Missiya “kaput”, fon Ritter!

post-img

Yaxud Aİ-nin Ermənistandakı “kəşfiyyat” rəhbərinin sayıqlamaları

Azərbaycan hakimiyyəti Avropanın bu “xristian klubu”nun Emənistana göndərdiyi alman-fransız müşahidəçilərinin ilkin missiyasının sərhədlərini çoxdan aşmasına, onun mülkidən hərbiləşdirilmiş “status” qazanmasına, Avropa İttifaqından NATO-ya “transformasiya” etməsinə, “xidmətinin” qısamüddətlidən uzunmüddətliyə çevrilməsinə etirazını bildirib. Bu yaxınlarda isə avropalı casus-kəşfiyyatçıların mandatını yeni elementlərlə genişləndirmək planları məlum olub. Yəni, “mülki missiya” kəşfiyyat orqanı kimi sərhədin Ermənistan–Türkiyə və Ermənistan–İran hissələrində yerləşdirilməsini planlaşdıran “tamhüquqlu hərbi kontingent” formatı olacaq. Bu o deməkdir ki, Aİ misiyanın müddətini uzatmaqla yanaşı, həm də “fəaliyyət coğrafiyasını” tədricən genişləndirir.

Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə deyə bilərik ki, Aİ-nin Ermənistanla Azərbaycanın şərti sərhədindəki təxribatçı casus missiyası olmayan mandatının şərtlərini, sərhədlərini və mahiyyətini əhəmiyyətli dərəcədə genişləndirərək, bölgədə vəziyyəti qarışdırmaq niyyətindən əl çəkmir.

Avropalı müşahidəçilər 165 beynəlxalq və 44 erməni üzv olmaqla tərkibi və sayı dəyişməyərək 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Ona 2023-cü il fevralın 20-də verilən mandat Avropa İttifaqı tərəfindən dəyişməz qalıb: “Ermənistanın sərhəd zonalarında insidentlərin sayını azaltmaq, bu rayonlarda yaşayan əhali üçün təhlükəsizlik yaratmaq və bununla da yer üzündə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək”.

Fəqət iki il göstərdi ki, Aİ-nin bəyan etdiyi bu məqsədlər nə qədər humanist səslənsə də, missiyanın əsl mahiyyəti bunun tam əksidir. Və bunun təkzibolunmaz faktlara əsaslanan çoxlu dəlili, sərhəddə çəkilmiş foto və videogörüntüləri var.

* * *

Bu, təqaüddə olan alman polisi Markus Ritterin hay mediasına ilk müsahibəsi olmasa da, xüsusi diqqət çəkən məqamlarla “zəngindir”. Əvvəlcə onu yada salaq ki, 2023-cü ilin yazında Ritter həmvətənlərinə demişdi ki, “əgər Azərbaycan hələ də Ermənistana hücum etməyibsə, deməli, missiya öz vəzifələrinin öhdəsindən mükəmməl gəlir”. Doğrudur, sonra, o, dediyi sözlərdən imtina etdi. Guya, bunu müsahibə üçün deyil, qeyri-rəsmi söhbətdə deyib. Bundan sonra M.Ritter iyrənc qeyri-diplomatik “jestlər” eləmədi və sakitcə kəşfiyyat fəaliyyəti ilə məşğul oldu. O, daha çox Qərbdən təşrif buyurmuş müxtəlif siyasətçilərin Azərbaycan ərazisinə durbinlə baxmaq üçün şərti sərhədə səfərlər təşkil etməsi ilə seçildi. Amma yenə “çekist”liyini unudub, danışdı. Bu dəfə, o, Aİ missiyasının insidentlərin sayını azaltmasının, təhlükəsizliyi artırmasının “sübut olunmuş faktlar” kimi bəyan etdi: “İlk gündən kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlar eşidirik, amma bizim işimiz tamamilə şəffafdır. Biz sərhəd boyu açıq patrul həyata keçiririk və hər iki tərəf harada olduğumuzu həmişə bilir”.

Müsahibəsində bir il əvvəlki məlum bəyanatı fərqli redaktədə yenidən təkraralayan M.Ritter deyir: “Azərbaycanlılar Ermənistana hücum etmirlər və bu, bizim ləyaqətimizdir”. Həqiqətən də, sərhəddə insidentlərin sayı azalıb, amma bu, “binokllu hökmdarın” missiyasının fəaliyyətinin nəticəsi ilə deyil, Azərbaycanın fəaliyyəti ilə bağlıdır. 2023-cü ilin sentyabrında birsutkalıq antiterror tədbiri ilə Azərbaycan suverenliyi tam bərpa etdikdən sonra Ermənistan üçün sərhəd təxribatları siyasi əsaslardan məhrum oldu. Fəqət, buna baxmayaraq, əvvəlki kimi tez-tez olmasa da, hələ də Azərbaycan mövqelərinin atəşə tutulması baş verir. Ona görə missiya yerləşdiyi sərhəd zolağına dəqiq nəzarət edib Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını alsaydı, daha yaxşı olardı.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov bu kontekstdə maraqlı bir məqama diqqət çəkdi: “Missiya yalnız Ermənistan-Azərbaycan sərhədində – Ermənistanın şərqində və cənub-qərbində 1000 kilometrdən çox ərazidə fəaliyyət göstərir. Bu yaxınlarda hay mediası qəzaya uğramış Ermənistan vətəndaşlarının həyatını xilas edən Aİ missiyasının üzvləri haqqında məlumat getdi. Yəni, Aİ missiyasının üzvləri İrəvan–Gümrü yolunda insanları xilas etdi. Axı bura qərb istiqaməti, Türkiyə ilə sərhəddir! Avropalı casusların bu yolda, Türkiyə ilə sərhəddə nə işləri var?! Amma onlar gileylənirlər ki, 1000 kilometrlik sərhədi tam əhatə etməyə adamları çatmır. Gümrüdə Rusiyanın hərbi bazası yerləşir. Yoxsa onlar Ermənistan–Türkiyə sərhədinə göz dikiblər?!

