Abdullah Öcalan tərəfdarlarını PKK-nın ləğvinə və tərk-silaha çağırır
Dünya mətbuatı və beynəlxalq ictimaiyyət Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalanın fevralın 27-də televiziya ekranlarından birbaşa yayımla partiya üzvlərinə açıq müraciətini artıq “tarixi bəyanat” adlandırırlar. Öcalan əsasını qoyduğu və Türkiyədə qadağan olunmuş partiyanın ləğvinə və zorakılığa son qoyulmasına çağırıb. O, açıqlamasında PKK ilə Türkiyə dövləti arasında illərdir davam edən qanlı qarşıdurmadan sonra, tərəfdarlarının silahı yerə qoymasını tələb edib.
1980-ci illərdən Türkiyə dövlətinə qarşı mübarizə aparan radikal sol təşkilatın ideoloqu həbsxanadan yoldaşlarına səsləndirdiyi müraciətində qruplaşmanın çoxdan qarşısına qoyduğu hərbi məqsədlərin aktuallığını itirdiyini izah edərək, onları Ankara ilə barışmağa çağırıb. Öcalanın bəyanatını açıqlayan mətbuat konfransı Van və Diyarbəkirdə, eləcə də Suriyanın şimalında əksəriyyəti kürd əhalisi olan şəhərlərdə böyük ekranlarda canlı yayımlanıb.
“Sülh və demokratik cəmiyyətə çağırış” başlığı ilə kürd və türk dillərində oxunan çağırışda deyilir: “Min ildən artıq türklər və kürdlər yadelli işğalçılara qarşı birgə mübarizə aparıb. Lakin son 200 ildə müasir kapitalistlər bu ittifaqı məhv etməyə çalışıb”. O, PKK-nın yaradılmasını kürd xalqının mübarizəsində mühüm addım adlandırsa da, bildirib ki, “zaman dəyişib və müstəqil Kürdüstan, hətta muxtariyyət tələbləri artıq aktual deyil. İndi əsas məsələ Türkiyə Cümhuriyyətində demokratiyanın və siyasi plüralizmin gücləndirilməsidir”.
Türkiyə hakimiyyəti həqiqətdə PKK üzvlərinin, partiyanın qurucusu Abdullah Öcalanın çağırışına əməl edərək silahlarını yerə qoymalarını gözləyir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) Öcalanın açıq müraciətinə ilk cavab verən siyasi təşkilatlardan olub. AKP sədrinin müavini Efkan Alya qeyd edib ki, “çağırışın mahiyyəti silahı yerə qoyaraq terror təşkilatını ləğv etməkdir”. Siyasətçinin sözlərinə görə, “rəsmi Ankara PKK-nın səhra komandirlərindən öz strukturlarının buraxıldığını elan etmələrini gözləyir. Əgər bu baş verməsə, o zaman Ankara sərt tədbirlər görməyə davam edəcək. Prezidentimizin terrorla mübarizədə hansı siyasəti yürütdüyünü bütün dünya bilir”.
Öcalanın yazılı müraciəti fevralın 27-də Türkiyə parlamentində kürdləri təmsil edən Xalq Bərabərliyi və Demokratiya Partiyasının (DEM) deputatları tərəfindən oxunub. 1999-cu ildən həbsdə olan PKK qurucusu mesajında yoldaşlarını “dövlət və cəmiyyətlə inteqrasiya qərarı” verməyə çağırıb. Müraciətdə yazılır: “Bütün qruplaşmalar silahlarını yerə qoymalı və PKK buraxılmalıdır. Mübarizəni davam etdirmək üçün heç bir səbəb yoxdur: PKK “demokratik siyasi kanallar bağlanan” zaman yaranıb. İndi Türkiyədə vəziyyət dəyişib”.
Dünyanın sülh tərəfdarı olan siyasi qüvvələri bildirirlər ki, bu təşəbbüs Yaxın Şərqdəki ən mürəkkəb münaqişələrdən birinə son qoymaq, Türkiyə, Suriya və İraqdakı siyasi vəziyyəti dəyişmək və bütün regiona təsir etmək yolunda ilk addım ola bilər. Qərbin bir çox media nümayəndələri və ekspertləri qeyd edirlər ki, Öcalanın xalqa müraciəti ideyası ötən ildən bəri hakimiyyətə yaxın türk siyasi strateqləri tərəfindən işlənib. PKK-nın qurucusu ilə danışıqlarda əsas vasitəçi Türkiyənin İmralı adasındakı həbsxanada mütəmadi olaraq Öcalanı ziyarət edən DEM partiyası olub. Əlbəttə, Türkiyənin ali rəhbərliyinin təşəbbüsü olmasaydı, belə bir dialoq mümkün olmazdı.
