“Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli ötən saylarımızda)

Mərkəzləşmə proseduru və onun ziyanı

2018-ci ilin əvvəlində hər sahədə uğur qazanmağa çalışan prezidentin komandasının hələ ağlına gəlmir ki, tələsən təndirə düşər. Biz sanki “yumurtaların üstündə gəzirik!”, – deyə Emmanuel Makronun yaxın məsləhətçilərindən biri təşvişlə etiraf edir. Prezidentin komandası elə hesab edir ki, Makronun siyasi rəqiblərinin heç biri onun dırnağı da ola bilməz. Yelisey sarayında hər şeyi prezident Makron ilə Baş katib Kohler idarə edir. Hər şeyə onlar qərar verir və əlbəttə ki, nazirləri, prefektləri, səfirləri, eləcə də ölkənin bütün idarəetmə orqanlarının rəhbərlərini ancaq özləri təyin edirlər.

...Nəticədə sistem bloka düşüb tormozlanır. Bu vəzifələrə can atan çoxsaylı namizədləri bir-bir qəbul edib onlarla söhbət etmək, hansının bu vəzifəyə yararlı olub-olmamasına qərar vermək, təbii ki, çox vaxt aparır. Ona görə də departamentlərin çoxunun prefekturasına hələ nə prefekt təyin olunub, nə də xarici ölkələrə səfirlər. Prezidentlik kampaniyası zamanı Emmanuel Makron bəyan etmişdi ki, əgər prezident seçilsə, ölkənin idarəetmə orqanlarına rəhbər təyin etmək məsələsində Amerikada tətbiq olunan “spolis system” üsulundan istifadə edəcək. Di gəl prezident seçiləndən sonra fikrini dəyişdi. Amma 2017-ci ilin yayında o, hökumətin baş katibi Mark Qiyyomu öz vəzifəsində saxlamaq qərarına gəldi – baxmayaraq ki, onu bu vəzifəyə Hollandın prezidentliyi dövründə, Baş nazir Manuel Valls təyin etmişdi...

Beləliklə, “Contexte” saytında “Vitse Baş nazir” kimi təqdim olunan Mark Qiyyom, nazirliklərarası görüşlərə rəhbərlik edir, eləcə də nazirlər Şurasına təyin olunacaq namizədlərlə görüşüb onların arasında seçim edir. Ona görə də hamı ona, hökumətin bir növ nəzarət qülləsi kimi baxır. Yeri gəlmişkən, 52 yaşlı bu adam, düz səkkiz il Konstitusiya Şurasının katibi olub. Bu da o deməkdir ki, Qiyyom dövlət aparatının bütün sirlərini çox yaxşı bilir. Məhz elə buna görə, xüsusən də dövlət administrasiyasında istədiyini etmək üçün Makron onu öz vəzifəsində saxlamağa qərar verir. Onunla əlaqəni daha da möhkəmləndirmək üçün Makron ilə Bricit, hətta Mark Qiyyomu həyat yoldaşı ilə birlikdə evlərinə şam yeməyinə dəvət edirlər.

Hər şeyi öz nəzarəti altında saxlamaq, hər bir işə qarışmaq, lazım gəldi-gəlmədi hər bir məsələyə öz münasibətini bildirmək tez bir zamanda Emmanuel Makronu hamıdan təcrid edəcək. Dövlətin idarəetmə orqanlarındakı məmurları ixtisar etməkdə Nikola Sarkozidən daha betər olan Makron, Nazirlər Kabinetinin işçilərinin sayını azaldıb on nəfərə endirir. Ümumiyyətlə, Yelisey sarayı nazirlərə çox nadir hallarda məsləhətçilər götürməyə səlahiyyət verir, xüsusən də maliyyə sahəsində. Təbii ki, bundan sonra nazirlər idarə etdikləri nazirliklərin büdcə məsələsinə özləri qərar verə bilmirlər. (!) Bundan başqa, Nazirlər Kabinetində texniki məsləhətçilərin sayını məhdudlaşdırmaqla Makron, dövlət administrasiyalarında nazirlərinin siyasi çəkilərini azaldır.

