Bədnam “Yaş senzisi”nə qarşı mitinqlərdə bir ailənin fədakarlığı

post-img

1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi səhnəsində dərin təlatümlər yaşanırdı. SSRİ-nin dağılması ilə yaranan yeni reallıqlarda xalqın lider axtarışı da gün kimi ortadaydı. Lakin bu axtarış bəzilərini narahat edir, ictimai iradəni süni hüquqi baryerlərlə boğmaq cəhdləri güclənirdi. Belə bir anda, 1992-ci ilin aprel-may aylarında Azərbaycan tarixində mühüm bir epizod yaşandı – “yaş senzisi” adlandırılan məhdudiyyətə qarşı ilk ictimai etiraz mitinqləri.

Bu senzura Azərbaycan Respublikasının Prezidenti seçkiləri haqqında Qanuna əlavə olunan məhdudlaşdırıcı maddə ilə həyata keçirilirdi: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın...” Bu müddəa şəksiz şəkildə Ulu Öndər Heydər Əliyevin prezidentliyə namizədliyinin qarşısını almağa hesablanmışdı.

Ancaq xalq öz sözünü deməyə qərarlı idi. İlk etirazlar Azərbaycan Respublikası Ali Sovetinin qarşısında baş tutdu. Bu, hələ hakimiyyətdə olmayan, lakin xalqın yaddaşında xilaskar simvoluna çevrilmiş bir liderə sədaqətin nümayişi idi.

Mitinqin qeyri-adi səhnələrindən biri də iki azyaşlı uşağın – əllərində Azərbaycan bayrağı və Heydər Əliyevin portreti ilə meydana çıxması idi. Onlar kim idi? Uşaqlar mərhum ictimai fəal Arif Rüstəmovun oğulları – Ramin və Tural idi.

Arif Rüstəmov bu mitinqlərin təşəbbüskarlarından biri idi. Onun həyat yoldaşı Həvva Həsənova o günləri belə xatırlayır:

– Arif bəy Heydər Əliyevi böyük sevgi ilə sevirdi. Təhdidlərə, evimizin yandırılmasına baxmayaraq, mitinqlərdə iki azyaşlı oğlumuzla birlikdə iştirak edirdi. Hətta bir aksiyada uşaqlarımız fiziki zorakılığa məruz qaldılar. Amma Arif geri çəkilmədi.

Bu gün o azyaşlı uşaqlar – Tural və Ramin Rüstəmov artıq uzun illərdir ki, Daxili İşlər Nazirliyində zabit kimi çalışırlar. Onlar atasının miras qoyduğu dəyərləri yaşadır, dövlətə və xalqına sədaqətlə xidmət edirlər.

Heydər Əliyevin məşhur fikri bu məqamda yenidən canlanır: “İnsanda iki keyfiyyət var ki, sonradan öyrənilmir – sədaqət və cəsarət. Bunlar insanın qanında olur.”

Bəli, tarix təkcə sənədlərdə deyil, ailələrin, fərdlərin yaddaşında və həyat seçimlərində yaşayır. Rüstəmovlar ailəsinin hekayəsi bu həqiqətin canlı sübutudur.

 

 



Siyasət