Demokratiya və hüququn əks tərəfində

post-img

II MƏQALƏ

USAID: gizlinlərin pərdəarxası

USAID-in fəaliyyəti o qədər qəlizdir ki, onu təhlil etmək son dərəcə çətin və mürəkkəb prosesdir. Bu qurumun yaradılmasının kökündə dayanan məqamlarda rəsmi ilə qeyri-rəsminin, hüquqi ilə hüquqsuzluğun, şəffaflıqla gizlinliyin nisbəti çox məhdud dairədən kənarda kimsəyə aydın olmamışdır. Belə bir qənaətə indi, USAID-in yaradılmasından 64 il sonra Donald Trampın cəsarəti sayəsində gəlmək mümkün olmuşdur. KİV-də yayılmış informasiyaların məntiqi təhlili nəinki agentliyin gerçək obrazı üzərindən buludları dağıdır, əksinə daha qatı qaranlıqlara baxmağı tələb edir. Hələlik buna informasiya imkanı yoxdur. Lakin bir sıra gizlinlərin də pərdəarxasına ümumi də olsa nəzər salmaq mümkündür.

Tramp soruşur: Con Kennedini kimlər qətlə yetirmişlər?

ABŞ-ın sabiq prezidenti Con Kennedini 1963-cü il noyabrın 22-də Dallasda qətlə yetirmişlər. Yəni hadisənin üstündən 62 il keçmişdir. Ancaq indiki ABŞ-ın prezidenti sual verir ki, Kennedini kimlərin qətlə yetirdiyinin üstü açılmalıdır. Qəribədir, deyilmi? Dünyanın ən güclü hüquq-mühafizə orqanlarına, kəşfiyyat şəbəkəsinə, məhkəmə və vəkillik sisteminə malik olan Birləşmiş Ştatlar, prezidentlərindən birinin kimlər tərəfindən qətlə yetirldiyini yarım əsrdən çoxdur ki, dəqiq müəyyən edə bilmir.

D.Trampın sualı isə bu versiyanı istisna edir, yəni əslində, onu kimlərin qətlə yetirdiyini gözəl bilirlər. Lakin həqiqəti deməyə cəsarətləri çatmır. Bu nəticəyə C.Kennedinin hansı addımına görə aradan götürüldüyü sualına Trampın müəmmalı sualı fonunda cavab axtarmaqla gəlmək olar.

C.Kennedi USAID-i 1961-ci ildə yaratmışdır. Məqsədi həmin dönəmdə ABŞ-da mövcud olan bir neçə qanuni və ya qanunsuz yardım qurumlarını dövlətin nəzarəti altında vahid strukturda birləşdirərək, gözlənilən qanunsuz varlanmağın qarşısını almaq, dövlətə ola biləcək riskləri neytrallaşdırmaq və xarici yardımları ünvanlı etməkdən ibarət olmuşdur. Buna görə də USAID təsadüfən Dövlət Departamentinin və təhlükəsizlik qurumunun nəzarəti altına verilməmişdir. Hər zaman da onun rəhbərliyinə həmin qurumlardan biri təyin edilmişdir.

Ancaq indi ABŞ rəhbərliyinin USAID-lə məşğul olmağa davam etməsi göstərir ki, C.Kennedinin tədbiri formal olaraq məsələni həll etmişdir – gerçəklikdə oğurluq, qanunsuzluq və terrora dəstək kimi hallar agentlik üçün də xarakterik olmuşdur. Və hətta İlon Maskın USAID-in bioloji silah hazıranlmasına maliyyə dəstəyi verməsi haqda danışması daha qorxunc mənzərəni gün işığına çıxarır. Əslində, D.Tramp və İ.Mask bu məsələdə tək deyillər. Faktlara baxaq.

Blumun “USAID fırtınası”

Amerikalı jurnalist və politoloq U. Blum keçən əsrin 60-cı illərində ABŞ Dövlət Departamentinin əməkdaşı olmuşdur. Onun fəaliyyəti kompüter texnologiyaları ilə bağlı idi. Arzu edərdi ki, Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) çalışsın. Lakin Vyetnam müharibəsindən sonra ruhdan düşümüş və 1967-ci ildə Dövlət Departamentindəki işindən ayrılmışdır. Onun fəaliyyətində ən maraqlı dəyişiklik də bundan sonra başlamışdır. 1967-ci ildə “Free Press” nəşrini yaratmışdır. 1969-cu ildə MKİ-ni ciddi tənqid edən məqalə dərc etdirmişdir. 1972-1973-cü illərdə Çilidə jurnalist kimi çalışmışdır.

U.Blum jurnalist araşdırmalarında MKİ-nin başqa dövlətlərin daxili işlərinə qarışmasına və marağına uyğun olmayan tanınmış adamlara qarşı sui-qəsd planlarına çox diqqət yetirmişdir. U.Blum həmin bağlılıqda MKİ-nin Latın Amerikası ölkələrindəki fəaliyyətini də kəskin tənqid etmişdir. O cümlədən USAID-in həmin qitədəki fəaliyyəti təhlil obyekti olmuşdur. Bu araşdırmalar əks-səda doğurmuşdur və sanki USAID haqqında bir “fırtına” təəssüratı yaratmışdır.

