Malayziyanın aparıcı media qurumlarından biri olan “Astro Awani”də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vüsal Quliyevin “Azərbaycan-Çin münasibətlərində yeni dövrün başlanğıcı” adlı məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalandığı diqqətə çatdırılıb, ikitərəfli münasibətlərin, strateji əməkdaşlığın yüksək səviyyəsi bildirilib.
Müəllif bu tərəfdaşlığın Azərbaycanın Avrasiya məkanında artan geosiyasi rolunu və Çinin regiona olan strateji marağını aydın şəkildə əks etdirdiyini düşünür. Qeyd olunub ki, səfər zamanı nəqliyyat, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat, kosmik tədqiqatlar və mədəni diplomatiya sahələrində geniş əməkdaşlıq sənədləri imzalanıb. Xüsusilə beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması Orta Dəhliz üzrə yükdaşımaların sürətləndirilməsinə, logistika əməliyyatlarının təkmilləşdirilməsinə və Avrasiya ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.
Yazıda qeyd olunur ki, bərpa olunan enerji sahəsində əldə olunan razılaşmalar Azərbaycanın yaşıl enerji qovşağı olma strategiyasına mühüm dəstək verəcək. Çin investisiyaları və qabaqcıl texnologiyaları, xüsusilə “ağıllı enerji şəbəkələri”nin qurulması, enerji saxlama sistemlərinin inkişafı və rəqəmsal texnoloji həllərin tətbiqi sahələrində Azərbaycanın enerji keçidinə və iqtisadi diversifikasiyasına yeni imkanlar yaradacaq. Eyni zamanda, səfər zamanı rəqəmsal iqtisadiyyat, kosmik texnologiyalar, elektron idarəetmə və süni intellekt sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımlar atılıb. Bu, Azərbaycanın texnoloji inkişafına, innovativ sahələrdə rəqabət qabiliyyətinin artırılmasına və “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ sosial layihələrinin sürətləndirilməsinə töhfə verəcək.
Müəllif yazır ki, səfərin mühüm məqamlarından biri də xalqlararası təmasların gücləndirilməsi olub. Qarşılıqlı viza rejiminin ləğvi barədə imzalanmış saziş turizmin, təhsil mübadiləsinin və biznes əlaqələrinin daha da inkişafına şərait yaradacaq. Bundan əlavə, mədəniyyət, media, təhsil və hüquq kimi sosial və strateji sahələrdə də yeni əməkdaşlıq mexanizmləri qurulub.
Nəticə etibarilə, Azərbaycan - Çin hərtərəfli strateji tərəfdaşlığının qurulması təkcə ikitərəfli münasibətlərin yeni mərhələyə keçidi deyil, həm də Avrasiyada yeni nizamın formalaşmasında vacib bir addım kimi qiymətləndirilə bilər. Azərbaycanın çoxşaxəli xarici siyasət kursu çərçivəsində Çinlə əlaqələrinin möhkəmləndirilməsi ölkənin beynəlxalq arenadakı mövqelərinin güclənməsinə, iqtisadi dayanıqlılığının artırılmasına və regional sabitliyin təmin edilməsinə mühüm töhfə verir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin