Müasir Azərbaycan ərazisinin siyasi-coğrafi obrazı və milli ideya

post-img

II MƏQALƏ

İdeya çevrilişi

Mövzu ilə bağlı I məqalədəki qısa təhlildən aydın olur ki, coğrafi olaraq ərazinin bütövlüyü anlayışından onun siyasi, ideoloji, mənəvi və psixoloji artefakt anlamına transformasiyası mürəkkəb idraki prosesdir. Bu məqamda Heydər Əliyevin müasir mərhələdə azərbaycanlı şüurunda ölkə ərazisinin bütövlüyü məsələsini tarixi, siyasi, mədəniyyət və ideoloji aspektlərin vəhdətində milli ideya kontekstinə uğurla ehtiva etməsi, sözün əsl mənasında, ideya inqilabı kimi qəbul edilməlidir. Problemin elmi cəhətdən incə tərəfi də məhz bu tarixi transformasiyaya konseptual və praktiki səviyyələrdə Ulu öndərin nail olması ilə bağlıdır. Ərazi bütövlüyü ilə müstəqilliyin təmini, xalq–hakimiyyət həmrəyliyi və ayrıca, cəmiyyətin bütövlüyü kimi siyasi xarakterli anlamlara keçidin məntiqi və semantik dinamikası aktual elmi məsələdir. Bunun üzərində dayanmaq gərəkdir.

Ərazi bütövlüyünün siyasi obrazı

Heydər Əliyev ölkənin tarixi və dövlətçilik ənənəsinin özəllikləri, mədəni özünəməxsusluğun vurğulanması əsasında ərazi bütövlüyünün bərpasını cəmiyyətin siyasi şüurunun “gündəminə” gətirə bildi. Bunu “milli ideya” anlayışı vasitəsilə praktiki reallaşma müstəvisinə proyeksiya etdi. Deməli, Azərbaycan liderinin məntiqi tutarlı arqumentlərlə cəmiyyətdə Azərbaycan ərazisinin bütöv coğrafi obrazını yaratmaq əsasında onu təmin etmənin siyasi və ideoloji motivəedici və nəticəverici mexanizmini dəqiqləşdirdi. Bu bağlılıqda məsələnin müstəqil dövlətin milli ideyası kontekstində həll edilməsinin irəli sürülməsi isə dahiyanə siyasi gediş idi.

Onun iki əsas təməl faktorunu dərk etməyimiz lazımdır. Onlardan birincisi, tarixin müxtəlif dönəmlərində Azərbaycanın ölkə və coğrafi-mədəni məkan olaraq ərazi bütövlüyü anlamının dəyişməsi ilə əlaqəlidir. Digəri isə müasir tarixi mərhələnin müstəqil dövlətçilik qarşısında qoyduğu vəzifələr prizmasında “ərazi bütövlüyü”nün adekvat siyasi-ideoloji və coğrafi obrazının yaradılmasıdır. Yəni coğrafi anlamda “ərazi bütövlü”yünün semantik sahəsi ilə siyasi-ideoloji anlamının məna sahəsi arasında daxili məntiqi bağlılıq mütləq yaradılmalı idi. Bu anlamlar arasında daxili məntiqi və məna bağlılığı olmayanda, praktiki nəticədə alınmır. Vurğulanan xüsusiyyətlər üzərində geniş dayanaq.

“İşğal edilmiş”, “verilmiş”, “itirilmiş” ərazilər obrazı

Müasir dünyada elə bir dövlət yoxdur ki, bu anlayışlar onun üçün aktual olmasın. Tarixən elə bir ölkə də mövcud deyildir ki, ərazisi coğrafi cəhətdən sabit olsun. Buna görə də ölkənin coğrafi ərazisi də dinamik ölçülərə malikdir – zaman-zaman müəyyən fərqliliklər meydana çıxır. Məhz həm də bu səbəbdən indi müstəqil dövlətlərdə ölkənin ərazi bütövlüyü məsələsi siyasi və elmi olaraq “işğal edilmiş”, “verilmiş”, “itirilmiş” ərazilər və sair kimi anlayışların nəzəri, fəlsəfi, semantik, coğrafi və politoloji obazlaının formalaşdırılması fonunda araşdırılır. Bu əsasda hər bir ölkənin özü üçün ərazi bütövlüyü (yəni müxtəlif aspektləri özündə ehtiva edən) obrazı yaradılır.

Bu məsələ Azərbaycan üçün də son dərəcə aktualdır, çünki tarixən ərazi məsələsinin həm coğrafi-fiziki mövcudluğu, həm də onun azərbaycanlı şüurunda obrazı fərqli dinamikaya malik olmuşdur. Burada ənənə (o cümlədən, azərbaycanlı şüurunda “ailə, “yurd-yuva”, “el”, “oba”, “vətən” obrazlarının yeniləşmə dinamikası) ilə müasir müstəqil dövlətçiliyin bəşəri prinsiplərinin nisbəti ciddi yer tutur. Bu tezisin semantikasından (müxtəli aspektlərin ortaq məna yükündən) qeyd edilən anlayışlara baxsaq, hansı özəllikləri görə bilərik?

