İndoneziya və Türkiyə münasibətləri möhkəm əlaqələrə əsaslanır. Bunu İndoneziya prezidenti Prabovo Subianto Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Cakartada keçirdiyi birgə mətbuat konfransında deyib.
Xəbəri “Anmadolu” verib.
İndoneziya dövlət başçısı bildirib ki, ölkəsi ilə Türkiyə arasında çoxəsrlik əlaqələr var, Osmanlı imperiyası dövründən bu yana iki ölkə arasında çox güclü əlaqə var.
Səfərə görə prezident Ərdoğana və Türkiyə nümayəndə heyətinə təşəkkürünü bildirən Subianto səfərin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünə təsadüf etdiyini qeyd edib.
Prabovo Subianto Türkiyə ilə İndoneziya arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını xatırladıb və qeyd edib ki, iki ölkə arasında əlaqələr ən yüksək inkişaf səviyyəsinə çatıb.
Subianto türkiyəli həmkarı ilə danışıqların səmimi atmosferdə keçdiyini də bildirib: “Biz İndoneziya ilə Türkiyə arasında tərəfdaşlığı gücləndirmək əzmindəyik”.
Dövlət başçısının sözlərinə görə, iki ölkə əhalisinin rifahı ilə bağlı bir çox məsələlər müzakirə olunub: “Cakarta İndoneziya və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq səylərinə daha çox dəstək verməyə hazırdır”.
P.ƏMİRCANOV
XQ