Danışıqların gedişindən xəbəri olan mənbələrin “Əl-Monitor”a verdiyi məlumata görə, Ankara Öcalana həbs cəzasının müddətində dəyişiklik ediləcəyini, müxalifətçi deputat Səlahəddin Dəmirtaş da daxil olmaqla, tanınmış kürd siyasətçilərin kütləvi şəkildə azad ediləcəyini, həmçinin kütləvi ölümlərlə nəticələnən terror aktlarında iştirak etməyən PKK üzvlərinə amnistiya veriləcəyini vəd edib.
“Əl-Monitor” mənbələri kürd qruplaşmalarının da öz növbəsində 2017-ci ildə İraq Kürdüstanında oğurlanan iki Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşını azad edə biləcəkləri ehtimalına diqqət çəkib. “Əl-Monitor”a açıqlama verən və adının çəkilməsini istəməyən mənbələr bildirirlər ki, münaqişə tərəflərinin ilk praktiki addımı atəşkəs barədə qarşılıqlı bəyannamə olmalıdır.
Siyasi ekspertlərin fikrincə, sülh prosesində çox şey Türkiyə hakimiyyətindən asılı olacaq. Bir çox ekspertlər də bu addımı onların siyasi kombinasiyası kimi görür. Türkiyənin çox tanınmış siyasi şərhçilərindən biri Amberin Zaman bildirir ki, Öcalan çağırışında Suriya haqqında heç nə demir və Türkiyəyə qarşı heç bir qarşılıqlı vəd tələb etmir. Şərhçi bildirir ki, türk millətçilərini qəzəbləndirməmək üçün haqqında danışılmayan pərdəarxası razılaşmaları istisna etmək olmaz.
Keçmişə nəzər salsaq görərik ki, Türkiyədə PKK radikal solçularının silahlarını yerə qoyması istiqamətində siyasi addımlar RəcəbTeyyub Ərdoğanın hakimiyyətə gəlişindən sonra atılmağa başlanıb. 2005-ci ildə yeni Baş nazir seçilən Ərdoğan iki xalq arasında yeni səhifə açdı. O, əhalisinin əksəriyyətini kürdlər təşkil edən Diyarbəkirdə çıxış edərək Türkiyə Cümhuriyyətinin kürd məsələsindəki səhvlərini etiraf etdi. Kürd icmaları onun çıxışını alqışladılar və həqiqətən də, tezliklə bir çox məhdudiyyətlər aradan qaldırıldı. Ərdoğanın hakimiyyəti dövründə universitetlərdə kürd dili bölmələri yaradıldı və kürddilli media fəaliyyətə başladı.
PKK ilə Türkiyə hökuməti arasında ilk sülh təşəbbüsünə də 2009-cu ildə cəhd göstərilib. O zaman Baş nazir olaraq dövləti idarə edən Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə xüsusi xidmət qurumunun rəhbəri Hakan Fidan 2010 və 2011-ci illərdə Osloda PKK nümayəndələri ilə danışıqlar aparıb. Amma bu danışıqlardan bir nəticə əldə olunmayıb.
Jurnalist və kürd yönümlü DEM partiyasının millət vəkili Cengiz Candar hesab edir ki, Osloda cəhd edilən təşəbbüs, o zaman hakimiyyət uğrunda mübarizə aparan və Ərdoğanın AKP partiyasına qarşı çıxan Gülən Hərəkatı tərəfindən sabotaj edilib.
2013-cü ildə Öcalan yenidən atəşkəs elan edib və tərəflər danışıqlar masasına qayıdıb ikinci sülh prosesinə cəhd ediblər. Hətta “Dolmabaxça konsensusu” kimi tanınan sülh nizamlanması üçün ümumi prinsiplər işlənib hazırlanıb. Bu danışıqlarda PKK-nın həbsdə olan lideri Abdullah Öcalan və DEM partiyasının sələfi HDP aparıcı rol oynayıb. 2013-cü ildə kürdlərin Yeni il kimi qeyd etdiyi Novruz bayramında Diyarbəkirdə toplanan minlərlə insanın qarşısında Öcalanın məktubunun oxunması əhalinin əksəriyyətində sülh ümidi yaradıb.
Diyarbəkir Universitetinin hüquq üzrə professoru və PKK-nın əsas tənqidçilərindən biri olan Vahap Coşkun bu fikirdədir ki, “o vaxt Suriyadakı vəziyyət mühüm rol oynadığından, aparılan sülh danışıqları nəticə vermədi. Vətəndaş müharibəsi zamanı Suriya hökuməti şimaldakı ərazilərə nəzarəti itirdi. Bu səbəbdən də PKK-ya yaxın yerli kürd qüvvələr orada öz nizamlarını qurdular. Türkiyə dövlətinin mövqeyinə görə, hadisələrin bu cür inkişafı təhlükəli idi. Ona görə də sülh danışıqları bitdi...”
Hadisələri şərh edən Coşkun deyib: “Yaxın Şərqdəki dinamik vəziyyət Türkiyə üçün həm fürsət, həm də təhlükə kimi görünür. Xüsusilə də Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu Suriyada hadisələrin inkişafı “həlledici rol” oynayır. Türkiyə hökuməti indiki təşəbbüsü ilə PKK-nın bu vəziyyətdən daha da güclü çıxması ilə qətiyyən razılaşa bilməz. Bundan əlavə, Türkiyə İranın mümkün zəifləməsini regionda siyasi və iqtisadi rolunu gücləndirmək şansı kimi görür. Bu məqsədə çatmaq üçün PKK ilə silahlı qarşıdurmaya son qoyulmalıdır”.
PKK-nın rəhbərliyi paytaxtı Ərbil olan İraq Kürdüstanında yerləşir. Bundan əlavə, təşkilatın Suriyada döyüş aktivləri var. Türkiyə Suriyanın Şimal-Şərqi Muxtar Administrasiyasını rəsmi olaraq PKK “markası” ilə əlaqələndirir və hesab edir ki, bu üsyançı bölgənin hərbi dayağı – Suriya Demokratik Qüvvələrinin (SDQ) birbaşa radikal təşkilatının bir qoludur. Lakin suriyalı kürdlər bu cür ittihamları qəti şəkildə rədd edirlər.
Bölgədə kürd atəş çəmbərinin söndürülməsində maraqlı olan qüvvələr – kürd yönümlü DEM partiyasının nümayəndə heyəti, İraqdakı kürdləri də bu prosesə cəlb etmək üçün bir neçə gün əvvəl ölkənin şimalına səfər ediblər. Çünki bu problemin həllinin bir hissəsi – üçüncü element - İraqın tərkibindəki Kürdüstan muxtar bölgəsidir. Doğrudur, onun rəhbərliyi Türkiyə ilə münasibətləri normallaşdırıb və hətta Türkiyə ordusu bölgənin şimalındakı dağlarda yerləşən PKK yaraqlılarına qarşı mütəmadi əməliyyatlar həyata keçirir. Elə bundan çıxış edərək, Türkiyənin müxalif siyasətçiləri İraqın Kürd muxtariyyətinin baş naziri Məsud Bərzani ilə danışıqlar aparıblar. Deputatlar Öcalanın müraciətinin mətnini Bərzaniyə təqdim ediblər. Baş nazir də münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib və öz yardımını təklif edib.
İraqın siyasi analitiki Əsəd Əl-Abadi bu çağırışı böyük sevinclə qəbul etdiklərini qeyd edərək deyib: “Biz liderdən və kürd azadlıq hərəkatından narahat idik. Biz lider Öcalanın sülh çağırışını səbirsizliklə gözləyirdik. Gözləyirdik ki, növbəti mərhələ əmin-amanlıq mərhələsi, sülh, quruculuq, inkişaf mərhələsi olacaq…”
Türkiyədə başlayan bu proses beynəlxalq aləmdə də böyük əks-səda doğurub. BMT-nin Baş katibi Antonio Quterreş Öcalanın tarixi çağırışını alqışlayıb və bunun uzun müddətdir davam edən münaqişənin həlli üçün ümid işartısı olduğunu deyib. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında Quterreşin mesajını açıqlayaraq deyib: “Düşünürəm ki, Kürdüstan Fəhlə Partiyasının həbsdə olan lideri Abdullah Öcalanın döyüşçülərini silahlarını yerə qoymağa və PKK-nı bir qurum kimi buraxmağa çağıran mesajı ilə bağlı Türkiyədən gələn xəbərləri hamımız gördük. Baş katib bu mühüm addımı alqışlayır. Baş katibin fikrincə, bu inkişaf uzun müddətdir davam edən münaqişənin həllində ümid işartısıdır”.
Keçmiş danışıqlar proseslərindən fərqli olaraq, bu dəfə kürdpərəst millət vəkilləri ilə dialoqa qatılan hökumət müttəfiqləri prosesdən qarşılıqlı kompromisdən çox, birmənalı olaraq “terrorun sonu” – yəni PKK-nın birtərəfli tərk-silahı kimi danışırlar. Əlbəttə bu ümidverici bir tendensiyadır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu prosesin baş tutmasında qətiyyətli görünür. O, media qruplarından birinin ildönümünə həsr olunmuş çıxışında Abdullah Öcalanın bəyanatından danışarkən cümə axşamı günü yeni mərhələnin başladığını qeyd edib və deyib: “Dünəndən etibarən terrordan təmizlənmiş Türkiyə üçün səylərdə yeni mərhələyə qədəm qoyuldu. 1000 illik qardaşlığımız arasında tikilmiş terror divarının dağıdılması istiqamətində tarixi addım atma fürsətimiz var… Bu millətin heç bir nümayəndəsi, istər türk, istərsə də kürd, keçmişdə olduğu kimi, qeyri-müəyyən ritorika və hərəkətlərlə prosesi əngəlləyən birini bağışlamayacaq”.
Ərdoğan daha sonra vurğulayıb: “Başlanılan prosesin bütün elementləri ilə yerinə yetirilib-yetirilməməsinə aidiyyəti qurumlarımız vasitəsilə diqqətlə nəzarət edəcəyik”.
Türkiyə Prezidenti bildirib ki, hökumət prosesi sabotaj etmək cəhdlərinə qarşı sayıq olacaq və mümkün təxribatlara qarşı bütün lazımi tədbirləri görəcək: “Konstitusiyamızın ilk dörd maddəsinin yanındayıq, yolumuza davam edirik”.
Bu məsələdə dövlət başçısının yanında yer alan MHP sədri Dövlət Baxçalı da Ramazan ayının gəlişini təbrik edən “X” paylaşımında Öcalanın müraciətinə rəğmən yazıb: “Saxta ayrı-seçkiliklərin, süni fikir ayrılıqlarının, qarşıdurmaların, anlaşılmazlıqların milli həyatımızdan tamamilə silinəcəyi mübarək bir dövrün astanasında olduğumuz üçün necə də xoşbəxtik”.
Abdullah Öcalanın müraciətilə bağlı Moskvada yaşayan həmyerlimiz, Yaxın Şərq Tədqiqatları Mərkəzinin prezidenti, siyasi ekspert Murad Sadıqzadəyə “Xalq qəzeti”nin suallarını belə cavablandırdı:
– Türkiyədə terror təşkilatı olaraq tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucusu Abdullah Öcalanın gözlənilməz açıqlaması həm Türkiyədə, həm də xaricdə geniş rezonans doğurub. Amma bu addım elə də gözlənilməz deyildi, çünki Öcalanla Türkiyə hakimiyyəti arasında aparılan danışıqların nəticəsi kimi meydana çıxıb. O, kürd xalqının, təxminən, yarım əsr əvvəl başlayan mübarizəsinin Türkiyədə kürdlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş demokratik islahatlar nəticəsində aktuallığını itirdiyini vurğulayıb. Onun fikrincə, silahlı müqavimət artıq məqsədlərə çatmaq üçün effektiv vasitə deyil və PKK fəaliyyətini dayandırmalıdır.
Öcalanın müraciəti regionda aktiv siyasi proseslər fonunda səslənib. Hələ 2024-cü ilin oktyabrında Türkiyənin ultramillətçi Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı saxlanma şəraitinin mümkün yüngülləşdirilməsi müqabilində Öcalanı PKK-nın ləğvini açıq elan etməyə dəvət etmişdi. Bu sürpriz oldu, çünki millətçilər əvvəllər kürd hərəkatı ilə hər hansı güzəştə qarşı çıxmışdılar.
Hadisələri sürətləndirən əlavə təsir isə 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və hakimiyyət dəyişikliyi oldu. Suriyanın şimalındakı kürd əhalisi qeyri-müəyyən vəziyyətə düşdü və Türkiyə yeni Suriya hökuməti ilə PKK ilə əlaqəli silahlı kürd qruplarına qarşı birgə hərəkət etmək üçün danışıqlara başladı. “Hürriyət” qəzetində yer alan xəbərlərə görə, Qərbin məsələyə müdaxilə etməyə çalışacağı təqdirdə Ankara və Dəməşq kürd yaraqlılarına qarşı böyük hərbi əməliyyat keçirəcəklərini istisna etmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriyanın “terrorçuluq yuvasına” çevrilməməli olduğunu vurğulayaraq, PKK ilə mübarizənin davam etdirilməsinin vacibliyinə işarə edib.
Ümumiyyətlə, Kürd azlığı məsələsi Türkiyənin daxili siyasətinin əsas mövzularından biri olaraq qalır. Rəcəb Tayyib Ərdoğanın dövründə münaqişənin həllinə cəhdlər edildi. Siz bunları qeyd edirsiniz. Lakin 2015-ci ildə danışıqlar pozuldu və silahlı toqquşmalar yenidən başladı…
2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra kürdlərə münasibətdə siyasət daha da sərtləşdi. Lakin münaqişənin gərginləşməsinə baxmayaraq, sülh yolu ilə nizamlanma cəhdlərinin əksəriyyəti məhz Türkiyənin hazırkı rəhbərliyi dövründə edilib.
Öcalanın silahı yerə qoyması tarixi hadisədir, amma bunun real vəziyyətə nə dərəcədə təsir edəcəyi sual altındadır. Bu gün PKK monolit bir təşkilat deyil, liderləri Qəndil dağlarında (İraq) gizlənən parçalanmış bir hərəkatdır. Bu qruplar Öcalanın dərhal həyata keçirilməsini şübhə altına alan bəyanatına hələ ki, cavab verməyiblər.
DEM partiyasının fəaliyyət göstərdiyi Suriyanın Rojava əyalətində Öcalanın bəyanatı dəstək qazansa da, siyasi fəaliyyətə zəmanət vermək şərti irəli sürülüb. İraq Kürdüstanında Bərzani klanının rəhbərlik etdiyi səlahiyyətlilər də bu çağırışı dəstəkləyib, lakin onların PKK-ya təsiri məhdud olaraq qalır.
Beləliklə, bəyanatın əhəmiyyətinə baxmayaraq, münaqişənin dərhal dayandırılması ehtimalı elə də güclü deyil. Kürd hərəkatı çox dağınıqdır və silahlı qruplar əhəmiyyətli muxtariyyətə malikdirlər. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, bu addım yeni siyasi dialoq və münaqişənin potensial həlli üçün fürsət pəncərəsi açır.
Kürd məsələsi Yaxın Şərq münaqişəsi ilə yanaşı, regionun fundamental problemlərindən biridir. Qərb və regional oyunçular Türkiyə, İran, İraq və Suriyaya təzyiq göstərmək üçün çox vaxt kürdlərdən siyasi məqsədləri üçün istifadə edirlər. Lakin kürd hərəkatının liderləri yaşadıqları dövlətlərə inteqrasiya yolunu düşünməlidirlər. Müstəqil Kürdüstanın yaradılması Yaxın Şərqdə etnik və dini münaqişələrin zəncirvari reaksiyasına səbəb ola bilər ki, bu da qeyri-sabitliyin yeni mərhələsinə gətirib çıxara bilər.
Öcalanın açıqlaması vəziyyəti dəyişəcək və onilliklərlə davam edən qan tökülməsinə son qoyacaqmı? Hələlik bu sual açıq qalır.
İlqar RÜSTƏMOV
XQ