Yeni dünya nizamına doğru: Fırtına qoynunda bəşəri ahəng axtarışı

post-img

(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/223355-yeni-dunya-nizamina-dogru-firtina)

Azərbaycan geosiyasi və iqtisadi boşluqları necə doldurur?

Yeri gəlmişkən, qlobal xaos dövrünün qanunauyğunluqlarından biri də yeni geosiyasi boşluqların yaranması, bu boşluqlarda təhlükəsizlik və iqtisadi, siyasi problemlərin artmasıdır.

Çin ABŞ-ın iqtisadi nəzarətinin zəiflədiyi boşluqları dərhal doldurmaqdadır. Məsələn, Latın Amerikasında, Afrikada və hətta ənənəvi olaraq ABŞ-ın nüfuzunun güclü olduğu Körfəz regionunda Çinin aktivləşməsi müşahidə olunur. Hətta bir neçə il əvvəl Çin-Körfəz və Çin–İran sammitlərində Pekin bu gərgin regionda təhlükəsizlik sahəsində də qarant rolunu oynamış, İsrail–Fələstin, Rusiya–Ukrayna münaqişələrinin həlli üçün öz təkliflərini elan etmiş, vasitəçilik edə biləcəyini tərəflərə çatdırmışdı. Səudiyyə Ərəbistanı ilə İran arasında 2016-cı ildə pozulmuş diplomatik əlaqələrin yenidən bərpa olunmasında Pekin 2023-cü ildə uğurlu nəticə əldə etməyi bacarmışdı.

Boşluqları doldurmaq strategiyasını Türkiyə və Azərbaycan da tətbiq etməkdədir. Məsələn, Suriyada birgə hərəkət, Afrika ölkələri, o cümlədən Somali ilə müdafiə sənayesi sahəsində əlaqələrin gücləndirilməsində Azərbaycan və Türkiyənin fəallaşması və s. göstərir ki, Azərbaycan Prezidenti TDT-ni də qlobal xaos dövrünün yaratdığı “boşluqları doldurmaq strategiyası”na qoşulmağa çağırır və praktik addımlar atır.

Afrikada müstəmləkəçiliyə qarşı mübarizə və bu işdə təşkilatçılıq missiyasının üzərinə götürülməsi, Qoşulmama Hərəkatındakı liderlik və İslam Əməkdaşlıq Təşkilatında iştirakçılıq bir tərəfdən Azərbaycana Afrikada yaranan geosiyasi boşluqları doldurmaq, o biri tərəfdən ortamiqyaslı, amma təbii sərvətlərinə görə zəngin olan keçmiş müstəmləkə ölkələri ilə sərfəli iqtisadi əlaqələr qurmaq imkanları açıb. Məsələn, Konqo Azərbaycana münbit əkin sahələrinə və su potensialına investisiya yatırmağı təklif edib.

Bundan əlavə, Azərbaycanın enerji şirkətləri üçün Konqoda Günəş enerjisi istehsalı üzrə şərait yaradılır. Nəhayət, Konqo Prezidentinin Bakıya səfəri zamanı imzalanmış sənədlər arasında neft sənayesi sahəsində əməkdaşlıq da var ki, bu sırada neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi də yer tutur. Beləliklə, hazırda dünyada iqtisadi təhlükəsizliyin 3 əsas komponenti ərzaq istehsalı, bərpaolunan enerji istehsalı və neft məhsulları istehsalı üzrə Azərbaycan Konqo ilə dərin əməkdaşlığa başlayır. Bu, Fransa müstəmləkəçiliyindən fərqli olaraq Prezident İlham Əliyev tərəfindən “boşluqların beynəlxalq hüquqa, bərabərhüquqlu münasibətlərə, qarşılıqlı faydaya əsaslanan doldurulması”dır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı xalqların müqavimətini gücləndirən bir tərəfdaşlıqdır.

Qlobal xaos dövründə Azərbaycanın beynəlxalq siyasətində “müstəmləkəçiliyə qarşı mübarizə və müqavimətin təşkili” yeni bir istiqamətdir. Fransanın son müstəmləkələri olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələrinə dəstək göstərilir.

Prezident İlham Əliyev Suriyanın Prezidenti Əl Şaraa ilə Antalya görüşündə Türkiyə–Azərbaycan–Suriya üçtərəfli formatında əməkdaşlıq məsələsini müzakirə edib.