Vurğuladığımız kimi, indi müxtəlif səviyyələrdə “verilmiş”, “itirilmiş” “işğal edilmiş” kimi təyinedici və mənalandırıcı terminlərdən, onların fərqinə varmadan hətta elmi tədqiqatlarda da istifadə edilir. Bu, təəssüf doğurur, çünki siyasi-hüquqi və nəzəri baxımdan onlar arasında fərqlər vardır. Xüsusilə fərdin şüurunda həmin anlayışların ifadə etdikləri coğrafi ərazinin təhrif olunmuş obrazı yaranırsa, tarixi səhvə yol verilir. Təcrübə göstərir ki, ərazinin milli maraqlara uyğun olmayan obrazı yarananda, cəmiyyət və dövlət “ilğım sahəsi”nə düşür və orada dövlətçilik baxımından özünün düzgün inkişaf etmək yolunu müəyyən edə bilmir.

Çünki bu zaman təməl istiqamətverici ideya rolunu oynayan faktorlardan biri ərazinin siyasi-coğrafi obrazı anlayışı təhrif olunmuş artefakt kimi özünü göstərir. Təhrif ounmuş, lakin mədəni və sosial memə (koda) çevrilmiş artefakt isə milli maraqlara uyğun olan ideya yarada bilmir. Bu cür artefaktın ideyaya çevrilməsi etnosu (cəmiyyəti) tədricən qeyri-dövlət müstəvisinə sürükləyir. Yəni formal dövlət olur, lakin o, milli maraqlara cavab verə bilmir. Və yaxud toplum sanki yad dövlətin diktəsi ilə yaşamağı milli duyğuları, ləyaqəti və şüuruna “çəkilmiş mehribançılıq sığalı” kimi qəbul edir. Bu isə sözün əsl mənasında, toplumsal faciədir, faktiki olaraq kimliyi (hər anlamda) itirməkdir. Son fikrin (kimlik məsələsini nəzərdə tuturuq) məna sahəsində “itirilmiş”, “verilmiş”, “işğal edilmiş” torpaqlar anlayışlarının Azərbaycan təcrübəsinə baxaq.

İtirilmiş torpaq

Siyasi anlamda “itirilmiş torpaq” nə zamansa ölkə ərazisində olan, lakin müxtəlif səbəblərdən hazırda ona daxil olmayan ərazinin obrazıdır. Burada zaman baxımından “itirilmiş” ya əbədi, ya da müvəqqəti əldən verilmiş ərazini ifadə edə bilər. Lakin torpağın hansı səbəblərdən və ya hansı üsulla (işğal, məcburi addım və ya verilmə) əldən verildiyi bir qədər qaranlıq qalır. Məsələn, Nadir şahın zamanında dövlətin ərazisi milyon kvadratkilometrlərlə ölçülürdü. Ancaq onun bir qismi (məsələn, Mərkəzi Asiya və Hindistan istiqamətində) itirilmiş ərazidir. Həmin ərazilərə iddia etmək müasir Azərbaycan Respublikası dövlətinin heç bir halda məqsədləri sırasına daxil deyildir. Bu mənada “itirilmiş ərazi” ifadəsinin mütləq mənada obrazı yaranır, yəni bir daha qaytarılması mümkün olmayan torpaqlar nəzərdə tutulur.

Bu anlamın başqa incəliklərinə varmağı lazım bilmirik. Onu vurğulayaq ki, “itirilmiş torpaq” müasir dövrdə ərazi bütövlüyü obrazına daxil olmayan ərazi obrazında ola bilər (bununla bərabər, başqa alternativ anlamları qətiyyən istisna etmirik).

Verilmiş torpaq

Ərazinin bu obrazını, adətən, Azərbaycanın daxilindən kimlərinsə əsassız və haqsız olaraq başqalarına torpaq güzəşti etməsi ilə əlaqələndirirlər. Hətta elmi təd-

qiqatlarda bu anlayışdan kimlərisə günahkar çıxartmaq üçün istifadə olunur. Burada əsas vardır. Azərbaycan tarixində müxtəlif səbəblərdən tarixi torpaqları yadlara güzəştə gediblər. Bu, xoşagələn və tam qəbul edilən hal deyildir. Eyni zamanda, azərbaycanlı şüurunda “verilmiş torpaq” obrazı onların qaytarıla bilinməsi inamı kontekstində yaradılmalıdır. Bu, ümumiyyətlə, dövlətin və xalqın ərazi bütövlüyünə üstünlük vermək niyyətini, iradəsini və düşüncəsini ideyaya çevirmək üçün gərəkdir. Yəni “verilmiş torpaq” termini bir tərəfdən şəxslərin mənfi keyfiyyətlərinə işarədirsə, digər tərəfdən edilən səhvin dövlətin ərazi bütövlüyü naminə düzəldilməsi zərurətinə inamın formalaşmasına xidmət etməlidir.

İşğal edilmiş ərazi

Bu, müasir Azərbaycan dövlətçiliyi baxımından tez-tez işlədilən ifadədir. Qarabağ işğal edilmiş ərazi idi. Qərbi Azərbaycan daha geniş anlamda işğal edilmiş ərazi olaraq qalır. Zəngəzur işğal edilmiş ərazidir. Təbriz işğal edilmiş ərazi deyildir, bölünmüş torpaqdır və s.

Ərazinin işğaldan azad edilməsi coğrafi, fiziki, siyasi və dövləti baxımdan ərazi bütövlüyünü bərpa etmək prosesinin bir mərhələsi kimi obrazlaşmalıdır. Qarabağın erməni işğalından azad edilməsi bu anlamda Avrasiya məkanında ərazi bütövlüyünün bərpasının bənzərsiz nümunəsidir. Onun təhlili aktualdır. İrəlidə ona toxunacağıq.

Burada qeyd edək ki, Qarabağın işğaldan azad edilməsi özlüyündə Qərbi Azərbaycana qayıdış məsələsini psixoloji və sosial-mədəni artefaktdan ideyaya yüksəltdi. “Qayıdış” anlamına yeni fəlsəfi məna verdi. Belə ki, indi azərbaycanlı üçün “qayıdış” həm fiziki mövcudluq, həm də bütövlüyə doğru hərəkat rəmzidir.

Vurğulanan qısa izahlardan sonra məsələnin milli ideya kontesktinə nəzər sala bilərik.

Milli ideya konteksti

Bu, araşdırılan məsələnin əsas qayəsini təşkil edir. Çünki Heydər Əliyev müasir azərbaycanlı şüurunda ərazi bütövlüyünü milli ideya səviyyəsində yaddaşa çevrilməsinin və onun daim aktuallaşdırılmasının yaradıcısıdır. Sözün həqiqi mənasında. Siyasi tezis kimi, əlbəttə, ərazi bütövlüyünün bərpasının millətin ideyası kontekstinə daxil edilməsi ciddi əhəmiyyəti olan prosesdir. Çünki real olaraq ərazi bütövlüyünün bərpası siyasi tezis (kəlam, müddəa, hökm, formul) kimi dövlətin məqsədi ola bilər və onu mühüm strateji dövləti məsələ kimi həyata keçirmək imkanı yaranar.

Burada ərazi bütövlüyünün psixoloji-sosial-mədəni arterfaktlıqdan intellektual fakta və oradan da ayrıca, siyasi ideyaya çevrilməsi kimi mürəkkəb bir prosesi unutmaq olmaz. Xüsusilə, keçən əsrin 90-cı illəri kimi Azərbaycan üçün çox qarışıq olan bir dönəmdə həmin vəzifənin öhdəsindən gəlmək yüksək zəka tələb edirdi. Burada ən azı siyasi liderlik məharəti ilə kütləni inandırmaq və onlarda məsuliyyətli münasibət formalaşdırmaq etikasının sintezi gərəkdir.

Məsələnin bu cür qoyuluşunun mahiyyəti onunla bağlıdır ki, milli ideya həmişə konseptual yanaşma tələb edir. Konseptual yanaşmadan kənarda milli ideya formalaşa bilməz. Onun artefakt kimi intellektual faktlıqdan ideyaya yüksəlməsini epistemik (fikrin sübutluluğunun müəyyən rasionallıq çərçivəsində təmin edilməsi, yəni, anlayışların məntiqi sisteminin yaradılması) çərçivədə gerçəkləşdirmək zəruridir. Buradan mövzuya bir sıra tədqiqaçıların da müraciət etdiyi Yaşar Qarayevin bir fikrindən baxmaq istərdik.

Yaşar Qarayev yazırdı: “Milli ideya dövlətçilik hüdudunda milli məfkurəyə o zaman çevrilir ki, bu ideyaya sahiblikdə, üstəlik, dövlət ərləri və öndərləri ilə ziyalı elita və bütöv əhali arasında monolit həmrəylik hökm-fərma olur”.

Sonra bu ümumi tezisdən konkret Azərbaycan üçün maraqlı fikir irəli sürür: “Əzəli, əbəbi Azərbaycanı bir yumruqda birləşdirən mənəvi cazibə məkanı da indi yalnız bu bütövlüyün məhvərində yarana bilər”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət