Fransa parlamentinin qətnaməsi pislənilib

post-img

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilib.

Tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Konfransda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint-Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından siyasətçilər və fəallar, BMT-dəki bir sıra daimi nümayəndəliklərin təmsilçiləri, ECOSOC statuslu QHT nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

Konfransının iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul ediblər. Sənəddə kolonializmin dünya miqyasında bərpası mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, Fransa və Niderland kimi dövlətlərin bu gün də Qvadelupa, Martinika, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sen Martin və digər əraziləri əsarət altında saxlamaqda davam etdikləri bildirilib. Müstəmləkəçilik cinayətlərinin bəşəriyyətə qarşı cinayət olduğu vurğulanaraq, müstəmləkə rejimlərinin törətdikləri cinayətlərə görə ləyaqətli təzminat ödəməli olduqları qeyd edilib. Əks təqdirdə onlara qarşı beynəlxalq sanksiyaların qəbul edilməsinə dair çağırış edilib.

Bundan əlavə, sənəddə Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilmiş, martın 28-də Fransanın Milli Assambleyasında (parlamentin aşağı palatası) Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnaməsi qətiyyətlə pislənilib.

XQ

Siyasət