elədik. Onun tarixi və məntiqi davamı sayıla biləcək ikinci hadisə üç ay bundan əvvəl baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 5-də İğdır–Naxçıvan qaz kəmərinin açılış mərasimində etdiyi çıxışında o vaxt Naxçıvanın işğal olunmamasının səbəbləri sırasında qardaş Türkiyənin yardımlarını, Ümid körpüsünün istifadəyə verilməsini xüsusi qeyd etməsi təsadüfi deyildi. Dövlət başçımızın dediyi sözlər onun bu mövzuya böyük əhəmiyyət verməsinin təsdiqi kimi qəbul olunmalıdır: “Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir”.
Həm ölkələrimiz və xalqlarımız, həm də liderlərimiz arasında sarsılmaz dostluğun tarixi mənzərəsi göz qabağındadır. Bunu İlham Əliyev çıxışında diplomat dəqiqliyi ilə vurğuladı: “Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyası üçün örnəkdir. Türk dünyasının birləşməsi yolunda əziz qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm də Türk dünyasının daha sıx birləşməsi üçün yeni imkanlar yarandı”.
Bəli, həm dövlət rəhbərləri, həm də xalqlar üçün münasibətlərin qardaşlıq xarakteri səmimi olduğu qədər də vacibdir. Dünən və bu gün baş verənlərin və gələcəkdə olacaqların təməlində bizim qardaşlığımız dayanır. Bu məqamlar Türkiyə və Azərbaycanın ortaq tarixi üçün çox önəmlidir.
***
Prezident İlham Əliyev çıxışında keçmişə boylanaraq, 1920-ci ildə Sovet hakimiyyətinin Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsini, Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsməyə xidmət edən qərarını yada salması, Birinci Qarabağ müharibəsində Naxçıvanın işğal təhlükəsi ilə üzləşdiyi barədə dedikləri xüsusi məna yükü daşıyırdı. Onun “Türkiyə–Azərbaycan dostluq və qardaşlıq tarixində mühüm gün” kimi xarakterizə etdiyi İğdır–Naxçıvan qaz kəmərinin açılışı ötən əsrin 90-cı illərinin əvvəllərində başlamış iki dövlət və bir millət arasında qardaşlıq münasibətlərinin ən güclü bağı kimi qiymətləndirilməlidir. 33 ilin bütün sınaqlarından üzüağ çıxmış bu bağların sarsılmayacağına kimsə şübhə etməsin.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bir millət, iki dövlət” sözləri ilə başladığı çıxışında Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərində hər sahədə böyük irəliləyişlərin əldə edildiyinə diqqəti çəkdi: “Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bunların arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı–Tbilisi–Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı–Tbilisi–Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha da irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik”.
Bütün dünya şahidlik elədi ki, Türkiyə lideri bu mövqeyini 2020-ci ildə Vətən müharibəsi günlərində sözü və iradəsi ilə təsdiqlədi. Dünya 2023-cü ildə Türkiyənin Qəhrəmanmaraşında baş vermiş dəhşətli zəlzələ zamanı eyni mənzərəni gördü. O zaman Azərbaycan qardaş ağrısına ilk reaksiya verənlərdən oldu. Xilasedicilərimizin səyi nəticəsində 50-dən çox insan dağıntılar altından sağ çıxarıldı. Həkimlərimiz 3 mindən çox insana tibbi yardım göstərdilər. Azərbaycandan qardaş Türkiyəyə 5500 tona yaxın humanitar yardım göndərildi. Artıq yaralarını sağaltmış Qəhrəmanmaraşda “Azərbaycan” məhəlləsi salınıb, Heydər Əliyevin adını daşıyan məktəb fəaliyyət göstərir.
***
Türkiyə liderinin Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərlə vəhdət təşkil edən açıqlamaları qloballaşan dünyamızda dünənki müttəfiqlərin barışmaz rəqibə çevrildiyi, ən güclü blokların sarsılmağa başladığı məqamda Türkiyə–Azərbaycan qardaşlığının daha sarsılmaz olduğu və inkişaf etdiyi qənaətini təsdiqləyir. Bu tandem bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir, öz miqyası ilə xalqlarımızı birləşdirən mənəvi, tarixi və mədəni ailəni möhkəmləndirir.
Çıxışında Azərbaycanın hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verdiyini qeyd edən İlham Əliyev bu birliyi əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində qurmaq üçün səylərini əsirgəmədiyini nəzərə çatdırdı: “Bugünkü mərasim bir daha Türkiyə–Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür”.
Azərbaycan–Türkiyə qardaşlıq və əməkdaşlığının sarsılmazlığından danışan Prezident Ərdoğan iki qardaş ölkənin daim sülhün, sabitliyin və rifahın tərəfində olduğunu önə çəkdi: “Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra da sülh, rifah və əmin-amanlıqla bağlı layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq”.
Sonda onu qeyd edək ki, ortaq tariximizin meyarları sayılan dahi şəxsiyyətlərin müəyyənləşdirdiyi yol xəritəsi 30 il düşmən əsarətində inləyən Qarabağın işğaldan qurtuluşuna apardığı kimi, bundan sonra Türk dünyasını daha böyük hədəflərə çatdıracağına əminik. Bizi həmin hədəflərə yetirəcək sağlam təməlli körpülərimiz kifayət qədərdir.
İmran BƏDİRXANLI
XQ