Naxçıvan Türkiyəni Mərkəzi Asiyanın türk dövlətləri ilə birləşdirən marşrutun kritik hissəsidir və Zəngəzur dəhlizinin açılması ilə onun əhəmiyyəti daha da artacaq.
Bu sözləri Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı İqdır-Naxçıvan qaz kəmərinin açılışını jurnalistlərə şərh edərkən deyib.
O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlığı Türk dünyasında qarşılıqlı fəaliyyət modeli kimi dəyərləndirib.
Onun sözlərinə görə, XX əsrdə diqqət mərkəzində olan beynəlxalq təşkilatların malik olduğu prioritet dövr öz yerini dialoq və əməkdaşlıq üçün regional platformalar epoxasına verir. “Asiya regionunda ASEAN və Avropada Avropa İttifaqı (Aİ) bu gün çoxqütblü dünyaya keçidin nümunələridir”, - deyən Orallı türk ölkələrinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha sıx birləşməsinin vaxtının yetişdiyini vurğulayıb.
Türkiyəli ekspert TDT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün vacib sahələrdən biri kimi enerji sektorunu qeyd edib.
O xatırladıb ki, Qərbi Avropada inteqrasiyanın əsası sonradan Aİ-yə çevrilən Avropa Kömür və Polad Birliyi tərəfindən qoyulub.
“Türk dövlətləri arasında energetika sahəsində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq davam edərsə, Mərkəzi Asiyadan dünya bazarlarına enerji nəqli marşrutları Naxçıvan vasitəsilə yaradılarsa, regionumuzda keyfiyyətcə yeni inkişaf və sülh mühiti formalaşar”, -deyə Türkiyə Universitetinin dosenti vurğulayıb.
Orallı qeyd edib ki, dövlətlər arasında istənilən sıx və qarşılıqlı faydalı siyasi dialoqun əsası iqtisadi birlikdir.
“Artıq bu gün Türk dünyasında mühüm regional əməkdaşlıq mexanizminin formalaşmasının şahidi oluruq, bunun növbəti mərhələsi gömrük maneələrinin aradan qaldırılması və ortaq bazarın formalaşması olacaq”, - deyən dosent İqdır-Naxçıvan qaz kəmərinin açılışını “Türk dünyasında iqtisadi əməkdaşlığın mühüm başlanğıcı” adlandırıb. (AZƏRTAC)