Bakı sülh sazişinə Azərbaycanla Ermənistan sərhədində üçüncü qüvvələrin olmamasını göstərən bənd təklif edir. Halbuki Ermənistan Aİ missiyasının timsalında üçüncü tərəfin sərhədə daxil olmasına icazə verir. Bu missiya sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə yardım edəcəkmiş. Həm də onun vasitəsilə Aİ bu prosesə texniki dəstək vermək, tərəflər arasında sülh və etimad mühiti yaratmaq niyyətində imiş. Bu gün sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ikitərəfli formatda gedir. Yəni, Aİ heç bir formada orada iştirak etmir. Və bu iki element Azərbaycan tərəfinin haqlı narazılığına haqq qazandırır.

Aİ missiyasının müddətini uzatmaq qərarı sülh müqaviləsinin imzalanmasına da maneələr yaradır. Ola bilsin ki, bu missiyanın Ermənistanda mövcudluğu onun təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qəbul edilir. Əgər Paşinyan Aİ missiyasını sərhədin delimitasiya və demarkasiya olunmuş hissələrindən çıxarmağı təklif edirsə, deməli, Ermənistanın özünün belə imkanı var. Bu, danışıqlar prosesinin tərkib hissəsi ola bilər. Ermənistanın öz ərazisində hansı qüvvələrin olacağına özü qərar verə bilər. Amma bu qüvvələr şərti sərhəddə cəmləşib, anti-Azərbaycan məzmunlu feyk-informasiya yayırsa, Azərbaycan belə təxribat xarakterli hərəkətlərə uyğun reaksiya verəcək. Odur ki, missiyanın müddətinin daha iki il uzadıldığını nəzərə alsaq, onun funksionallığını dəyişdirmək barədə danışıqlar aparmaq zərurəti yaranır”.

* * *

M.Ritterin müsahibəsindən növbəti sitat: “Bizim fəaliyyətimiz Aİ-nin nümayəndəliyi vasitəsilə əvvəlcədən Bakıya çatdırılır, ona görə də heç bir gizli hərəkət yoxdur. Biz real vəziyyəti beynəlxalq ictimaiyyətdən, xüsusən də Brüsseldən gizlətməyə imkan vermirik. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün əlverişsizdir. Çünki indi onlar Aİ-nin xəbəri olmadan nəyəsə başlaya bilməzlər”.