Müxtəlif nazirliklərdə ixtisara saldığı təcrübəli mütəxəssislərin çatışmazlığını kompensasiya etmək üçün prezident Yelisey sarayında və Baş nazirin kabinetində rəsmi və qeyri-rəsmi məsləhətçilərin saylarını artırır. Dövlət fərmanlarının nəşr olunduğu rəsmi qəzetin yazdığına görə, onların sayı altmışa (!) qalxır, hətta bəziləri, eyni zamanda, həm prezident aparatında, həm də Baş nazirin kabinetində fəaliyyət göstərirlər. Bu, konformizm okeanında Makronun yaratdığı daha bir “yenilikdir”. Çünki onların çoxu İqtisadiyyat Nazirliyində büdcə sahəsində çalışmış maliyyə müfəttişləridir. Bir sözlə, Makronun ətrafındakıların təşkilat inqilabi kimi təqdim etdikləri bu məsələ, əslində, təmiz fransız texnokratiyasıdır.

Makronun prezident kampaniyasında birbaşa və ya dolayısı ilə iştirak edənlər indi özlərini onun tərəfindən tərk olunmuş hiss edirlər. 2017-ci ilin iyul ayında məşhur iqtisadçı Eli Kohen “Challenges” jurnalına verdiyi müsahibəsində belə deyir: “Emmanuel Makron onun layihəsinin inkişafında böyük rol oynamış iqtisadçıların hamısını özündən uzaqlaşdırdı... İndi hətta Yelisey sarayının Baş katibinin belə İqtisadiyyat Nazirliyindən gələn bu texnokratların nöqteyi-nəzərlərini qəbul etmək və ya inkar etmək bacarığı yoxdur”.

Prezident seçiləndən cəmisi bir neçə ay sonra Makron özündən elə bir super-prezident imici yaradır ki, nazirlərin heç biri qorxusundan onun yanında ağzını açıb bir söz deyə bilmirlər. Makron iclaslarda hətta bəzən onları təhqir də edir, sözlərini kobudcasına kəsir, təkliflərinə rişxənd edir. O, müxtəlif administrasiyaların direktorlarını birbaşa Yelisey sarayına çağırmaqdan da çəkinmir. Nə prezident aparatında, nə də nazirlər kabinetində onun sözünün qarşısında heç kim bir söz deyə bilmir. İqtisadiyyat naziri Brüno Lö Mer “Le Monde” qəzetinə böyük bir müsahibə verəndən sonra dərhal Yelisey sarayının Baş katibi Kohler tərəfindən tənbeh olunur. Makronun özünü super-prezident kimi aparması kənardan yaxşı görünsə də, praktikada özünü doğrultmur: Dövləti idarə edən nazir və məmurlar onun bu hoqqalarına çətinliklə dözürlər.

Makron əməkdaşlarına daim təzyiq göstərir. Gecə və gündüz. Hamı bu gərginliyi hiss edir – həm prezident aparatında, həm də Baş nazirin iqamətgahında. Makron bircə dəqiqə də olsun nə özü boş oturur, nə də başqalarına imkan verir. Nəticədə, o prezident seçiləndən on səkkiz ay sonra prezidentin ətrafındakı müşavirlər, məsləhətçilər hamısı yorulub əldən düşür. Hər şeyə şəxsən özü nəzarət edən, gecə-gündüz işləyən, hətta gecələr də yatmayan bir prezident kimi təqdim edilən Makron, istəsə də bütün işlərin öhdəsindən gələ bilmir. Buna baxmayaraq, prezident hətta ona ünvanlanan bütün məktubları şəxsən özü açıb oxuyur. Nəticədə, işlər üst-üstə yığılıb qalır, vacib sənədlərə cavab verməyə nə vaxt qalır, nə də imkan.

