“Mirzoyansayağı” diplomatiya

post-img

Ermənistanın XİN rəhbərinin “Antalya manifestinə” sözardı

IV Antalya Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusu ətrafında müzakirə oldu. Bununla bağlı keçirilən panel iclasda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Gürcüstanın və Ermənistanın XİN başçıları Maka Boçorişvili ilə Ararat Mirzoyan iştirak etsələr də, iclas daha çox birinci ilə üçüncü arasındakı debat kimi yadda qaldı və bu, müəyyən mənada gözlənilən idi.

Tədbirdə çıxış edən Ceyhun Bayramov İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistanın Cənubi Qafqazda tarixi bir hadisə olaraq normallaşma prosesinə başladığını vurğulayıb. Qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sülhün əldə olunması və sülh sazişinin imzalanması məsələsini gündəmə gətirib. 2022-ci ilin oktyabr ayında başlanan bu proses qarşılıqlı görüşlərlə davam edib. Bu müddət ərzində bir çox görüşlər keçirilib. Ötən ay sülh sazişinin mətninin hazırlanma prosesi başa çatıb. Növbəti mərhələdə sənədin icrasına başlanılacaq və prosesin yekunlaşacağı gözlənilir.

Azərbaycanın Xarici işlər naziri onu da qeyd edib ki, bu proseslə ölkəmiz uzun illər fəaliyyəti dayandırılmış bir məsələnin yenidən işə salınmasına başlayır. Ermənistan da bu gerçəyi qəbul edir. Bununla bağlı Ermənistan konstitusiyasında lazımi dəyişikliklər ediləcək ki, bu dəyişikliklər torpaqlarla bağlı haqq iddiaları məsələsinin həllinə gətirib çıxaracaq. C.Bayramov əlavə edib: “Artıq Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı başqa maneələrlə qarşılaşacağımızı düşünmürük. Azərbaycanla Ermənistan sülh baxımından çox uğurlu bir dövrü geridə qoyub”.

Göründüyü kimi, nazir C.Bayramov ölkəmizin sülh müqaviləsi ilə bağlı prinsipial mövqeyini bir daha gündəmə gətirib. Buna cavab olaraq A.Mirzoyanın səsləndirdikləri isə həyasızlıqdan başqa bir şey deyil. Erməni nazirin sözlərindən gəlinən qənaət budur ki, tarixi düşüncələrə bağlı qalmaq doğru deyil, gələcəyə baxılmalıdır. O bildirib ki, məsələyə hər iki tərəfə fayda verəcək qurucu baxışla yanaşmaq lazımdır: “İndi biz fikrimizi bu günə və gələcəyə cəmləşdirməliyik. “Kim daha çox insan öldürdü” kimi keçmişə bağlı iddiaları davam etdirmək yalnız yeni mübahisələrə səbəb olacaq. Biz, ilk növbədə, bölgədə sülhü inşa etməliyik”.

Mirzoyan sülh sazişinin mətni ilə bağlı ortaq fikrə gəlindiyini, artıq sənədin imzalanma tarixi və yerinin müəyyənləşdirilməli olduğunu bildirib. Diqqəti Azərbaycanın barış müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik tələbinə yönəldən erməni nazirin fikirlərindən gəlinən qənaət budur ki, ölkənin konstitusiya məhkəməsi bu məsələni həll edib: “Teorik olaraq, ziddiyyətin aradan qaldırılacağına inanıram. Bu, ölkələrimiz üçün bir başlanğıc nöqtəsidir. Əlbəttə, sülh prosesi ilə bağlı məsələlər davam edəcək və biz bununla bağlı danışmağa, əməkdaşlıq imkanları yaratmağa çalışacağıq. Biz bununla dünyaya bir mesaj vermək istəyirik: “Keçmişi qazımağın, ona bağlı qalmağın və buna vaxt sərf etməyin mənası yoxdur. Xalqlarımızın ortaq gələcəyi və rifahı üçün çalışmalıyıq. Bunun üçün bütün lazımi imkanlar qarşımızdadır. Biz birlikdə gələcək mərhələyə keçməyə hazırıq və bu, özü ilə sülh içində əməkdaşlıq imkanlarını gətirəcək”.

***

Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. A.Mirzoyanın diplomatik həyasızlığının hansı məqsədə xidmət etdiyini sonda diqqətə çatdıracağıq. Hələlik isə onu bildirək ki, Ermənistan konstitusiya məhkəməsinin ötən ilin sentyabrında ölkənin işğalçı mahiyyətə və ərazi iddiasına söykənən İstiqlaliyyət bəyannaməsinin əsas qanunda yer almayan müddəalarının etibarsızlığına dair qərar verib. O da məlumdur ki, bir məhkəmə qərarı konstitusiyanın bəyannaməyə istinad xüsusunu aradan qaldıra bilməz. Ona görə belə yanaşma yetərsizdir. Ermənistan konstitusiyasının ölkənin İstiqlaliyyət bəyannaməsindən qurtuluş yolu ümumxalq səsverməsi, yəni referendumdur. Mirzoyanın təbirincə desək, keçmişdə ilişib qalmaq referenduma getməmək, sözügedən bəyannaməni Ermənistanın hüquq sistemindən çıxarmamaq naminə çarpışmaqdır.

