“Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli qəzetin ötən saylarında)

Həmin il bu departamentin Millo şəhərində, gələcək prezident cütlüyü, siqaret mağazasında işləyən Əhməd Eddarraz adlı bir adamla tanış olur. Əslən Mərakeşdən olan, otuz yaşındakı bu cavan oğlan uzun müddətdir ki, Sosialist Partiyasının (PS) fəal üzvü, eləcə də şəhərin bələdiyyə idarəsində məsləhətçidir. Dominik Stros-Kanın (DSK) pərəstişkarı olan bu cavan oğlan, 2015-ci ildən “Gənclər Makron ilə” (JAM) qrupuna daxil olur və bir ildən sonra Emmanuel Makronun namizədlik kampaniyasında Brijit Makronun şəxsi əməkdaşı kimi fəaliyyət göstərir. Əhməd Eddarraz, sözün əsl mənasında, fransız dili müəlliməsinin kölgəsinə çevrilir, Brijit hara getsə, əyalət şəhərində siqaret satan bu oğlan onu müşayiət edir, onun ailəsinin, uşaqlarının qayğısına qalır, bir sözlə Emmanuel Makronun prezident seçkilərindəki qələbəsinə qədər onun arvadının sağ əli olur. Amma Makronun qələbəsi günü “La Rotonde” restoranında üç saat əvvəl seçilmiş prezidentlə bir stol arxasında qədəh-qədəhə vurub qələbələrini qeyd etməsinə baxmayaraq, hətta sonra prezident Makronun Mərakeşə ilk səfəri zamanı onu müşayiət edən nüfuzlu şəxslərin arasında olsa da belə, Əhməd Eddarraza Yelisey sarayında heç bir vəzifə verilməyəcək, o yaşadığı Millo şəhərinə qayıdıb, siqaret satmağa davam edəcək. LREM partiyası (Respublika Hərəkətdə Partiyası) yaranan kimi onun üzvü olan mərakeşli bu oğlan sonralar öz bölgəsindən deputat seçilmək arzusuna düşür.

Göründüyü kimi prezident seçkiləri zamanı namizədlə onun arvadının qulluğunda duran tək Aleksandr Benalla deyildi. Ona görə də bəzi jurnalistlərin Benallaya Makron cütlüyünün yeganə köməkçisi damğası vurmaqları reallıqla qətiyyən uyğun gəlmir...

Aveyron həm də Lüdovik Şakerin vətənidir. O, Durbi vadisində – Coss və Keven şəhərləri arasında yerləşən – San-Jan-dü-Brüel kəndində böyüyüb boya-başa çatıb. Onun dostu – Yeliseydə xüsusi məsləhətçi İsmael Emelien isə Qrenobl şəhərindən gəlməyinə baxmayaraq Aveyron mənşəlidir... Onu da əlavə edək ki, Makron imperiyasının sütunlarından biri olan Milli Assambleyanın prezidenti Riçard Ferrand da 1962-ci ildə Aveyron departamentinin Rodez şəhərində anadan olub.

Ferrand və Brotayn regionu

2018-ci ilin sentyabr ayında, Milli Assambleyanın sədri kimi deputatların qarşısındakı ilk çıxışını Rişard Ferrand bu sözlərlə başlayır: “Mən Aveyron kəndinin uşağıyam...”. Ancaq o, siyasi karyerasına bu bölgədə başlamayıb. Bu gənc Mitterançı (o, Sosialist Partiyasının (PS) biletini 1981-ci ildə alıb) 1991-ci ildə Parisə gəlib Sosial və İnteqrasiya Məsələləri üzrə Dövlət katibi Kofi Yamyanın Parisdəki ofisində işə düzəlir və bir müddət sonra Brotayn regionuna qayıdır. 1998-ci ildə ilk dəfə seçki mandatı alır və yuxarı vəzifədə olan bir tanışının tapşırığı ilə Finister departamentinin Karaks şəhərində, bu departamentin yerli kanton seçkilərində iştirak edir. Elə həmin il o, Brotayn regionunun “Mütüel” şirkətinin baş direktoru təyin edilir.