Özünə güvənib hökmranlıq edən texnokrat

Gənc prezident ətrafına təxminən özü yaşda müşavirlər və məsləhətçilər yığıb. Onların hamısı bir yerdə, qəhrəmanlarının şan-şöhrəti üçün əllərindən gələn hər şeyi edirlər. Tarixçi Patrik Buşeron onu, “hakimiyyətə can atan bir dəstə cavan oğlanı başına toplayıb, siyasət aparan” Makiavelli ilə müqayisə edir. Aleksi Kohler (Yelisey sarayının Baş katibi) ilə Makron eyni zövqə malikdirlər – ikisi də hakimiyyətə susayan adamlardır.

Şahmat taxtasında ən vacib fiqur vəzir olduğu kimi, Yelisey sarayında ən vacib fiqur Baş katibdir – dövlət texnokratiyasının xalis məhsulu olan Aleksi Kohler! Milli idarəetmə məktəbinin məzunu olmaqla bərabər, o, həm də çox nüfuzlu biznes məktəbini (Essec) bitirib. Nazirlər kabinetinə daxil olmamışdan əvvəl İqtisadiyyat Nazirliyinin Dövlət Xəzinə Agentliyində (APE) fəaliyyət göstərib. Əsli Alzasdan olan bu adam, üç il Beynəlxalq Valyuta Fondunda (BVF) işləyəndən sonra İqtisadiyyat Nazirliyində Pier Moskoviçinin kabinet direktorunun müavini təyin olunub. “O, çox təkəbbürlü və özündənrazı bir texnokratdır. Belələri, milli idarəetmə məktəbinin qəliblərində hazırlanan vafliyə oxşayır”, – deyə keçmiş iqtisadiyyat naziri Arno Monteburqun komandasının üzvlərindən biri narazılıqla donquldanır.

Əvvəllər Aleksi Kohler və Emmanuel Makron bir-birini tanımırdılar. “Aleksinin timsalında o, ikinci özünü tapıb”, – deyə bir vaxtlar Bricit hamının yanında sevinə-sevinə etiraf edirdi. Amma çox keçmir ki, birinci xanım bu texnokratda hakimiyyətə, hökmranlıq etməyə xüsusi bir iştaha aşkar edir və bundan sonra Kohler onun gözündən düşür. “Aleksinin özünü ərimlə bir səviyyəyə qoyması mənim heç xoşuma gəlmir”, – deyə Bricit rəfiqələrindən birinə şikayətlənir. Doğrudan da, Yelisey sarayında Kohler özünü dəryada balıq kimi hiss edir. Bu baş katib Baş nazir Eduard Philippi gözəl tanıyır. İkisi də bir vaxtlar – tələbəlik dövründə Mişel Rokardın (1988-1991-ci illərdə Baş nazir) təbliğatçısı olublar. O, həm də Brüno Lö Merin kabinet direktoru və Nikola Sarkozinin keçmiş iqtisadi müşaviri, Emmanuel Mulanın da yaxın adamıdır. Onlar Siyasi Elmlər İnstitutunda bir yerdə oxuyublar. İqtisadiyyat Nazirliyində Makronun keçmiş müşavirlərindən birinin dediyinə görə “Kohler xidmət işlərində çox liberaldır, həm də vergi məsələlərində sağçılar partiyasının ideyalarına daha yaxındır”. Makronun prezidentlik kampaniyası zamanı o, varlı səhmdarların artıq vergi ödəməklərinin ləğv olunması təklifini dəstəkləmişdi, halbuki Filip Marta və Jan Pisani-Ferri kimi iqtisadi ekspertlər bu təklifi rədd etmişdilər. Bu təklifi balanslaşdırmaq üçün Filip Marta məcbur olub, daşınmaz əmlakın miras verildiyi adamların vergilərinin artırılmasını təklif edir. Yeri gəlmişkən, bu təklifi vaxtilə ilk dəfə Attali komissiyasının gənc üzvü Emmanuel Makron irəli sürmüşdü... Ancaq bu ideya rəy araşdırmalarından sonra tez bir zamanda rədd edildi, çünki kampaniyanın rəhbərləri hiss etdilər ki, bu, seçicilərin narazılığına səbəb olacaq!

(ardı var)

Siyasət