Diplomatikliyə nə ehtiyac?

post-img

Rusiya XİN-in erməni mediasına cavabı ilə bağlı bəzi xatırlatmalar

Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti Ermənistanın “Verelq” analitik informasiya mərkəzinin Azərbaycanda məhkəməsi davam edən ermənilərlə bağlı sorğusunu cavablandırıb. Daha doğrusu, Rusiya XİN erməni mediasının Moskvanın tərəflər arasında vasitəçilik təcrübəsinə söykənmiş sualına nəzərən Qarabağın keçmiş separatçı rejiminin rəhbərlərinə qarşı Bakıdakı məhkəmə prosesinin insan hüquqlarının, guya, kobud surətdə pozulması faktı olmasına dair sualına münasibət bildirib. Əvvəlcədən deyək ki, münasibət kifayət qədər diplomatikdir.

Erməni mediası bəribaşdan, necə deyərlər, əl yeri qoyub. Yəni məhkəməsi davam edən şəxslərin Rusiya vətəndaşı olmadıqlarını vurğulayıb. Kremlin baş diplomatik idarəsinin cavabında da mövcud məqam ilk növbədə yada salınıb. Mövzuya “Biz əvvəlki brifinqlərdə bu mövzuya münasibət bildirmişik. Düzgün qeyd etdiyiniz kimi, adıçəkilən şəxslər Rusiya vətəndaşları deyillər” şəklində yanaşma onu göstərir ki, rəsmi Moskva məsələyə, belə demək mümkünsə, öz işi kimi baxmır. Amma Moskva artıq sıradan çıxmış vasitəçilik missiyasında israrlı olduğunu göstərməyi də yaddan çıxarmır.

Rusiya XİN humanitar məsələlərin ikitərəfli Ermənistan–Azərbaycan danışıqlarının gündəliyinə salınmasının Bakı ilə İrəvan arasında etimad mühitinin yaradılmasına töhfə verəcəyinə əminliyini açıqlayıb. İlk baxışdan, bu fikirdə elə bir fərqli nüans nəzərə çarpmır. O anlamda ki, həqiqətən, iki Cənubi Qafqaz ölkəsi arasında etimad mühitinin formalaşmasına ehtiyac var. Şübhəsiz, bu mühit sülhün uzunmüddətli kazusu kimi də çıxış edir. Hesab edək ki, humanitar məsələlərin də Azərbaycan–Ermənistan danışıqlar prosesində yer alması önəmlidir.

Humanitar məsələlərin arealı isə həddən artıq genişdir. Məsələn, bilinməlidir ki, erməni quldurları 1992-ci ilin fevralında Rusiyanın 366-cı motoatıcı diviziyasının köməyi ilə qətlə yetirdikləri Xocalı sakinlərini toplu halda harada basdırıblar? Axı, Xocalı faciəsi nəticəsində itkin düşmüş dinc azərbaycanlıların sayı yüzlərlə, hətta minlərlədir. Xocalı sakinləri tək deyillər, bu kateqoriyadan olan digər vətəndaşlarımız da var. Yəni belə məsələlər Azərbaycan–Ermənistan danışıqlarının predmetinə çevrilə, təmasların humanitar aspektini müəyyənləşdirə bilər.

Ancaq indiki halda Rusiya XİN-in “humanitar məsələlərin ikitərəfli Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınması” məntiqi bir qədər qəribə gəlir. Diplomatiklik də elə bununla bağlıdır. Birincisi, yuxarıda da vurğuladığımız kimi, erməni mediasının sualı konkret olaraq Bakıda məhkəməsi davam edən şəxslərlə əlaqədardır. Yəni humanitar məsələlər dedikdə, nədənsə, məhz həmin şəxslərin vəziyyətləri üzərində dayanılır. Onların isə erməni tərəfin iddiasının əksinə olaraq, hansısa problemləri yoxdur. Güman edirik ki, Moskva da belə demək mümkünsə, problem axtarışına çıxmır.

Azərbaycan məhkəməni həm beynəlxalq humanitar hüququn, həm də ölkəmizin qanunvericiliyinin bütün normalarını gözləməklə həyata keçirir. Ümid edirik ki, mövcud məqam, həm də məhkəməsi davam edən ermənilərin dinc azərbaycanlılara qarşı olmazın cinayətlər törətməkdə təqsirləndirildikləri Rusiyada nəzərə alınır. Əlbəttə, həmin cinayətlərin Rusiyanın sabiq rəhbərliyinin “xeyir-duası” ilə gerçəkləşdirilməsi də faktdır. Humanitar baxış nöqteyi-nəzərindən Moskvanın elə bunu düşünməsi kifayətdir. Düşünürmü?

İkincisi, Rusiya XİN açıqlamasında “humanitar məsələlərin ikitərəfli Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınması” mövqeyini ortaya qoyarkən, bildirir ki, bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalardan qaynaqlanır. Anlayırıq, Moskva, üçtərəfli Bəyanat məntiqinə sadiqdir. Amma söhbət Ermənistan rəhbərliyinin qətiyyən məhəl qoymadığı sənəddən gedir. Görəsən, mövcud məqam Rusiyanı düşündürürmü? Düşündürsə də, duruma qarşı çıxacaq mexanizmi yoxdur.

Ancaq Rusiya XİN-in açıqlamasından elə başa düşülə bilər ki, “qaçqınların hüquqlarına hörmət, mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşənlərin axtarışı, məhbusların mübadiləsi kimi məsələlərin həllinin zəruriliyi ilə bağlı öhdəliklərimizi təsdiq edirik” fikri üçtərəfli bəyanatlar məntiqindən qaynaqlanır. O zaman birinci qaçqınların hüquqularının qorunması məsələsi üzərində dayanaq.

Bəli, üçtərəfli Bəyanatın qaçqınların qayıdışı məntiqi mövcuddur. Bu məntiqə görə, 44 günlük müharibə zamanı Qarabağı tərk etmiş ermənilər Rusiya sülhməramlılarının vasitəsilə bölgəyə qayıtdılar. İndi, tutalım, Xocalıda məskunlaşma var. Axı mövcud proses heç də üçtərəfli bəyanatla reallaşmadı. Təcrübə göstərdi ki, həmin sənədin qaçqınların qayıdışı müddəası yalnız hərbi əməliyyatlar zamanı Qarabağı tərk etmiş ermənilərə şamil edildi, öz dədə-baba yurdundan qovulmuş və otuz ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamış azərbaycanlılara yox! Yanaşma nə dərəcədə ədalətlidir?

Digər tərəfdən, əgər Rusiya lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağı tərk etmiş erməniləri də qaçqın kimi nəzərdə tutub onların qayıtmaları məsələsini qabardırsa, bildirməliyik ki, bunun üçtərəfli bəyanat məntiqinə qətiyyən aidiyyatı yoxdur. Çünki Ermənistan həmin sənədə əməl etsəydi, nə antiterror tədbirləri olardı, nə də Qarabağdan Ermənistana köçü yaşanar, azərbaycanlılarla ermənilər dinc yanaşı yaşayardılar. Yeri gəlmişkən, Rusiyanın düşüncəsindəki beynəlmiləl konqlamerat da elə bu idi. Alınmadı. Eləcə də Moskvanın bu konqlameratın formalaşmasından sonra Qarabağın statusu ilə əlaqədar danışıqların sonraya saxlanılmasına dair istəkləri puça çıxdı...

Rəsmi İrəvan bacardıqca çalışmışdı ki, üçtərəfli bəyanat Qarabağdakı separatçı rejim üçün sipər olsun. Rusiya sülhməramlıları da onlara bunda xeyli kömək göstərdilər. Amma kömək də bir yerə qədər idi. Çünki Ermənistan rəhbərliyi, necə deyərlər, bir əldə iki qarpız tuta – həm Qərbi, həm də Rusiyanı seçə bilməzdi. Tərəzinin Qərb gözü ağırlıq edirdi. Elə isə gələk, Rusiya XİN-in açıqlamasındakı “mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşənlərin axtarışı, məhbusların mübadiləsi” müddəasının üzərinə.

Yada salaq ki, ötən ilin sonlarına doğru Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə erməni jurnalistin Azərbaycan tərəfinin Qarabağda, guya, yaşayış məntəqələrini dağıtmasına dair sualını, necə deyərlər, ağzında qoymuşdu. Xanım Zaxarovanın xatırlatması Qarabağın Azərbaycan ərazisi olmasına köklənmişdi. Yəni Azərbaycan öz suveren ərazisində arzuladığı işi görə bilər. O zaman biz indi nə üçün mövzunu danışıqlar gündəliyinə daxil etməliyik?

Ümumən, Ermənistanla danışıqlarda diferensiallaşma vacibdir. Yəni mövzular bir-birindən ciddi şəkildə ayrılmalıdır. Məsələn, mədəni irs hər bir halda Azərbaycanındır. Qarabağda erməni mədəni-tarixi irsi deyilən bir şey isə yoxdur. Hətta olsaydı belə, bunun Ermənistana nə dəxli? Bu gün ölkəmizdə rus pravoslav kilsələri fəaliyyətdədirsə, o demək deyil ki, onlarla bağlı hansısa məsələ Moskva ilə danışıqların predmetini təşkil etməlidir. Azərbaycan özünün multikultural xəttinə, ənənələrinə sadiqdir və bunu Rusiyada da, dünyada da gözəl bilirlər.

Hərbi əməliyyatlar zamanı itkin düşənlərin axtarışına, məhbusların mübadiləsinə gəlincə, bəli, bu da Bakı və İrəvan arasındakı müəyyən təmasların gündəliyini təşkil edə bilər. Ancaq məsələnin sırf sülh gündəminə heç bir aidiyyatı yoxdur. Sülhün konkret tezisləri və şərtləri var ki, Ermənistan onlara əməl ermək istəmir, “Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsi”ni də məhz bu səbəbdən qondarır. Mövcud durumda isə Rusiya XİN “Biz azərbaycanlı və erməni tərəfdaşlarımıza tələb olunan yardımı göstərməyə hazırıq”, – deyə mövqe bildirir. Axı göstəriləcək hansısa yardım ola da bilməz. Məhkəmə Azərbaycanın daxili işidir və ona qarışmağa heç bir dövlətin, o cümlədən Rusiyanın ixtiyarı yoxdur.

Sonda əvvəldə üzərində dayandığımız bir fikrə qayıdaq. Ola bilər, Rusiya XİN-də vurğuladıqlarımızın fərqindədirlər. Qurumun erməni mediasının sorğusuna cavabının diplomatik olduğuna dair qənaətimiz də bundan qaynaqlanır. “Əmma”ya gəlincə, hesab edirik ki, ümumən diplomatik münasibətə ehtiyac yoxdur. Rəsmi Moskva erməni mediasının sorğusunun predmeti ilə özünün onsuz da heç bir nişanəsi qalmayan vasitəçilik təsəvvürünü bir-birinə qarışdırmamalı, həssas davranmalıdır.

Ümumən, belə rəy yaradılmamalıdır ki, Bakıda məhkəməsi davam edən ermənilərlə əlaqədar durum humanitar məsələ kontekstində dəyərləndirilə bilər. Həmin şəxslər konkret cinayət əməlində ittiham olunurlar. Əgər, günahları sübuta yetirilməyəcəksə, azadlığa çıxacaqlar. Yox, əgər onlara qarşı irəli sürülmüş ittihamlar təsdiqini tapacaqsa, cəzalarını alacaqlar. Vəssalam!

Ə.RÜSTƏMOV
XQ

Siyasət