Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)
DGSE (xarici kəşfiyyat) Afrikada
Açıq şəkildə reaksiya verməyə cəsarət etməsələr də, Fransa prezidentinin özünü belə aparması, eləcə də onlara qarşı münasibəti Afrika dövlət başçılarının xoşlarına gəlmir. “Afrika liderləri Makronun sinik məntiqinə alışmayıblar. Bu onlarda belə bir hiss yaradır ki, sanki Afrika ölkələri Fransanın filiallarıdır”, – deyə Afrikada yaşayan bir fransız iş adamı bizə etiraf etdi. Prezident aparatına yaxın olan başqa bir diplomat əlavə etdi: “Onlar Makronu başa düşə bilmirlər. Bu 80 yaşlı Afrika liderləri ilə Makronun arasında qırx il yaş fərqi var. Belə bir münasibət onların, əlbəttə ki, xoşlarına gəlmir”.
Yelisey sarayının Afrika üzrə məsləhətçiləri Orelian Leşevalliye və Frank Paris Makronun prezidentlik mandatının ilk ilindən tez-tez bu qitəyə səfər edirlər. Onların məqsədi Fransa ilə Afrikanın müxtəlif dövlət başçıları arasında əlaqə yaratmaq və onların etibarını qazanmaqdır. Çünki ötən illər ərzində Afrikadakı fransız diplomatlarının yerini yavaşyavaş DGSE-nin (Fransanın Xarici Kəşfiyyat İdarəsi) casusları tutub.
Fransa prezidenti də öz növbəsində Afrika dövlət başçıları ilə şəxsi əlaqələr saxlamağa can atır. Burkina-Fasonun prezidenti Pol Kabore ilə yanaşı, Makron Seneqalın prezidenti Maski Sall ilə də yaxın münasibətdədir. Amma digər Afrika liderlərinin Fransanın bu gənc prezidentini görməyə gözləri yoxdur. Məsələn, Qvineyanın prezidenti Fransua Hollandın fanatıdır və ancaq ona sadiqdir. Fil Dişi Sahilinin lideri Alassan Uatt ara Nikol Sarkozi ilə çox yaxındır. Mövcud prezidentin əleyhdarlarından biri olan Loran Qbaqonun kürəkəni Stefan Kipre seçki kampaniyası zamanı Makrona maliyyə baxımından yardım etmişdi. 2018-ci ildə yeni nəsillər ittifaqının (UNG) prezidenti Kipre Parisdə prezident aparatının mətbuat katibi Benjama Qrivo ilə görüşür ki, Makron onunla bağlı xoş xatirələrini unutmasın.
Media stressdədir
“Telerama” jurnalının yazdığına görə, 2017-ci ilin dekabr ayının əvvəlində dövlət başçısı LREM partiyasının (Respublika Hərəkətdə partiyası) deputatlarının və Mədəniyyət Məsələləri Komitəsi üzvlərinin qarşısında bəyan etdi ki, o, televiziya sahəsində inqilab etmək arzusundadır: “İctimai televiziya bizim ayıb yerimizdir, bizim həmvətənlərimizin ayıb yeridir; ictimai televiziya idarəçilik baxımından çox pis gündədir; keçən bir neçə həftə ərzində fikir verdim ki, ictimai televiziyanın rəhbərləri işlərinin öhdəsindən lazımınca gələ bilmirlər...”.
Bu kəskin tənqiddə prezidentin əsl hədəfi Fransa Televiziyasının prezidenti Delfin Ernottdur. Bu qadın bir neçə həftə əvvəl 2018-ci ilin büdcəsi üçün 4 əsas telekanalın (TF1, France 2, France 3, Canal +) tələb etdiyi 50 milyon avronu 30 milyona endirmişdi. İctimai televiziyanın direktorunun bu ideyasını LREM partiyasının bəzi deputatları da dəstəkləmişdi. Bundan başqa, o, Baş nazirin kabinetindən, eləcə də Mədəniyyət Nazirliyi tərəfindən də dəstək almışdı. Delfin Ernottun bu layihəsinə, hətta Yelisey sarayından İsmael Emelien da razılıq vermişdi. Bundan başqa Mark Şvartz, eləcə də mədəniyyət nazirinin ovaxtkı kabinet direktoru Fransuaz Nissen də bu məsələyə yaşıl işıq vermişdilər. Ancaq Makron bundan xəbər tutanda bərk qəzəblənir, çünki qorxur ki, Milli Assambleyada bu ideyaya qarşı üsyankar bir fenomen peyda olsun. Prezident onu da yaxşı bilir ki, Milli Assambleyada onun partiyasından 232 deputatın əksəriyyəti mərkəz solçulara meyl edir... bu da təbii ki, onun xoşuna gəlmir, çünki Makron belə hesab edir ki, onun tətbiq etdiyi iqtisadi siyasət daha liberaldır... Ona görə də Makron təcili olaraq Delfin Ernottun bu layihəsinə, eləcə də öz doğma deputatlarına qarşı əks hücuma başlayır. Makron belə hesab edir ki, bu layihə qəbul olunsa, nəticəsi çox uğursuz olacaq...
Makronun bu çıxışından sonra Fransa Televiziyasında panika yaranır. Rəhbərlik elə bilirdi ki, onların təklifi Makronun partiyası tərəfindən qəbul ediləcək, çünki deputatların çoxu bu təklifin qəbul olunacağına zəmanət vermişdilər. Büdcə məsələsi tezliklə telekanalların xəbərlər proqramında bütün ölkəyə çatdırılır. Mətbuatda bu məsələ ilə bağlı polemikalar yaranır. Əlavə istintaq və xüsusi nümayəndə verilişlərinin yaradıcı heyətləri şoka düşür. Televiziya jurnalist Elis Lücetin adı mediada hallanır. Delfin Ernott mətbuatda güclü tənqid atəşinə tutulur. Makron televiziya jurnalistlərini tənqid atəşinə tutur. Nəhayət, prezidenti sakitləşdirmək və bu skandalı yatırtmaq üçün Fransa Televiziyasının informasiya direktoru Yannik Letranşan elan edir ki, “Telejurnalist Loran Deloss saat 19-da başlayan xəbərlər proqramını təkmilləşdirməyə səy göstərəcək...”. Məsələ burasındadır ki, bu məşhur telejurnalist dövlət başçısını yaxşı tanıyır. Onlar ikisi də Amien şəhərindəndirlər və hər ikisi də eyni məktəbdə təhsil alıb. Yannik Letranşanın bu elanından cəmisi bir neçə gün sonra Delfin Ernotta acıq vermək üçün prezident Makron Loran Delossa uzun müsahibə verir... özü də indiyə qədər görünməmiş xüsusi bir formatda: qırx dəqiqə ərzində dövlət başçısı Yelisey sarayının dəhlizlərində gəzə-gəzə jurnalistin suallarını cavablandırır. Prezidentlə bu şəkildə müsahibə ertəsi günü bəzi qəzetlərin səhifələrində lağa qoyulur.
Amma bununla belə Fransa Televiziyası günlərini sayır. Yelisey sarayında da, Baş nazirin kabinetində də texnokratlar qollarını çırmalayıb işə başlayırlar. Onların hədəfində Fransa Televiziyasının 3 milyard 233 avroluq sərmayəsidir. Baş nazir Eduard Filip Fəaliyyət Komitəsinin direktoru, vaxtilə Fransa Televiziyasının prezidenti olmuş Mark Tessiyeyə tapşırıq verir ki, 2022-ci ilə qədər dövlətin İctimai Televiziyaya çəkdiyi xərclərə 60 milyard avro qənaət etsin. Büdcəni azaltmaq üçün hətta bəzi telekanalları birləşdirmək ideyası da irəli sürülür. Hətta a digər “mütəxəssislər” teleyayımda vahid prezidentlik ideyasını da ortaya atırlar. Bir sözlə, televiziya və onun proqramlarından başqa ağıllarına gələn hər şeydən danışırlar. Bu azmış kimi Yelisey sarayının kabinet direktoru Aleksi Kohler Fransa Televiziyasına xalqa mənəvi sərvət gətirən ictimai bir müəssisə kimi yox, əbəs yerə milyonlarla pul səpələnən uçurum kimi baxır. Bu hələ harasıdır, Yelisey sarayının kabinet direktoru olan bu yüksək vəzifəli dövlət məmuru belə hesab edir ki, ictimai televiziya onun əmri ilə idarə olunmalıdır.
Yazılı mətbuat da kənarda qalmır
Makron media dünyasını yaxşı tanıyır və çox gözəl bilir ki, bu dünyada kiçik bir qığılcım böyük miqyaslı yanğına səbəb ola bilər. Rotşild bankında olanda, o, mətbuata aid olan bir neçə məsələnin üzərində işləmişdi, xüsusilə də 2010-cu ildə Le Monde qəzetinin satışının təşkilində. Elə həmin il o, Le Parisien qəzetini almağa cəhd edən bankir Qrequar Şertoka da kömək əli uzatmışdı. Ancaq nəticədə, bu satış qəzetin sahibi Mari-Odil Amori tərəfindən ləğv edildi. Makron həmçinin Lagardère qrupunun bəzi beynəlxalq qəzet və jurnallarının satışında da fəal iştirak etmişdi.
2018-ci il fransız mətbuatı üçün çətin bir il oldu. Yanvarın əvvəlində həftəlik jurnal L’Obs üz qabığında miqrantların vəziyyəti ilə bağlı hamını şoka salan bir foto çap etdi. Montaj olunmuş bir fotoda tikanlı məftillərin arxasında dayanmış, əynində ağ-qara rəngdə paltar olan Emmanuel Makron təsvir olunur. Fotonun altında isə iri hərflərə yığılmış belə bir başlıq verilir: “Miqrantlar, insan hüquqları ölkəsinə xoş gəlmisiniz...”.
Bir neçə həftə sonra jurnalın direktoru səhmdarlar tərəfindən işindən qovulur. Bəziləri burda Makronun əli olduğundan da şübhələnirlər. Digərləri isə iddia edirlər ki, onsuz da, direktor jurnalın zəif satışına görə vəzifəsindən getməli idi. Ola bilsin ki, bu fərziyyə doğrudur, amma prezidentin onun işdən qovulmasında rolu olduğu haqqında da söhbətlər dayanmır. Bunda da günah onun özündədir. Çünki Makron ölkədə elə bir mühit yaradıb ki, hansısa qalmaqallı bir işdə prezidentin əli olduğunu görməmək mümkün deyil.
Fransa Televiziyası ilə bağlı mübahisələr soyumamış, Makron başlayır yazılı mətbuata ilişməyə. Jurnalistlərə hörmətlə yanaşdığını qeyd etməklə bərabər, o, çıxışında “fake news” yayan qəzet və jurnallara qarşı mübarizə aparmağın vacibliyindən danışır, hətta utanmaz-utanmaz jurnalistlərə bir sıra “ağıllı” məsləhətlər də verir.
Payızda Nouveau Magazine litt éraire (yeni ədəbiyyat jurnalı) jurnalının səhmdarları, prezidentə olan sevgisini heç vaxt gizlətməyən Klod Perdriel də başda olmaqla, altıca ay qabaq özlərinin direktor təyin elədikləri Rafael Qlüksmanın işindən qovulmasına qərar verirlər. Le Monde qəzeti də yazır: “Nouveau Magazine litt éraire (yeni ədəbiyyat jurnalı) jurnalının direktoru Rafael Qlüksman, prezident Makronu tənqid etdiyinə görə işdən qovulur”. Məsələ burasındadır ki, gündəlik Le Monde qəzeti ilə Yelisey sarayı arasındakı əlaqələr çox gərgindir. Özü də bu təzə söhbət deyil, əksinə Makronun seçki kampaniyasından miras qalan bir düşmənçilikdir. O vaxt gələcək prezidentin komandasının bir dəstə üzvü Le Monde qəzetinin redaksiyasına hücum çəkib rəhbərliklə və siyasi şöbə ilə görüş tələb etmişdilər... nədir-nədir niyə gündəlik qəzet birinci səhifəsində onların lideri (Makron) haqqında tənqidi məqalə verib?!
(ardı var)