Şimali Kiprin TDT-yə müşahidəçi qismində dəvət olunması da boşluqları doldurma və ya boşluqlardan istifadə siyasəti kimi izah edilə bilər.
Avropanın qaz bazarındakı boşluqlar və Azərbaycan

Azərbaycan Avropada, o cümlədən də Balkanlardakı enerji təhlükəsizliyində yaranmış boşluqların doldurulmasında çox fəaldır və qaz təminatında pərakəndə satışa, qazpaylamaya qədər bütün seqmentlərə daxil olmaqdadır. Avropanın enerji bazarındakı boşluqlara çevik müdaxilənin nəticəsidir ki, Azərbaycan hazırda ixracını iki dəfə artırıb və sektorun dərin qatlarına qədər nüfuz etməkdədir. 2024-cü ildə Azərbaycan 24,4 milyon ton neft, 25,5 milyard kubmetr qaz ixrac edib ki, bunun da böyük bir hissəsi Avropa ölkələrinin ehtiyacının qarşılanmasına yönəldilib.

Nəqliyyat dəhlizlərinə ehtiyacın təmin olunması

Orta Dəhlizin aktuallığının artması və sənaye dəhlizi səviyyəsinə çatdırılması planları da qlobal xaosun hərbi-siyasi mərhələsinin yaratdığı boşluqların doldurulması strategiyasının tərkib hissəsidir.

Gürcüstan strategiyasının əsas prinsipi: Bölünməz maraqlar, bölünməz təhlükəsizlik

Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında Gürcüstanla bağlı hissə Cənubi Qafqazda tamamilə yeni bir tendensiyasının elan edilməsidir. Seçkidən sonra Gürcüstan Baş nazirinin və Prezidentinin ilk xarici səfərlərini Azərbaycana etmələri də 44 günlük müharibədən sonra formalaşmış yeni geosiyasi şərtlərin və xaos dövründəki subregional siyasətin praktikada təzahürləridir.

Azərbaycan Prezidentinin Gürcüstanı Aİ-nin təzyiqləri qarşısında müdafiə etməsi və çıxışının ümumiləşdirilməsindən belə görünür ki, Gürcüstanla müttəfiqliyin hazırda tətbiq olunan prinsipi belədir: Azərbaycana olan təhlükə Gürcüstana, Gürcüstana olan təhlükə Azərbaycana olan təhlükədir! Bu, əsl bölünməz maraqlar, bölünməz təhlükəsizlik konsepsiyasıdır.

Cənubi Qafqaz strategiyası: İnteqrasiya və ayırıcı xətlərə qarşı mübarizə

Cənubi Qafqaz strategiyası isə təbii ki, Gürcüstanla münasibətlərin aşağıdakı istiqamətlərdə də genişləndirilməsidir:

Münaqişələrdə iştirak etməmək, amma müdafiə qabiliyyətini yüksəltmək;

Regional müttəfiqlik əlaqələrini dərinləşdirmək;

Cənubi Qafqazda inteqrasiya siyasəti yürütmək, ayırıcı xətlərin yaradılmasına yol verməmək.

Cənubi Qafqaz strategiyası bugünkü şərtlər daxilində Ermənistandan gözlənilən təhdidlərə qarşı müdafiə gücümüzü artırmaq, amma Ermənistana savaşsız, hər iki tərəf üçün uduşlu variantın da irəli sürülməsini ehtiva edir.

Ermənistanla nizamlamada strategiyanın əsas tezisləri

Ermənistanla bağlı ayrıca strategiyanın ümumiləşdirilmiş formulası isə belədir: Ermənistanın davranışındakı neqativ meyilləri nəzərə almaq, təhdidlərə hazır olmaq, sülhə çağırışlar etmək və zəruri tələblərdən geri çəkilməmək, gələcək əməkdaşlığın aça biləcəyi perspektivlərlə bağlı müsbət siqnallar verməklə irəliləmək. İlk olaraq Ermənistandan təhdid ola biləcəyini göstərən əlamətlər odur ki:

a) Ermənistan silahlanır;

b) Konstitusiyasında dəyişiklik etmir;

c) Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət etmir;

d) Ermənistanda hakimiyyətin revanşist ideyalar ətrafında faşist müxalifətçilərlə gizli həmrəyliyi var.

Minsk qrupunun və Fransanın cidd-cəhdlə saxlamağa və sayını artırmağa çalışdığı sərhəddəki müşahidə missiyası Cənubi Qafqaza diplomatik və yarımhərbi müdaxilə mexanizmləridir.

Avropanın Azərbaycandan qaz alması, “yaşıl enerji” ilə bağlı memorandum imzalaması və nəqliyyat dəhlizindən istifadə etmək istəməsi ilə yanaşı, Ermənistanı da forposta çevirmək planları ilk baxışdan ziddiyyət kimi görünsə də, məsələ çox sadədir: Cənubi Qafqazı parçalayaraq ölkələrdən bir-birinə qarşı təzyiq üçün mexanizmlər yaratmaq. Bu, min illərlə yaşı olan “parçala və hökm sür” prinsipinin tətbiqidir. Azərbaycan isə buna qarşı “Birləşək, təhlükəsiz və müstəqil olaq!” prinsipini təklif edir.

İrana münasibətdə siyasi strategiyanın əsas tezisləri

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindəki “kritik əməkdaşlıq” konsepsiyasını İrana da şamil etmək mümkündür. Belə ki, bəzi gərginlik yaradan məsələlərə paralel olaraq fundamental layihələr üzrə iqtisadi əməkdaşlıq da davam edir.

İranla münasibətlərdə Prezident Məsud Pezeşkian amili müsbət meyillərin güclənməsinə ümidləri artırıb. Nəqliyyat, elektrik enerjisi və s. iqtisadi sahələrdə əməkdaşlıq potensialına Məsud Pezeşkianın islahatçı və liberal baxışlarının da əlavə olunması yaxşı perspektivlər vəd edir.

Ancaq İranla münasibətlərdə narahatlıq yaradan məqam var. Bu, Azərbaycan səfirliyinə hücumda iştirakçı və təşkilatçıların cəzalandırılmamasıdır. Azərbaycan Prezidenti bu məsələni mühüm bir şərt kimi qoymaqla münasibətlərdə ədalət və bir-birinə qarşı olmamaq kimi vacib prinsipdən çıxış edir.

Avropa İttifaqı ilə münasibətlərdəki siyasi xəttin əsas prinsipi: “Kritik strateji əməkdaşlıq”

Avropa İttifaqı ilə münasibətləri bir cümlə ilə ümumiləşdirib xarakterizə etsək, belə formul yaranar: “kritik strateji əməkdaşlıq” və yaxud “siyasi və geosiyasi məsələlərdə tənqidi münasibət, strateji iqtisadi sahələrdə qarşılıqlı səmərəli tərəfdaşlıq”.

Avropa İttifaqı ilə münasibətlərdəki siyasi xəttin əsas istiqamətlərinə gəldikdə mənfi siyasi məqamlar da var:

1. AŞPA və ATƏT-in Minsk qrupu ilə bağlı ümidlərimiz doğrulmadı;

2. Avropa təsisatları işğal dövründə münaqişənin həlli deyil, uzadılması strategiyasını tutdular;

3. Avropadan Cənubi Qafqazda daxili işlərə qarışmaq və keçmiş müstəmləkəçi siyasəti yürüdülüb;

4. Avropa Ermənistanı Azərbaycana qarşı silahlandırmaqla, nəqliyyat dəhlizi kontekstində Gürcüstanı kənara qoyub Ermənistanın rolunu qabartmaqla ayırıcı xətlər yaratmağa çalışır.

Bu məqamları nəzərə alaraq Azərbaycan:

Milli maraqların qorunmasında güzəştsiz mövqe tutmaq, anti-Azərbaycan qüvvələrə adekvat cavab vermək, əməkdaşlıq etmək istəyənlərlə birgə işləmək;

Almaniya Aİ lideri, İtaliya Azərbaycanın strateji tərəfdaşı, Azərbaycan qazını idxal edən Balkanlar və Şərqi Avropa ölkələri kommersiya və siyasi tərəfdaşları, Fransa Azərbaycanın regional təhlükəsizliyi və milli maraqlarına rəqib kimi qəbul edilir və qiymətləndirməyə uyğun olaraq strategiya müəyyənləşir: Avropa-Cənubi Qafqaz–Körfəz ölkələri – Mərkəzi AsiyaÇin xəttində investisiya, ticarət, nəqliyyat əməkdaşlığını gücləndirmək siyasəti yürüdür.