Ermənistanın avropalı “qubernatorunun” az qala hədə-qorxu ilə dediklərinin arxasında təkcə lovğalıq elementləri deyil, həm də hədsiz qürur hissi keçirməyin əlamətləri görünür. İstefada olan almaniyalı polkovnikə qulaq asanda belə bir nəticəyə gəlmək olar ki, Brüssel Cənubi Qafqazda vəziyyətə “tam nəzarət edir”. Ermənistan baş nazirinin Aİ missiyasına sərhədin demarkasiya olunmuş hissələrində ehtiyacın qalmaması barədə açıqlamasına “aydınlıq gətirən” Ritter bu təklifin missiyanın geri çəkilməsi ilə bağlı deyil, yalnız sərhədin dəqiq müəyyən edilmiş hissələrində fəaliyyətin azaldılması ilə bağlı olduğunu bildirib: “Amma bu, o demək deyil ki, biz cəbhəyanı kəndlərə getməyi və yerli sakinlərlə ünsiyyəti dayandıracağıq. Əgər tərəflər patrulların sayını azaltmağa razılaşsalar, buna etirazımız yoxdur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu XQ-yə açıqlamasında bildirdi ki, avropalı müşahidəçilərin Ermənistanda yerləşdirilməsinin heç bir faydası olmadı: “Bu missiya bölgə üçün daha çox problem yaratmaqla məşğul oldu. İndi deyirlər ki, mülki missiyanın orada olması şərti sərhəddə baş verə biləcək insidentlərin qarşını alır. Əslində, sərhəddə insidentlər ona görə baş vermir ki, Azərbaycan bunda qətiyyən maraqlı deyil. Biz öz torpaqlarımızı işğaldan azad etmişik, şərti sərhəddə yerləşən yüksəkliklərə də nəzarət edirik. Ona görə Avropa İttifaqının missiyasının bunu öz hesablarına yazması kökündən yanlışdır. Digər tərəfdən, Azərbaycanın Ermənistana hücum etmək kmi bir planı da yox idi. Rəsmi Bakı bunu müharibən qurtarandan dərhal sonra bildirib. Doğrudur, Qərbi Zəngəzur qədim Azərbaycan torpağıdır və biz soydaşlarımızın ata-baba yurduna dönüşünü dəstəkləyirik. Amma bu, Ermənistana qarşı növbəti müharibəyə başlamaq anlamına gəlmir. Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə vurğulayıb və bu siyasətə sadiqik. Şübhəli missiyanın şərti sərhəddə yerləşməsi ona görə əngəl yaradır ki, müşahidəçilərin müddətinin uzadılması və saylarının artırılması Bakı ilə razılaşdırılmayıb. Bununla da missiya Azərbaycanla Ernmənistan arasında gərginlik ocağı yaradıb. Üstəlik, avropalıların şərti sərhəddə yerləşməsi sülh danışıqlarının əlavə bəndinə çevrilib. İndiki durumda Azərbaycan ikitərəfli sülh dialoqunda həmin bəndi də Ermənistana xatırlatmalı olur. Adı sülhməramlı olan Avropanın polis və jandarmları bölgədən çıxmalıdırlar. Çünki, yenə deyirik, bu missiya gərginlik mənbəyi olaraq qalır. Artıq iki ölkə arasında sərhədin bir hissəsi müəyyənləşib və proses davam edir. Həm də bu səbəbdən Aİ-nin müşahidəçi missiyasının bölgədə qalması həm sülh sazişinin imzalanmasına, həm də regionda əlaqələrin bərpasına və inkişafına ən böyül əngəl sayılır”.

* * *

Sonrakı isə mürəkkəbliyi ilə diqqəti çəkən keçiddir: “Hər iki tərəf vəziyyətin mümkün pisləşməsinə açıq şəkildə hazırlaşaraq mövqelərini gücləndirməkdə davam edir. Buna baxmayaraq, bütövlükdə region düzgün istiqamətdə (?) irəliləyir. Biz bu prinsipə sadiqik: ən pisə hazırlaş, amma ən yaxşısına ümid et”.

İndi gəl bu “missioner-diplomat”ın dedilərindən baş çıxart. Məntiqi uyğunsuzluq göz qabağındadır. Əgər tərəflər vəziyyətin pisləşməsinə hazırlaşırsa, “düzgün istiqamətdə hərəkət etməkdən” necə danışmaq olar? Başqa bir sual: əgər ən pisə hazırlaşırsansa, onda bu missiyanın nə faydası var? Yəni, M.Ritterin sözlərindən belə çıxır ki, “hələ heç nə yoxdur, amma hər şey ola bilər”.

Markus Ritterə deyən yoxdur ki, əgər müharibə indi baş verməyibsə, bu, sizin onun qarşısını aldığınıza görə yox, obyektiv şəraitin hələ yetişmədiyinə görədir.

Bu da Ritterin müsahibəsində ən diqqətçəkən məqam: “Missiyanın ikinci mandatı da eyni vəzifələri yerinə yrtirəcək: patrul xidməti, hesabat vermək və etimad mühiti yaratmaq. “Biz cəbhəyanı kəndlərdəki məktəblərə baş çəkməyə, uşaqlara missiya və Aİ haqqında danışmağa davam edəcəyik. Missiyamızın mülki və silahsız olduğunu çatdırmaq işimizin vacib tərəfidir. Bəli, biz kəşfiyyatla məşğul deyilik, regionun sabitləşməsinə kömək edirik”.

Deyəsən, Markus Ritter “kəşfiyyat” kəlməsini işlətdi. Siz heç eşitmisinizmi ki, kəşfiyyatçılar könüllü olaraq kəşfiyyatçı olduqlarını etiraf etsinlər? Ümumiyyətlə, bunun tam əksini göstərən faktlarımız varsa, Ritterin dediklərinə niyə inanmalıyıq?

Aİ misiyası, faktiki olaraq, Cənubi Qafqazda “dinc inşaat-abadlıq prosesinə dağıdıcı müdaxilə aləti” kimi çıxış edir. Hay mediasına müsahibəsində missiyanın faydasızlığını onun veteran alman polisi dolayısı ilə etiraf edib.

Xatırladaq ki, Ermənistan və Aİ missiyanın mandatını 2027-ci ilin fevralına qədər uzadıb. Ola bilsin ki, bu müddət ərzində “kollektiv Qərb” hansısa şəkildə Ermənistanı Azərbaycana qarşı yeni silahlı təxribatlara sövq etsin. İntəhası, onlar anlayırlarmı ki, biz cavab verəndə hər şeyin bir göz qırpımında baş verməsi ehtimalı yüksəkdir? 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı onlara bu sualı yanlış cavablandırmağa imkan verməz.

İmran BƏDİRXANLI
XQ





Siyasət