“Xaçlı” təxribat havaya atılan boş güllədir
Rusiyada anti-Azərbaycan təxribatları yeni çalar almaqdadır. İndi də qondarma “dqr”ı tərk etmiş ruslardan alət kimi istifadə etmək meyillərini görürük. Həm də bu meylin din pərdəsi altında təşkil olunduğu aşkar sezilir. Deməli, Moskvada “Rusiyada yaşayan həmvətənlər arasından məcburi köçkünlər”in toplantısı keçirilib. Tədbirdə, özlərini “Qarabağın rus icması” adlandıran və Rusiyanın 12 şəhərini “təmsil edən” fəallar Azərbaycanın suverenliyinə qarşı çıxış ediblər.
Psevdoicmanın “Telegram” kanalında yerləşdirdiyi süjetdən öyrənirik ki, “etiqad təəssübkeşlərinin” tədbirini Rusiya Federasiyası vətəndaşları və Rusiya təşkilatları ilə iş üzrə icma rəhbərinin müavini Andrey Sergeyev təşkil edib. O, müraciətində 2023-cü ilin sentyabrında bütün xristian əhalinin Qarabağdan qovulmasından sonra Rusiyada yaşamağa məcbur olmuş Qarabağ rusları və pravoslav xristianların birləşməsində göstərdikləri səylərə görə həmyerlilərinə təşəkkür edib.
A.Sergeyev ardınca belə deyib: “Bütün baş verənləri nəzərə alsaq, Qarabağ Azərbaycanın bir hissəsi olmamalıdır! Bizim “dqr”ın dinc əhalisinə qarşı ədalətsizliyə və qəddarlığa dözməyə mənəvi haqqımız yoxdur. Rəsmi Bakının bütün dünyanın gözü qarşısında təşkil etdiyi doqquz aylıq “blokada” zamanı uşaqlarımızın, qocalarımızın üzləşdiyi, bütün konvensiyalara zidd olaraq başlayan düşmənçilik “insanlığa qarşı cinayət, bütün mənəvi-əxlaqi prinsiplərin kobud şəkildə pozulması”ndan başqa bir şey deyil”.
Özünü xristianların hüquqlarının müdafiəçisi kimi qələmə verən Sergeyev çıxışında həmçinin qeyd edib: “Hər birimiz üçün müqəddəs Qarabağ torpağı vətəndir! Şübhə yoxdur ki, Qarabağ erməniləri və rusları qədimdən ermənilərin olan Qarabağa mütləq qayıdacaqlar”.
Bu “xaçlı” təxribatın mahiyyəti və məqsədi hamımıza bəllidir. Rusiyada geniş təsir dairəsinə malik erməni diasporunun dəstək verdiyi şübhə doğurmayan bu aksiyanın kimlərinsə yaşamaq hüququna deyil, açıq-aydın dini və irqi ayrı-seçkilik motivlərinə kökləndiyi göz qabağındadır. Yəqin, oxucularımızda da eyni sual yaranır: Qarabağda nə qədər rus yaşayırdı ki, indi onlar təşkilatlanıb Azərbaycandan öz haqlarını tələb edirlər? Düşündük ki, sualın ən doğru cavab variantı statistikadır.
ARAYIŞ: 1989-cu il siyahıyaalınmasına görə, o vaxtkı DQMV-də 1922 rus yaşayıb. Ancaq burada bir “amma” var. Keçmiş DQMV ərazisində əhalisinin əksəriyyəti ruslardan ibarət cəmi bir kənd – Xocavənd rayonunun Kuropatkino kəndi olub. Birinci Qarabağ müharibəsindən əvvəl burada 800-ə yaxın sakin (əsasən molokanlar) yaşayırdı. 1992-ci ildə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində kənd boşalıb. Görünür, ermənilər dindaşlarına olan “böyük məhəbbəti” sayəsində bu kənd tezliklə “Gevorqavan” adlandırıblar. Sakinlərin çoxu Rusiyaya, bir qismi isə Bakıya köçüb. Bəs, 1922 rusun qalan hissəsi haradadır? Münaqişə başlayandan onların hamısı Qarabağı tərk edib.
İndi həmin Sergeyevdən soruşan yoxdur ki, “Qarabağın rus icması”nın üzvlərinin cibində hansı ölkənin pasportu var? Azərbaycanın, Ermənistanın, yoxsa Rusiyanın? Əslində, bu, təzə söhbət deyil. 2023-cü ilin avqustunda Azərbaycanın Rus İcması Qarabağ bölgəsinin “psevdorus icması”nın siyasi kart oynamaq cəhdinə cavab olaraq bəyanat yayıb. Bəyanatda birmənalı olaraq vurğulanır ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur: “Əgər Qarabağın keçmiş sakinləri arasında Azərbaycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün əlaqə saxlasınlar. Biz onların sorğularına cavab verməyə və bunun üçün bütün lazımi məlumatları verməyə hazırıq”.
İki il əvvəl bu bəyanat-müraciətə heç bir reaksiya olmamışdı. Hər şeydən göründüyü kimi, Rusiyada bu təxribatı törədən müəyyən qüvvələr Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edən baş nazir Nikol Paşinyandan da artıq erməni olmağı hədəfləyirlər. Bu təxribata imza atanlar hələ sülhə nail olmamış Ermənistan–Azərbaycan münaqişəsinə avantürizm və əxlaqsızlıq xarakteri daşıyan dini xarakter verməyə çalışırlar. Alınmayacaq. Çünki Azərbaycanda monoetnik Ermənistandan fərqli olaraq ruslar, ukraynalılar, yəhudilər, ləzgilər, talışlar, hətta 30 minədək erməninin və çox sayda digər millətlərin nümayəndələrinin rahat yaşadıqları, dini ayinlərini sərbəst şəkildə yerinə yetirdikləri sivil ölkədir
Görünən odur ki, Moskvada bu təxribatı təşkil edənlər Ukraynanın cənub-şərqindəki münaqişənin Qafqazda oxşarlarını yaratmaq rəvayətlərinə inanmaqda davam etdirirlər. Hətta Donbas ssenarisinin Qarabağ bölgəsində tətbiqi mənzərəsini xəyal edənlər də var. Bir dəfə cəhd olundu, amma alınmadı. Rəsmi Moskva bu avantüraya rəvac verənləri və ortaya etiqad kimi incə amili atanları nə qədər tez neytrallaşdırsa, bu, Azərbaycan–Rusiya münasibətlərinin bu günü və gələcəyi üçün bir o qədər yaxşı olardı.
İ.HƏSƏNQALA
XQ