Breton torpaqlarında Rişard Ferrand heç kəsi biganə qoymur. Çünki Karaks keçmiş kommunist yuvası olduğundan, bu adamın sosialist radikallığı, respublikaçı ruhu, xəmiri regionalizm, özünüidarəetmə və solçu katolik mədəniyyəti ilə yoğurulmuş yerli siyasi ruhla ziddiyyət təşkil edir. Ona görə də Brotayn regionunun Brest şəhərində yaşamağa üstünlük verən bu nəcabətli şəxsiyyət, nə qədər cəhd eləsə də, Karaks şəhərindəki kanton seçkilərində qalib gələ bilmir. Karaks seçicilərinin əksəriyyəti şəhərin meri, 2013-cü ildə qırmızı papaqlılar hərəkatının lideri, eləcə də Vieilles Charrues musiqi festivalının həmtəsisçisi Kristian Troadekə səs verir. Karaks şəhərindəki bu məğlubiyyətinə baxmayaraq, Rişard Ferrand Brest şəhərində, Brest burjuaziyasının arasında, xüsusən də onların toplaşdığı yerli frank-mason lojunda (1783-ci ildə təşkil olunmuş Böyük Şərqin Fransası loju) özünü suda balıq kimi hiss edir. Yeri gəlmişkən, bir gün o, yerli jurnalistlərə verdiyi müsahibələrinin birində etiraf edir ki: “Mən “yeni dünya” ifadəsini bəyənmirəm... Bu ifadəni işlədən adamlardan uzağam və bu ifadənin pərəstişkarı da deyiləm...”.

Kofi Yamyanın qanadının altına aldığı, hamının “çox iddialı bir adam” kimi baxdığı Rişard Ferrand 2012-ci ildəki deputat seçkilərində, hamının təəccübünə rəğmən, öz himayədarına qarşı çıxır, özü də sosialist etiketi altında! Onun 6-cı seçki dairəsi, Finister departamentinin mərkəzindən Atlantik okeanına qədər uzanır, eləcə də Lonq adasını əhatə edir. Bu zonada – Brest şəhəri yaxınlığında – yerləşən süni səkildə yaradılan yarımada isə Milli Donanmanın nüvə-ballistik raket sualtı gəmiləri (SSBN) üçün baza rolunu oynayır. Bu axırıncı detaldan aydın olur ki, niyə Rişard Ferrand, bir müddət Milli Assambleyanın Müdafiə Komitəsinə sədrlik edir. (Əvvəlki prezidentin hakimiyyəti dövründə bu postu başqa bir deputat – Brest şəhərindən olan – sosialist Patrisia Adam tutmuşdu. Sonra bu qadın Sosial Məsələlər Komitəsinə təyin olundu.) Axırıncı illərdə Brotayn regionunun “Mütüel” şirkətinin bu ziddiyyətli prezidenti – Fransa Kommunist Partiyasının (PCF) keçmiş pərəstişkarı – çıxışlarında daha çox ekstremist solçulara dəstək verməyə başlayır. Belə ki, Sosialist Partiyasının (PS) daxilində Martin Obrini (Lil şəhərinin meri. Milli Assambleyanın deputatı. Ekstremist solçu) o qədər tərifləyir və dəstəkləyir ki, hamı onu Fransua Hollandın rəqibi sayır. Ona görə də yazıq Kofi Yamyan heç cürə başa düşə bilmir ki, niyə Rişard Ferrand kimi sosialist və ekstremist solçulara göz-qaş oynadan bir siyasətçi, 2015-ci ildən Makron kimi çox liberal bir adama yaxınlaşır. “Mənim fikrimcə, o, (Rişard Ferrand) ideoloji cəhətdən Sosialist Partiyasına (PS) xəyanət etdi. Mən heç cür başa düşə bilmirəm, necə ola bilər ki, bir adam, eyni zamanda həm Sosialist Partiyasının (PS) ekstremist solçu qanadında olsun, həm prezidentlə müxalifətdə olanlara simpatiya bəsləsin, həm də Sosialistlərdən çox Respublikaçılara yaxın olan Makronun partiyasına (LREM – Respublika Hərəkətdə) qoşulsun...”, – deyə Mitt eranın bu keçmiş naziri təəccüblə çiyinlərini çəkir.

