“Əsrin müqaviləsi”nin “böyük neft”i

post-img

20 ildə “Mərkəzi Azəri” yatağından 152 milyon ton neft çıxarılıb

Düz 20 il əvvəl, 2005-ci il fevralın 18-də “Azəri” yatağının mərkəzi hissəsində quraşdırılmış nəhəng, nadir platformanın istismara verilməsi ilə Azərbaycanın yeni neft erası çərçivəsində böyük neft hasilatına başlanıldı. Bu, ölkəmizin yeni neft strategiyasının təməl daşı sayılan “Əsrin müqaviləsi”nin ilkin neft layihəsindən sonra əldə olunmuş möhtəşəm tarixi nailiyyət idi. 

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi müqavilə sahəsinin geniş bir ərazini əhatə etməsi, eləcə də buradakı zənginlik səbəbindən bir neçə mərhələyə bölünüb. Bu barədə qərar Azərbaycan hökuməti ilə beynəlxalq konsorsiumun iştirakçıları arasında əldə olunmuş razılaşmaya əsasən verilib. Belə bir qərarın qəbul edilməsinin digər mühüm səbəbi isə “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş böyük neft hasilatına başlananadək zəruri ixrac sisteminin yaradılması ilə bağlı olub.

Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin uğurla reallaşdırıldığı “İlkin neft” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan bir sıra infrastruktur obyektlərində modernləşdirmə işləri həyata keçirilib. Bu mərhələdə “Dədə Qorqud” qazma qurğusu əsaslı şəkildə yenidən qurulub, 24 quyunun qazılması üçün nəzərdə tutulmuş “Çıraq” platforması istismara verilib. Buradan sahilədək 176 kilometr uzunluğunda sualtı neft kəməri çəkilib, Səngəçalda dünya səviyyəli terminal inşa olunaraq ilk neftin qəbulu və onu ixrac siteminə yönəltmək üçün hazır vəziyyətə gətiilib. 

AÇG-nin işlənilməsi dövründə ən mürəkkəb və məsuliyyətli mərhələ sayılan “İlkin neft” layihəsi üzrə əldə olunmuş zəngin təcrübə sonralar “Azəri” yatağının və “Günəşli”nin dərinlikdə yerləşən hissəsinin də işlənməyə cəlb edilməsi üçün yol açıb. Beləliklə, 2001-ci il avqustun 30-da ABƏŞ-in Rəhbər Komitəsi “Azəri-Çıraq-Günəşli dəniz yataqlarının tammiqyaslı işlənilməsinin Faza-1” layihəsini təsdiqləyib. Bununla bağlı müvafiq sənədi Azərbaycanın dövlət başçısı Heydər ­Əliyevin iştirakı ilə ARDNŞ prezidenti Natiq Əliyev və ABƏŞ-in rəhbəri Devid Vudvord imzalayıblar.

 “Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsini nəzərdə tutan “Faza-1” layihəsi çərçivəsində, ilkin proqnozlara əsasən, 1 milyard 425 milyon barel və ya 193 milyon ton neftin hasilatı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 3,4 milyard dollar təşkil edib ki, bunun da 2,74 milyard dolları tikinti işlərinə, qalan hissəsi isə quyuların qazılmasına sərf olunub. Bununla yanaşı, xaricdən Bakıya gətirilən material və avadanlıqların daşınmasına, təqribən, 700 milyon dollar xərclənib. 

Xatırladaq ki, “Faza-1” layihəsi çərçivəsində AÇG-dən gündəlik neft hasilatının 133 min bareldən 375 min barelə çatdırılması nəzərdə tutulurdu. Bu isə dənizdə və quruda nəhəng tikinti-quraşdırma işlərinin həyata keçirilməsini tələb edirdi. Bu məqsədlə 2001-ci il noyabrın 30-da Bakıda “Faza-1” layihəsinin həyata keçirilməsi çərçivəsində 5 xarici şirkətlə ümumi dəyəri 750 milyon dollar olan 6 böyük müqavilə imzalanıb. “Mərkəzi Azəri” platformasının üst modullarının tikintisi, eləcə də sualtı neft kəmərlərinin çəkilməsi ABŞ-ın “McDermott Caspian Constractors” şirkəti tərəfindən həyata keçirilib. Platformanın dayaq blokunun, svayların və qazma əməliyyatları üçün qurğunun dayaq plitəsinin tikintisi; dənizdə nəqletmə və quraşdırma işləri; qazma avadanlığı ilə təminat; yaşayış bloklarının inşası isə müvafiq olaraq Fransanın “Boygues Offshore”, İtaliyanın “Saipem”, Fransanın “Eiffel” və İsveçin “Emtunqa İnternational” şirkətləri tərəfindən reallaşdırılıb. 

“Faza-1” layihəsi çərçivəsində “Mərkəzi Azəri” platformasının dayaq bloklarının tikintisi və platformanın modullarının montaj edilməsi Azərbaycan Dövlət Neft Şirkətinin “Şelflayihətikinti” İstehsalat Birliyinin (indiki Heydər Əliyev adına Dərin Özüllər Zavodu) meydançasında həyata keçirilib. Bununla yanaşı, layihə çərçivəsində dənizdə həyata keçirilən bir sıra əməliyyatlar zamanı ARDNŞ-nin neft donanmasına aid olan borudüzən gəmilərdən, kran və barjalardan, həmçinin xidməti gəmilərdən istifadə edilib.

Qeyd edək ki, “Mərkəzi Azəri” Bakıdan 100 kilometr şərqdə, Xəzərin 128 metr dərinliyində yerləşən dəniz hasilat, qazma və yaşayış platformasıdır. 2005-ci ilin fevralından istismarda olan platforma “Azəri” yatağının mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Bundan əlavə, müqavilə sahəsində yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə kompressor və suvurma platforması inşa olunub. Hər iki platforma isə körpü vasitəsilə bir-birinə birləşdirilib. Ümumilkdə isə, “Faza-1” layihəsinin obyektlərinə 48 quyu gövdəsinə malik hasilat, qazma və yaşayış platforması, buradan Səngəçal terminalına qədər 30 düymlük neft və 28 düymlük sualtı qaz boru kəmərləri, adı çəkilən terminalın genişləndirilməsi işləri daxildir.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi çərçivəsində tikinti-qurqşdırma işləri 2004-cü ilin sonlarında başa çatdırılıb. 2005-ci il fevralın 18-də isə “Mərkəzi Azəri” platforması istismara verilib. Bununla da, “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına başlanılıb. Ötən müddətdə adı çəkilən platformadan 58 quyu qazılıb. Bunlardan 38-i neft hasilatı, 11-i su injektoru və 8-i qaz injektoru quyularıdır. 1 quyudan isə şlamların yenidən laya vurulması üçün istifadə olunur. 

Ötən 20 il ərzində  “Mərkəzi Azəri” platformasından 1,1 milyard bareldən çox və ya 152 milyon ton neft çıxarılıb. Burada illik maksimal neft hasilatı isə 2007-ci ildə qeydə alınıb. Həmin il platformadan orta gündəlik hasilat 244 min barel və ya illik 12 milyon ton olub. Sonrakı illərdə müqavilə sahəsində hasilatın aşağı düşməsi fonunda bu göstərici xeyli azalıb. “BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2024-cü ildə “Mərkəzi Azəri” platformasında gündəlik neft hasilatı 97 min barel təşkil edib. Bütövlükdə isə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan indiyədək hasil olunmuş neftin 25,22-i, səmt qazının isə 38,56 faizi məhz bu platformanın payına düşüb.



Siyasət