Nazirlər Kabinetinin qərarı

post-img

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 248 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 248 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 iyun tarixli 217 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 659 (Cild I); 2024, № 3, maddə 307, № 5 (II kitab), maddə 611) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında, preambulada və ikinci abzasda “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” üzrə:

1.2.1. adında “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin;

1.2.2. 1.1-ci bənddə “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə, “və magistratura” sözləri “, magistratura və ya doktorantura” sözləri ilə əvəz edilsin;

1.2.3. 2-ci hissə üzrə:

1.2.3.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Proqram iştirakçılarının doktorantura səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

2.2-1.1. namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya magistr ali elmi-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

2.2-1.2. xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması;

2.2-1.3. namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

2.2-1.4. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

2.2-1.5. namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi bağlamağa razılığının olması;

2.2-1.6. Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

2.2-1.7. namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;

2.2-1.8. namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

2.2-1.9. namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.”;

1.2.3.2. 2.3.1-ci yarımbənddə “və 2.2.1–2.2.5-ci” sözləri “, 2.2.1–2.2.5-ci və 2.2-1.1–2.2-1.6-cı sözləri ilə əvəz edilsin;

1.2.3.3. 2.3.4-cü yarımbənddə “2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci” sözləri “2.1.6–2.1.8-ci, 2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu” sözləri ilə əvəz edilsin;

1.2.3.4. 2.3.6-cı yarımbəndə “2.2.5–2.2.8-ci” sözlərindən sonra “və 2.2-1.7– 2.2-1.9-cu” sözləri, “2.2.1–2.2.4-cü” sözlərindən sonra “və 2.2-1.1–2.2-1.6-cı” sözləri əlavə edilsin;

1.2.3.5. 2.3.7-ci yarımbənddə “Respublikasının ali təhsil müəssisələrində bakalavriat və ya magistratura” sözləri “Respublikasında ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura” sözləri ilə, “və ya magistratura səviyyəsi” sözləri “magistratura və ya doktorantura səviyyələri” sözləri əvəz edilsin;

1.2.4. 3-cü hissə üzrə:

1.2.4.1. 3.1-ci bənddən “hər semestrinin” sözləri çıxarılsın;

1.2.4.2. 3.2-ci bəndin birinci cümləsində “və ya magistratura” sözləri “, magistratura və ya doktorantura” sözləri ilə əvəz edilsin;

1.2.4.3. 3.2.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.3-cü yarımbənd əlavə edilsin:

“3.2.3. doktorantura səviyyəsi üzrə təhsil almaq məqsədilə:

3.2.3.1. namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali təhsil müəssisəsinin sonuncu tədris ilində təhsil almasını təsdiq edən arayış və ya magistr ali elmi-ixtisas dərəcəsi haqqında dövlət sənədinin (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınmasına dair şəhadətnamənin) surəti;

3.2.3.2. namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

3.2.3.3. magistratura səviyyəsi üzrə xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin (xaricdə ali təhsil aldıqda) surəti;

3.2.3.4. namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd əmək fəaliyyəti ilə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər) surəti;

3.2.3.5. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti;

3.2.3.6. namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi bağlamağa razılığının olması barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi;

3.2.3.7. Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra əsas iş yeri olmaqla əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla ən azı 5 (beş) il müddətinə əmək müqaviləsi bağlamağa razılıq məktubu;

3.2.3.8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyun tarixli 1354 nömrəli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qalibi olduğunu təsdiq edən sənədin surəti;

3.2.3.9. namizədin sağlamlığı haqqında arayışın surəti;”;

1.2.4.4. 3.7.1-ci yarımbənddə “və 3.2.2-ci” sözləri “, 3.2.2-ci və 3.2.3-cü” sözləri ilə əvəz edilsin;

1.2.5. 4-cü hissə üzrə:

1.2.5.1. 4.4.4-cü yarımbənddə, 4.15-ci, 4.17-ci və 4.19-cu bəndlərdə “2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci” sözləri “2.1.6–2.1.8-ci, 2.2.6–2.2.8-ci və 2.2-1.7–2.2-1.9-cu” sözləri ilə əvəz edilsin;

1.2.5.2. 4.5.4-cü yarımbəndə “3.2.2.1–3.2.2.8-ci” sözlərindən sonra “və 3.2.3.1–3.2.3.9-cu” sözləri əlavə edilsin;

1.2.5.3. 4.16.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.16.1. bakalavriat və ya magistratura təhsil səviyyələri üzrə təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları, doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları – 20 bal;”.

2. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1 iyun tarixli 218 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 660 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında, preambulada və ikinci abzasda “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası” üzrə:

2.2.1. adında “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.1-ci bənddə “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə, “və magistratura” sözləri “, magistratura və ya doktorantura” sözləri ilə əvəz edilsin;

2.2.3. 1.2-ci bənddə “və magistratura” sözləri “, magistratura və ya doktorantura” sözləri ilə əvəz edilsin;

2.2.4. 1.3-cü bənddə “və magistratura səviyyəsi” sözləri “, magistratura və ya doktorantura səviyyələri” sözləri ilə əvəz edilsin;

2.2.5. 4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.1. Bakalavriat və ya magistratura səviyyələri üzrə təhsil alan proqram iştirakçısı hər semestr və ya tədris ili başa çatdıqdan sonra 1 (bir) aydan gec olmayaraq tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə təhsil aldığı xarici ali təhsil müəssisəsinin arayışını, transkripti, doktorantura səviyyəsi üzrə təhsil alan proqram iştirakçısı isə hər tədris ili ərzində iş planının yerinə yetirilməsi barədə elmi rəhbərinin rəyini İdarəetmə Qrupuna təqdim edir.

4.2. Bakalavriat və ya magistratura səviyyələri üzrə təhsil alan proqram iştirakçısının təqdim etdiyi tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayışa və transkriptə əsasən akademik borcu olduğu müəyyən edildikdə, doktorantura səviyyəsi üzrə təhsil alan proqram iştirakçısının tədris ili ərzində iş planının yerinə yetirilməsi barədə elmi rəhbərinin rəyinin mənfi olduğu müəyyən edildikdə təhsilin maliyyələşdirilməsi həmin hallar aradan qaldırılanadək İdarəetmə Qrupu tərəfindən dayandırılır. Qeyd edilən halların aradan qaldırıldığı tarixdən (akademik borcun ödənilməsi, elmi rəhbər tərəfindən müsbət rəyin əldə olunması) onun maliyyələşdirilməsi bərpa edilir.”;

2.3. həmin Qaydaya əlavə - “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış xərcləri ilə bağlı aylıq xərc normaları”nın adında “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə, “və magistratura” sözləri “, magistratura və ya doktorantura” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ mart ” 2025-ci il

№ 58

Nazirlər kabinetinin qərarları