Ancaq bir şey də var ki, Makronun beş illik prezidentlik macərasının birinci ili bu iddialı və ziddiyyətli insan üçün çox pis başladı. 2017-ci ilin may ayında “Le Canard enchaîné” qəzeti onunla bağlı qalmaqal bir məsələ üzə çıxarır: sən demə, Rişard Ferrandın daşınmaz əmlak şirkətinə rəhbərlik edən həyat yoldaşı Sandrin Dukan, 2011-ci ildən ərinin prezidenti olduğu “Mütüel” şirkətinin binasında bir neçə ofis kirayə edib. Bundan başqa, Rişard Ferrand 2012-ci ildən bu şirkətin prezidentliyini başqa adama təhvil versə də, Fransua Hollandın beş illik hakimiyyəti dövründə həmin şirkətdə sadə missiya meneceri kimi (ayda 1250 avro maaşla) adı gedib. Bu qalmaqal ortaya çıxandan sonra Ferrand məcbur olub, tutduğu vəzifədən istefa verir. İlkin təhqiqatlar zamanı hüquq-mühafizə orqanlarının ortaya çıxardıqları bir çox “qanunsuzluqlar” mətbuatda yayılandan sonra, Ferrand vəzifəsindən sui-istifadə edib “qeyri-qanuni faiz götürməkdə” şübhəli bilinən bir şəxs kimi Lil şəhərindən təyin edilmiş üç hakim tərəfindən istintaqa cəlb olunur.

Mətbuatda qanunu pozmaqda şübhəli sayılan Milli Assambleyanın sədri Rişard Ferrand Brest şəhərində "Hərəkətdə!" qrupundan olan iki nəfərin dəstəyinə bel bağlayır: biri Finister departamentinin Sosialist Partiyasının keçmiş rəhbəri Mark Koatan, o biri isə Brotayn regionunda dəniz və liman infrastrukturunun gənc vitse-prezidenti, Ferrandın Milli Assambleyada “dəniz işləri” üzrə özünə məsləhətçi təyin etdiyi Pier Karleskind. Ancaq bu iki müttəfiq, Brest metropolunun sosialist meri Fransua Qiyyandr tərəfindən vəzifələrindən uzaqlaşdırılır, çünki mer sosialist olan bu iki adamın Makronun partiyasına üzv olmaqlarını onlara bağışlamır.

Bələdiyyə seçkiləri qabağı, vaxtının çoxunu Milli Assambleyada keçirən Rişard Ferrand çulunu sudan çıxarmaq üçün Brest şəhərində gündəlik çıxan “Telegram” qəzetində dərc olunan bir məqalədən məharətlə istifadə edir. Bu məqalədən məlum olur ki, sən demə, “Brestdə yaşamaq” assosiasiyası, şəhərin bəzi sosialist deputatlarına ayrılan zəhmət haqqını dövlətdən gizlədirmiş. Qəzetdəki məqalədən o da aşkar oldu ki, 2018-ci ilin noyabrında Brest merinin yaxın dostu, regionun böyük 165 tikinti layihələri ilə məşğul olan dövlət komissiyasının vitse-prezidenti Alan Mason vəzifəsindən azad edilib: çünki məlum olub ki, bu adam deputat məvacibindən əlavə, “Brestdə yaşamaq” assosiasiyasından aldığı məbləği vergilərə bildirməyib. Bu hadisələr Sosialist Partiyasının yerli şöbəsi üçün təbii ki, çox böyük bir biabırçılıq oldu. Ancaq yerli LREM (Respublika Hərəkətdə Partiyası) və onun üzvləri sosialistlərə dəyən bu zərbədən yaxşı fayda götürdülər.

(ardı var)

Siyasət