Azərbaycanın Avropa İttifaqı istiqamətində gözləntiləri və siyasi strategiyası dəyişib. Bu məsələdə də Azərbaycan qlobal prosesləri qabaqlayaraq siyasətində düzəlişlər edib. D.Trampın hakimiyyətə gəldikdən sonra apardığı siyasət də sübut etdi ki, AŞPA və AP böyük siyasətə, qəbul olunan qərarlara təsir etmir.

Avropa İttifaqı lideri Almaniya ilə münasibətlərin prinsipləri

Almaniya ilə münasibətlərdə Prezident İlham Əliyevin Avropadaxili ziddiyyətləri maksimum nəzərə aldığı görünür. Fransanın Avropa daxilində Almaniyaya və İtaliyaya qarşı liderlik uğrunda mübarizə aparması tarix boyu müşahidə olunub. Hətta Paris bəzən Almaniyanın və İtaliyanın fundamental maraqlarına da zidd mövqe tutmaqdan çəkinmir. Prezident İlham Əliyev almaniyalı həmkarı FrankValter Ştaynmayer ilə Bakıda görüşündən sonra Avropa İttifaqında Fransanın liderliyə can atdığına işarə edərək, Azərbaycanın Aİ daxilində Fransaya qarşı Almaniyanın liderliyini dəstəklədiyini vurğuladı. Bütövlükdə isə Aİ-nin lideri kimi qəbul olunan Almaniya ilə münasibətlərin təməl prinsiplərinə gəldikdə:

Narazılıq yaradan məqamlarda etiraz və əməkdaşlıq prinsiplərinə əməl etməyə dəvət etmək;

Almaniya Prezidenti ilə yaxşı şəxsi münasibətlərin ikitərəfli əlaqələrə müsbət təsirindən yararlanmaq;

Frank Valter Ştaynmayerin səfərindən münasibətlərdə yeni səhifə açmaq üçün istifadə olunması;

Almaniyanın yeni hökumətini Avropadakı ermənipərəst qüvvələrin təsirinə məruz qalmadan müstəqil siyasət yürütməyə təşviq etmək;

Almaniyanı Aİ-nin lideri kimi qəbul etmək.

Bu siyasi strategiya Azərbaycanın Aİ-yə münasibətdə siyasətini şaxələndirir, manevr imkanlarını artırır və Fransa kimi böhran mənbələrini təcrid etməyə imkan verir.

Çinə dövlət səfəri: Xaos dövründə strateji təhlükəsizliyin zəmanət altına alınması

Aprelin 23-24-də Azərbaycan Prezidentinin Pekinə dövlət səfəri zamanı “Yeni qlobal qütb” Azərbaycanın hərtərəfli strateji tərəfdaşı oldu. Prezident İlham Əliyev Türkiyə ilə Şuşa Bəyannaməsini, Rusiya ilə müttəfiqlik haqqında bəyannaməni, Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq anlaşmasını, Enerji sahəsindəki strateji anlaşmanı imzaladıqdan sonra Çin ilə strateji tərəfdaşlığa nail olmaqla xaos dövrü üçün Azərbaycanın təhlükəsizliyini zəmanət altına almış oldu. İndi bütün Avrasiya Azərbaycanın təhlükəsizliyində maraqlıdır və bunu rəsmən təsdiqləyib.