Ümumən, erməni XİN rəhbərinin “keçmişdə ilişib qalmaq” məntiqi yerinə düşmür. Birincisi, heç də hər şeyi keçmiş prizmasından qiymətləndirmək olmur. Çünki hələlik hadisə və proseslərə bu baxımdan yanaşmaq tezdir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə verdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına necə keçmiş kimi yanaşasan? Onun komandasında təmsil olunmuş müdafiə nazirinin “Yeni ərazilər uğrunda yeni müharibə!” şüarına da belə münasibət mümkünsüzdür.

İkincisi, 2020-ci ilin 44 günlük müharibəsi, savaşdan sonra Ermənistanın həyata keçirdiyi mina terroru, Paşinyanın beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdikdən sonra “Qarabağın özünün seçkili hakimiyyəti var” deyərək sərsəmləməsi də yüz il əvvəlin olayı deyil. Bu gün Ermənistanda silahlı qüvvələrimizin 2023-cü ilin sentyabrında gerçəkləşdirdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açılarkən “Qarabağın işğalı” amili üzərində dayanılır. Bildirilir ki, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə həyata keçirib. Görəsən, antiterror tədbirlərindən əvvəl rəsmi Bakının dəfələrlə etdiyi xoş çağırışlar niyə yada düşmür? Axı rəsmi İrəvan təmsilçilərinin Qarabağ ermənilərinin taleyi ilə oynayıb beynəlxalq miqyasda anti-Azərbaycan təbliğatına girişmələri, ölkəmizə qarşı antipatiya yaratmaq cəhdləri uzaq tarixin olayları deyil.

Üçüncüsü, biz bir xalq olaraq keçmişi yada salmazdıq. Çox böyük ehtimalla deməzdik ki, İrəvan qədim Azərbaycan torpağı olub və onun Ermənistana verilməsi tarixi xəyanətdir. Onu da bildirməzdik ki, Zəngəzur Sovet Rusiyası tərəfindən erməni varlığına peşkəş edilib. Həmçinin, Zəngəzurdan sonra torpaqlarımızdan ermənilərə hədiyyələrin edildiyindən söz açmaz, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın içinə qoyulmuş saat mexanizmli bomba kimi xarakterizə etməzdik. Ancaq bütün bunları vurğulayırıq. Ona görə ki, erməni millətçilərinin iştahası sonsuz idi. 1988-ci ildə “Miatsum” hərəkatının baş qaldırdığını və həmin hərəkatın yekun nəticədə nəinki Qarabağın, eləcə də digər yurd yerlərimizin işğalı reallığını doğurduğunu gördük. Uzun illər aparılmış Qarabağ danışıqlarının mahiyyətcə üzləşdiyimiz ədaləti heçə saymağa, həqiqətlərimizi pərdələməyə, işğal amilini ikinci plana atmağa hesablandığı da diqqətimizdən yayınmadı. Otuz ilə yaxın müddətdə müxtəlif erməni liderləri Azərbaycan xalqının heysiyyatı ilə oynadılar. Özlərinə əmin tərzdə bir qarış torpağı belə geri qaytarmayacaqlarını bildirdilər. Onlar “Ohanyan” xətti yaratdılar, onun keçilməzliyi ilə bağlı mif uydurdular.

Erməni qövmünün tarixi Azərbaycan – türk torpaqlarına köçürülmələri başımıza gətirilən faciələrin kökünü bilmək üçün xatırlanmalıdır. Aydın dərk edilməlidir ki, sözügedən köçürmənin məqsədi xristian erməni bufer zonası yaratmaq, türk dünyasını parçalamaq olub. Bunlar yetməyib Cənubi Qafqazdan türk – müsəlman izini silmək planları işə salınıb. Erməni qövmünün “xidmətlərindən” istifadə edilib. Bu xəstə toplum isə qana susamış yırtıcı kimi davranıb.

Biz 1918-ci ilin mart soyqırımlarını necə unudaq? Axı bu gün də haylar “soyqırımı” deyə dünyaya car çəkir, 1915-ci ildə Osmanlı təbəəsi olan ermənilərin dövlətin bir başından o biri başına köçürülmələrinin beynəlxalq miqyasda insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinə nail olmaqdan danışırlar. Heç kəs prosesin nə üçün baş verdiyi barədə soruşmur. Guya, müsəlman türklər xristian ermənilərə qarşı nifrət bəsləyirlərmiş. Necə oldu ki, Osmanlı dövlətində digər qeyri-müsəlman əhali rahat şəkildə ömür sürə bildi, ermənilər yox? Heç kəs bu barədə danışmır. Heç kəs bildirmir ki, həmin ermənilər Osmanlını arxadan vurmağa, təbəəsi olduqları dövləti sarsıtmağa çalışırdılar və buna görə də dövlət onları köçürməklə terror, təxribat yuvasını dağıtmaq məcburiyyətində qalmışdı. Hələ başqa faktları da yada sala bilərik.

Sözümüz ondadır ki, keçmiş bütün bunlara görə yada düşür. Həm də ona görə yada düşür ki, müasir Ermənistan özü keçmişdə ilişib qalaraq tipik erməni xəstəliyindən xilas ola bilmir. Hazırda dünya üzrə “eramızın 31-ci ilində xristianlığı qəbul etmişik. Bizə müsəlman Azərbaycanı ilə mübarizədə kömək edin” çağırışına bənzər deyimlərlə “silahlanmış” ikinci bir toplum yoxdur, ola da bilməz. Çünki heç bir toplum özünü bu cür aşağı səviyyəyə endirməz.

Bu gün erməni cəmiyyəti “dənizdən dənizə böyük Ermənistan” cəfəngiyyatını yuxu halından dövlət ideologiyası səviyyəsinə gətirirsə, rəsmi İrəvanın təmsilçiləri deyə bilməzlər ki, keçmişdə qalmaq düzgün deyil. Ermənistan və erməni qövmü nəinki keçmişin yuxuları ilə yaşayır və ondan qidalanır, ümumiyyətlə, keçmişdə oturub, irəliyə doğru bir addım da ata bilməyib. Bu geri düşüncənin, avantürist mahiyyətin icraçısı kimi A.Mirzoyanın etdiyi isə ancaq asan oxunan hiyləgərlikdir.

***

Bəli, erməni XİN rəhbəri Antalya Diplomatik Forumu çərçivəsində keçirilmiş paneldə də hiyləgərlik etdi. O, ziddiyyətləri geridə qoymaq üçün özündə cəsarət və iradə tapmış Avropa cəmiyyətlərində formalaşmış klişeləri təkrarlayaraq iz azdırmaq istədi. Məlumdur ki, “köhnə qitə”də “keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdır” deyiminin populyar olduğu məlumdur. Mirzoyan bu populyarlıq üzərinə siyasi sərmayə yatırmağa çalışdı.

Sonda erməni XİN rəhbərinin Antalyadakı “manifesti”ni hansı məqsədlə səsləndirdiyinə diqqət yetirək. İki məqsəd var. Birincisi, ümumən Azərbaycan əleyhinə antipatiya yaratmaq, ölkəmizi, guya, barış istəməyən tərəf kimi göstərmək. İkincisi, rəsmi Bakının sülh müqaviləsi ilə bağlı irəli sürdüyü şərtlərin dünya birliyi tərəfindən əhəmiyyətsiz sayılmasına, beynəlxalq aləmin ölkəmizə sazişi imzalamaq üçün təzyiq göstərməsinə nail olmaq. Nəzərə alaq ki, Azərbaycan həm təfərrüatını açıqladığımız Ermənistan konstitusiyasına dəyişikliyin edilməsini, həm də ATƏT-in Minsk qrupunun rəsmən ləğvini tələb edir. Daha doğrusu, İrəvanın Bakı ilə birlikdə onun ləğvi üçün müraciət ünvanlamasını.

Hər iki tələbimizdə məqsəd Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiasını sıradan çıxarmaqdır. Nəinki Paşinyan administrasiyasının timsalında Ermənistan dövləti, bütövlükdə, erməni cəmiyyəti yekdilliklə ərazi iddiasına düşməyəcəyini, Qarabağ azarından xilas olduğunu sübuta yetirməlidir. Bunun yolunu isə açıqladıq – referendum. Ancaq tamamilə əks prosesləri görürük. Ermənistanda revanşist – şovinist təmayüllər varlığını saxlayır. Rəsmi İrəvan səmimiyyətdən uzaq davranışı ilə həmin təmayülləri qoruyur. A.Mirzoyan Antalyada onları qorumaqdan başqa heç nə etmədi. Deməli, Ermənistan Azərbaycanla real və dayanıqlı sülhə razı deyil. Ölkənin növbəti müharibəyə hazırlaşdığını isə onun sürətli silahlanma xətti və şərti sərhəddə “dilə gətirdiyi” güllə səsləri göstərir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət