Ermənistan demoqrafik böhran məngənəsində

post-img

Ölkədə ölənlərin və xaricə köçənlərin sayı doğulanları üstələyir

Ermənistandakı ciddi siyasi və sosial sarsıntılar, iqtisadi böhran, qonşu ölkələrə qarşı işğalçılıq fəaliyyəti nəticəsində yaranan hərbi-siyasi vəziyyət, sadəcə olaraq, əhalini normal yaşayışdan məhrum etməyib, həm də ölkəni tərk etmək məcburiyyəti qarşısında qoyub. Bu, artıq haylar üçün xarakterik yaşam tərzinə, dinamik meyilə çevrilib.

Ermənistanın demoqrafik vəziyyətini xarakterizə edən göstəricilər bu mənzərəni daha aydın göstərir. Statistik məlumatlara görə, burada 2024-cü ildə 15 min 324 nikah bağlanıb. Bu, əvvəlki göstəricidən 883 nikah azdır. Həm də boşananların sayı artıb. 2024-cü ildə 4 min 689 belə fakt qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 164 çoxdur. Nikahın azalmasının səbəblərindən biri də müharibədir. Ermənistan hökuməti 44 günlük müharibədə 3 min 822, müxalifət isə 5 mindən çox hərbçinin öldüyünü vurğulayır. Onların da əksəriyyəti nikah yaşında olanlar idi. Aydındır ki, bu, soyun, nəslin davam etməməsi deməkdir. Nikahın azalması, boşanmanı artması isə demoqrafik vəziyyətə təsir edir.

Digər amil isə erməni ailələrində, bir qayda olaraq, bir və ya iki uşağa üstünlük verilməsidir. Çünki çoxuşaqlı ailə daha artıq dolanışıq xərci tələb edir. Ona görə də Ermənistanda bu gün hər qadına 1,6 uşaq düşür. Məsələn, 2024-cü ildə 33 min 648 uşaq doğulub. Bu da 2023-cü illə müqayisədə 2 min 617 uşaq azdır. Halbuki, sovet dövründə Ermənistanda ildə 75-80 min uşaq dünyaya gəlirdi. Rəqəmlərdən göründüyü kimi, dünyaya gələn uşaqların sayı sovet dövrü ilə müqayisədə 2,5 dəfə azalıb.

Eyni zamanda, hesabat dövründə 25 min 576 nəfər dünyasını dəyişib. Ölənlərin sayı 2023-cü ilin göstəricisindən 1 min 271 nəfər çoxdur. Ermənilər ən çox qan dövranı sistemi, onkoloji, tənəffüs sistemi, həzm orqanları, eləcə də yoluxucu xəstəliklərdən ölürlər.

Ermənistanın demoqrafik sahədə ən ciddi problemlərdən biri də xaricə miqrasiya nəticəsində əhalinin təbii artımının kəskin aşağı düşməsidir. Bu, 1990 – 2000-ci illərdə Dağlıq Qarabağ problemi, ölkədə yaşanan sosial-iqtisadi çətinliklər, işsizlik, böyük sənaye müəssisələrinin fəaliyyətini dayandırması, demokratik dəyərlərin arxa plana keçməsi, insan haqlarının kobud şəkildə pozulması və işsizliklə bağlıdır.

Hazırda Hayastanda eyni vəziyyət yaşanmaqdadır. Bu qədər neqativ halların olduğu bir vaxtda Ermənistanda iqtisadi artımdan danışılır. Əslində, səsləndirilən açıqlamalar reallıqdan xəbər vermir. İqtisadi artım Rusiya mallarının təkrar ixracına əsaslanır. Ondan Ermənistan əhalisinin kiçik bir qrupu, daha doğrusu, hay elitası yararlanır. Əhalinin əksər hissəsi isə yoxsulluq həddində yaşayır.

...Əvvəllər Azərbaycanın işğal edilmiş torpaqlarını talamaqla güzəranlarını təmin edən ermənilər indi çox çətin vəziyyətdə nə edəcəklərini bilmirlər. Ölkədə işsizlik ildən-ilə artır. Yeni iş yerlərinin açılması məsələsi hələ də əsas problem olaraq qalmaqdadır. Nəticədə, ermənilərin bir çoxu daha təminatlı həyat axtarışı ilə ölkəni kütləvi şəkildə tərk edir. Onların da əksəriyyəti gənclərdir. Təkcə Şirak rayonunun kişi cinsli əhalisinin 70 faizi çörəyini Rusiyada qazanır. Lori və Zəngəzur da boşalır. Statistikaya görə, Rusiyada əməkçi miqrantların 20 faizi Ermənistandan gedənlərdir. Hələ ötən əsrin 90-cı illərində Rusiyaya gedən ermənilər orda yerləşiblər və yaxın qohum-əqrəbalarının da bu ölkəyə gəlməsinə dəstək veriblər.

Miqrasiyanın digər səbəbi isə yeni müharibə qorxusudur. İşğaldan azad olunan ərazilərə azərbaycanlıların köçü ilə ermənilər “azərbaycanlıların nəfəsini” daha yaxından və daha böyük coğrafiyada hiss etməyə başlayıblar. Bu da onlarda qorxu yaradır. Hətta Ermənistan sakinləri arasında da kifayət qədər ümidsizlik əhval-ruhiyyəsi hökm sürür. Ona görə də bir çox erməni ölkəni tərk edir, onların xeyli hissəsi, xüsusən də çağırış yaşında olan gənclər vətəndaşlıqdan imtina etmək yolunu tuturlar. Bu səbəbdən Ermənistan ordusunda hərbçi çatışmazlığı yaranıb. Ekspertlər hesab edirlər ki, çağırış resursunun bu cür azalması ölkədə demoqrafiya, miqrasiya, sosial-iqtisadi sahə və s. əhatə edən sistemli problemlərin nəticəsidir. Sosial problemlərin artması, iqtisadi tənəzzül isə ölkədən köçü, bir növ, körükləyir. Qeyd edək ki, bu ölkə müstəqillik əldə etdikdən sonra 800 mindən 1 milyon yarıma qədər erməni xarici ölkələrə üz tutub.

Göründüyü kimi, Ermənistan əhalisinin ölkəni tərk etməsi dayanıqlı prosesə çevrilib. BMT-nin proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı ən optimist ssenari üzrə 2,7 milyon nəfər, pessimist ssenari üzrə isə 1,5 milyon təşkil edəcək. Bunun əsas səbəbləri yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanda doğum səviyyəsinin azalması, əhalinin qocalması və ölkəni sürətlə tərk etməsidir.

İrəvan gələcəkdə ciddi demoqrafiya problemi ilə üzləşməmək üçün bu mənzərədən nəticə çıxarmalı, təkcə iqtisadi islahatlar deyil, həm də regionda qonşularla sülh və əməkdaşlıq siyasəti həyata keçirməlidir. Əks təqdirdə, ölkənin hansı gələcəyə üz tutacağı qaranlıq qalacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət