USAID-in əməkdaşları işdən qovulur

post-img

ABŞ Prezidenti Donald Trampın təyin etdiyi Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi qurumun 2 min əməkdaşının işdən çıxarılması ilə bağlı elektron məktublar göndərib. Bu barədə “The New York Times” qəzeti məktubun mətninə istinadən xəbər verib. Həmçinin bildirilib ki, minə qədər agentlik əməkdaşı məzuniyyətə buraxılıb. Sənədə əsasən, işdən çıxarmalar “kritik proqramlar” üzərində işləyən və ya “xüsusi proqramlar” həyata keçirən işçilərə və “əsas rəhbərlərə” şamil edilmir.

Qərar Trampın hökumət xərclərini azaltmaq üçün apardığı genişmiqyaslı kampaniyanın bir hissəsidir. O, Ağ evə qayıtdıqdan sonra, demək olar ki, xarici yardımlar 90 gün ərzində dondurulub. Bu barədə “Reuters” agentliyi bildirib. Nəşrin yazdığına görə, Ağ ev USAID-in dünya üzrə 10 mindən çox əməkdaşının 97 faizini işdən çıxaracaq və yalnız 294 mütəxəssis öz işini saxlaya biləcək. Qurumun xaricdə yerləşən əməkdaşlarına hökumət hesabına ABŞ-a qayıtmaq və müəyyən güzəştlər almaq imkanı da təklif olunub.

Xatırladaq ki, Dövlət katibi Marko Rubio USAID-in direktor əvəzi təyin edilib. Digər rəhbər vəzifələrə yeni administrasiyanın əməkdaşları təsdiq olunub. İşdən çıxarılanların əksəriyyəti isə Co Baydenin prezidentliyi dövründə işə qəbul olunanlardır. Əvvəllər məhkəmə agentliyə 2 min işçinin ixtisarını müvəqqəti olaraq qadağan etmişdi. Lakin fevralın 21-də ədliyyə orqanı əvvəlki qərarını dəyişərək, Tramp Administrasiyasının xeyrinə qərar çıxarıb. Bu qərarla ixtisarlara, ödənişli məzuniyyətlərə və xarici nümayəndəliklərin bağlanmasına icazə verilib. Buna xaricdəki yardım layihələrinin böyük xərclərə səbəb olduğu vurğulanıb.

Eyni zamanda, bildirilb ki, USAID əməkdaşlarının kütləvi şəkildə ixtisar edilməsi onun Vaşinqtondakı baş qərargahının bağlanması ilə bağlıdır. ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask isə xərcləri azaltmaq üçün agentliyin bağlanmaq prosesində olduğunu söyləyib. Onun sözlərinə görə, vergi ödəyicilərinin pulları səmərəli istifadə edilməyib. Prezident Administrasiyasının fevralın əvvəlində USAID-in “mənasız xərclərinin” siyahısını dərc etməsi də sübut kimi göstərilib. Sənəddən belə çıxır ki, agentlik “Serbiyada əmək kollektivlərində və biznes sahələrində bərabərliyin və inklüzivliyin təşviqi” üçün 1,5 milyon dollar, Kolumbiyada “transgender operası” üçün 47 min dollar və “LGBT fəallığı” üçün 2 milyon dollar ayırıb.

Mask daha sonra qeyd edib ki, USAID-in fəaliyyəti həm də digər ölkələrdəki seçkilərə təsir etmək məqsədi daşıyıb və bu məqsədə milyonlarla dollar ayrılıb. Sahibkar bunların “şübhəli” olduğunu vurğulayıb. Bundan sonra, onun rəhbərlik etdiyi departament USAID-in amerikalı vergi ödəyicilərinin pullarını ziddiyyətli proqramlara xərclənməsi ilə bağlı yeni bir sənəd dərc edib. Siyahıda, xüsusilə, “Hindistanda seçici fəallığının artırılması” üçün ayrılan 21 milyon dollar və “Banqladeşdə siyasi mühitin gücləndirilməsi” üçün ayrılan 29 milyon dollar kimi böyük məbləğlər yer alıb.

Xatırladaq ki, Banqladeşdə keçən ilin yazında kütləvi iğtişaşlar baş verib. Bu iğtişaşlar hökumətinin süqutuna və ölkənin baş nazirinin Yeni Dehlidə sığınacaq axtarmasına səbəb olub.

Göründüyü kimi, Vaşinqtondan gələn bu açıqlamalar, USAID-in Cənubi Asiya regionundakı digər ölkələrdə siyasi proseslərə maliyyə ayırdığını və regionda sabitliyi pozmağa çalışdığını göstərir. Siyahını kifayət qədər uzatmaq da olar.

Xərclərin açıqlanması bir daha ABŞ dövlət agentliklərinin, xüsusən də USAID-in büdcə vəsaitlərindən istifadəsinin məqsədəuyğunluğu və səmərəliliyi ilə bağlı suallar doğurur. Ekspertlərin fikrincə, xaricdə şübhəli layihələrə bu cür məntiqsiz xərclər ABŞ-ın özünün daxilində maliyyələşdirmə tələb edən çoxlu aktual problemlərin olduğu bir vaxta təsadüf edir. Vaşinqton bu problemləri aradan qaldırmaq və maliyyələşdirmək üçün əlavə mənbələr axtarmalı olur.

Onu da qeyd edək ki, işçilərin ixtisarı yalnız USAID-i əhatə etmir. Digər sahələrdə də işçilər işdən çıxarılır. Məsələn, Ağ ev Səhiyyə Nazirliyinin minlərlə əməkdaşını işdən çıxarmağa hazırlaşır. Məmurlara şöbədə saxlanmalı olan və qurban verilə bilən işçilərin siyahılarını hazırlamaq əmr edilib. Ümumiyyətlə, Tramp 50 mindən çox dövlət işçisini işdən çıxaracağını bildirib. Bu addımların büdcə xərclərini azaltmaq üçün atıldığı vurğulanıb.

Bu tədbirlərə cavab olaraq 14 ştatın nümayəndəsi Tramp və İlon Maska qarşı iddia qaldırıb. Bundan başqa, USAID-in 26 əməkdaşı və podratçısı da məhkəməyə müraciət edib. Lakin onlar məhkəmələrdən adlarının açıqlanmamasını xahiş ediblər. Bunu Maskın USAID-ə qarşı “qeyri-adi düşmənçiliyi” səbəbindən təxribat və ya işdən çıxarılmaq qorxusu ilə izah ediblər. İddia ərizəsində bildirilib ki, Maskın təyinatı ABŞ Konstitusiyasını pozur, çünki onun ofisinin funksiyalarına, adətən, Senat tərəfindən təsdiq olunacaq qərarlar daxildir.

Bu yolla büdcə kəsirini azaltmaq isə mümkün olmayacaq. Trampın siyasi proqramının həyata keçirilməsi dövlət xərclərini azaltmağa müvəffəq olsa belə, ölkənin büdcə kəsirinin artmasına səbəb ola bilər. Bu barədə “NBC News” kanalı ekspertlərə istinadən məlumat yayıb. Kanalın həmsöhbətlərindən birinin nöqteyi-nəzərindən, hətta təhsilə ayrılan bütün xərclərdən və digər ölkələrə yardım göstərməkdən tamamilə imtina etmək belə büdcə balansına yaxınlaşmağa imkan verməyəcək, çünki Trampın korporativ gəlirlərə vergiləri azaltmaq planları əlavə trilyonlarla kəsir gətirəcək.

Digər ekspertin fikrincə, vergi güzəştlərini həyata keçirmək və eyni zamanda, büdcəni tarazlaşdırmaq üçün büdcə xərclərinin ən azı 30 faizindən imtina etmək lazımdır. Belə olan halda sosial təminat, tibb və müdafiə ilə bağlı xərclərin 75 faizə qədərinə yenidən baxılmalı olacaq.

Xatırladaq ki, Tramp yanvarın 23-də ölkədə istehsalı stimullaşdırmaq üçün korporativ gəlir vergisini 15 faizə endirmək planlarını açıqlamışdı. Prezident etiraf edib ki, bunun üçün demokratların razılığı lazımdır, lakin o, razılığın əldə ediləcəyinə əmin olduğunu bildirib.

***

USAID həm də Azərbaycanda fəaliyyətini dayandırmalı olub. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoyulmadığı üçün ötən ilin fevralında hökumət USAID-lə müqavilənin müddətini uzatmayıb. Bundan sonra Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-a bildiriş də göndərib. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə açıqlama vermişdir: “USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: “USAID-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət