Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “CivilNet”ə müsahibəsində aprelin 11-də start götürmüş Antalya Diplomatik Forumu çərçivəsində Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanla keçirdiyi görüşün təfərrüatlarından söz açıb. Diplomatın dediklərinə görə, Ankara–İrəvan yaxınlaşmasının mövcud durumunu bu cür dəyərləndirmək olar: Hər şey var, heç nə yoxdur. Bunu bir qədər də xırdalayaq.
“Hər şey var” məntiqi Ermənistanın və xaricdəki havadarlarının təbliğatlarından qaynaqlanır. Onlar elə rəy formalaşdırırlar ki, sanki Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması an məsələsi olduğu kimi, ölkənin Türkiyə ilə sərhədlərinin açılması ilə bağlı durum da eynidir. Əslində, cənab Kılıç da fikirləri ilə həmin məntiqin ətrafında, bir növ, gəzişdi. Hərçənd, təcrübəli diplomatın normallaşma məsələsində “heç nə yoxdur” məntiqini təsdiqləyən düşüncələri daha qətidir. Məsələn, türkiyəli xüsusi nümayəndə bildirir ki, ölkəsinin Ermənistanla sərhədlərinin açılması hələlik yalnız pilot layihədir. Bu, nə deməkdir? Fikrimizcə, cənab Kılıçın zəka arsenalında erməni tərəfini ələ salmaq üçün başqa ifadələr də var. Ancaq diplomatın çox açıq şəkildə dilə gətirdiyi fikir diqqət çəkir.
Deməli, S.Kılıç R.Rubinyanla bildirir ki, hazırda Ankara–İrəvan təması nə danışıqlardır, nə də həll prosesi. Söhbət yalnız iki ölkə arasında etimadın möhkəmlənməsi tədbirlərindən gedir. S.Kılıçın sözlərindən gəlinən qənaət budur ki, şəxsən erməni həmkarı R.Rubinyan sınaqdan pis çıxmasa da, durum tam nikbinliyə əsas vermir. Ardınca isə türkiyəli xüsusi nümayəndə ümumi məsələlərdən söz açır – sərhədlərin açılması hər iki xalqa faydalıdır, bu yolda əlimizdən gələni edirik: tarixi Ani körpüsünün bərpası qərarına gəlmişik, işçi qruplarımız münasibətlərin qurulması prosesinin texniki tədqiqinə başlayıblar, nəhayət, sərhədlərin 10 gün açıq qalması (Ermənistanın Suriyaya yardımı üçün) hələ heç nə demək deyil.
S.Kılıça ünvanlanmış suallardan biri Ermənistan–Türkiyə sərhədinin üçüncü dövlətlərin nümayəndələrinin üzünə nə vaxt açılacağı ilə əlaqədardır. Diplomatın cavabını diqqətə çatdırırıq: “Biz bu məsələ ilə bağlı – üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qərarı hələ 2022-ci ildə vermişik. Hazırda texniki detallar üzərində işləyirik. Nə vaxt olacağını bilmirəm, amma çox çalışırıq. Ümid edirəm ki, prosesi ən qısa zamanda başa çatdıracağıq”.
R.ƏVƏZ
XQ