İmzalanmış 19 sənədin arasında Prezident İlham Əliyev və Sədr Si Cinpinin imzaladıqları Birgə Bəyanatın əsas prinsipləri ondan ibarətdir ki, Azərbaycan və Çin birbirinin ən həyati əhəmiyyətli, ekzistensial məsələləri üzrə bir-birini tam dəstəkləyir. Məsələn, Azərbaycan Tayvanın istənilən formada müstəqilliyinə qarşı çıxır və onu Çinin tərkib hissəsi kimi görür. Çinin isə öz növbəsində Azərbaycanın ən vacib məsələsi olan Ermənistanla nizamlama prosesinə münasibəti yalnız Türkiyə və Pakistanın mövqeyi ilə müqayisə oluna bilər. Çin məhz “Azərbaycanın təklif etdiyi sülh gündəliyini”, həm də “qətiyyətlə” dəstəklədiyini elan etməklə yanaşı, eyni zamanda, “qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar” kimi qiymətləndirməklə Ermənistana dəstək verən qüvvələrin yürütdüyü siyasətə qarşı birmənalı mövqeyini nümayiş etdirir. Biz heç bir mübahisəsiz və mübaliğəsiz bu məqamı Çinin Cənubi Qafqazda Azərbaycanın xeyrinə seçim etməsi və Azərbaycanın yanında olması kimi dəyərləndirə bilərik. Aprelin 23-də Azərbaycan dünyanın ən böyük iki güc mərkəzindən biri ilə ən həyati vacib məsələlər üzrə strateji tərəfdaş oldu.

Əlaqələrin dördpilləli olması – hakim partiyalararası dialoq, qanunverici orqanların xətti ilə təmaslar, hökumətlərarası əməkdaşlıq, biznes strukturların kommersiya əlaqələri ehtiva etməsi əsl strateji tərəfdaşlığın hərtərəfli qarantıdır.

Xarici işlər nazirlərinin müntəzəm məsləhətləşməsi, beynəlxalq və regional təşkilatlarda fəaliyyətin əlaqələndirilməsi beynəlxalq səhnədə Azərbaycan üçün daha bir BMT TŞ üzvünün dəstəyini almaq imkanının yaranması, Təhlükəsizlik Şurasında gücünün artması deməkdir. Digər tərəfdən, bu BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi çoxqütblü dünyanın yeni iqtisadi platformalarında fəaliyyət üçün rıçaqlar verir.

Artıq Çin də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə “qətiyyətli dəstək” verən güc mərkəzləri sırasına qoşuldu və bunu rəsmi sənədlə təsdiqlədi. Azərbaycan qeyri-müəyyən xaos dövründə özünün müstəqillik və suverenliyinə dünyanın daha bir qütbünün, qlobal güc mərkəzinin dəstəyini aldı.

Azərbaycan rəsmi olaraq Orta Dəhlizi Çin–Avropa–Çin marşrutu kimi də rəsmiləşdirə, Orta Dəhliz layihəsini Çin–Azərbaycan münasibətlərinin ən böyük layihəsinə çevirə bildi.

Çinin Azərbaycan tərəfinin “təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab etməsi” hər iki tərəfin çox böyük diplomatik uğurudur. Bununla Si Cinpin öz ölkəsini siyasi ədalət, beynəlxalq hüquq və qlobal iqtisadi rifahın tərəfdarı, təkanverici və qoruyucusu kimi təsdiq edir. Prezident İlham Əliyev isə Cənubi Qafqazda ayırıcı, bölücü siyasət yürüdən siyasi qütbə qarşı özünün Cənubi Qafqaz evi siyasətinə Çinin simasında çox güclü bir müttəfiq qazanılmasına nail oldu.

Qlobal güclər arasında gərginliyin artması qarşıduran tərəflər üçün orta güclərin əhəmiyyətini artırıb. Odur ki, Azərbaycan və Çinin biri orta, o birisi isə qlobal güc kimi çox fərqli miqyaslarda dövlətlər olaraq indiki halda bir-biri üçün vacib tərəfdaşlara çevriliblər. Azərbaycan Çin ilə ÜTT şərtləri əsasında əməkdaşlığı gücləndirib həm investisiyaların cəlbini genişləndirə, iqtisadiyyatını şaxələndirə, rəqəmsallaşdıra və müasirləşdirə, ticarət dövriyyəsini artıra bilər. Çin isə Azərbaycanda istehsal sahələrinə sərmayə qoymaqla yaxın və uzaq bazarlara ixracını asanlaşdırar, tariflərdən yan keçmək imkanı qazanardı.

Azərbaycanın Çin ilə terrorizmə, separatizmə və ekstremizmə münasibətdə həmrəy olmaları bütün sferaları əhatə edən əməkdaşlığın dairəsini qapadır. İki ölkə təhlükəsizlik sahəsində də strateji tərəfdaşlıqlarının əsasını qoydular.

(ardı var)

İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru





Siyasət