Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

post-img

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətlərinin, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.

Siyasət