U.Blum digər politoloqlar və jurnalist araşdırmaçılarla birgə MKİ və USAID-in Latın Amerikasında on illərdə dövlət çevrilişləri və sui-qəsdlər təşkil etdiyini vurğulamışdır. USAID müxalif kadrlar hazırlamış, onları radikal ideyalarla təmin etmiş, lazım olan texniki dəstəyi vermişlər. Agentlik hətta “yolüstü” bir sıra ölkələrdə güc strukturlarını “sağlamlaşdırır və modernləşdirirmiş”. Əslində isə bu işin arxasında xüsusi agentura şəbəkəsi yaratmaq dayanmışdır. Həmin şəbəkə böhranlı situasiyalarda müxalifətə silahlı dəstək verməli və xaos yaratmalı idi. Bu cür əməliyyatlar üçün USAID-in xüsusi şöbəsi mövcuddur – OTİ. 2009-cu ildə ABŞ Konqresi OTİ-nin fəaliyyətinin siyasi və diplomatik xoşa gəlməyən hadisələr yaratdığını vurğulamışdır. Ancaq bu informasiyanın heç bir praktiki nəticəsi olmamışdır. Buna baxmayaraq, qurumun fəaliyyətinin fəsadları özünü göstərməyə başlamışdır. Bir neçə nümunə.

Boliviya ssenarisi

Boliviyanın vitse-prezidenti A.Q.Liner 2010-cu ildə demişdi ki, bu ölkənin harasında münaqişə varsa, onun altından USAID və yaratdığı QHT-lər çıxır. Boliviyanın prezidenti Evo Morales də dəfələrlə USAID-i ölkənin daxili işlərinə qarışmaqda, xaos və gərginlik yaratmaqla mövcud hakimiyyəti legitimsizləşdirməkdə və son olaraq rejim dəyişikliyi etməyə cəhddə ittiham etmişdir. USAID bunu müxtəlif proqramlar vasitəsilə müxalif siyasi partiyalar, QHT-lər, ayrı-ayrı sosial şəbəkələrin əli ilə etməyə çalışmışdır. Nəhayət, 2013-cü ildə Boliviya rəsmi olaraq USAID-in ölkədəki fəaliyyətini dayandırdı və onu qovdu. Bu hadisəni Latın Amerikasında USAID-ə qarşı mübarizənin rəmzi adlandırırlar.

Kuba qalmaqalı

Bu, Boliviyaya nisbətən daha mürəkkəb və dolayı həyata keçirilən bir proqram imiş. USAID-in hazırladığı gizli dağıdıcı planı “ZunZuneo” adlandırmışlar. Rəsmi sənədlərdə həmin proqramın Pakistan üçün nəzərdə tutulduğu qeyd olunmuşdur. Onu OTİ-nin hazırladığı bəyan edilmişdir. “ZunZuneo” haqqında qəzetlərdə informasiyalar dərc ediləndən sonra bir sıra konqresmenlər açıq şəkildə belə pozucu planlara USAID-in bulaşmasının çox zərərli olduğunu vurğulamışlar. Lakin 2009-cu ildə Konqresdə bununla əlaqədar aparılan müzakirələrin heç bir əməli nəticəsi olmamışdır.

2014-cü ildə Kuba məsələsi daha da böyümüşdür. Bu dəfə USAID bir qədər də irəli gedərək bir neçə kubalı reperi özləri də bilmədən hökumətə qarşı təbliğata cəlb etmişlər. Onları serbiyalılar yönəltmişlər. Serbləri də birbaşa USAID deyil, Amerikada (Vaşinqton) fəaliyyət göstərən “Creative Associates International” təşkilatı ələ almışdır. Maliyyə dəstəyi isə Panama və Lixtenşteyn üzərindən həyata keçirilmişdir. Bu işlərin üstünü Amerika bank sistemi açmışdır. Səbəbi isə Kubanın dərdi deyildi, banklar bu ölkəyə qoyulmuş maliyyə embarqosunun pozulduğuna görə, hesabları bloklamışlar. Bununla ABŞ-ın özünün daxili qaydaları USAID-in xaricdəki fəaliyyətlərindən birini təsadüfən blok etmişdir.

Biz agentliyin Əfqanıstan, Venesuela, Peru, Rusiya, Belarus, Ukrayna və digər ölkələrdəki fəaliyyətinə də baxa bilərik. Ancaq bununla həmin təşkilatın fəaliyyət prinsiplərində hər hansı keyfiyyət dəyişikliyi tapa bilmərik. Onlar öncədən konkret müəyyən olunmuş prinsiplər üzrə hərəkət etmişlər. Daha əhəmiyyətlisi USAID-in fəaliyyətinin ümumi cəhətlərini aydınlaşdırmaq və onun geosiyasi təsirlərini təhlil etməkdir. Burada, doğrudan bir neçə düşündürücü məqamları görmək mümkündür.

“Demokratiya və inkişaf” şüarı

Bu şüar USAID-in fəaliyyətində ənənəvi tezisə çevrilmişdir. Guya, o, hara ayaq basırsa, demokratiya və inkişaf naminə bunu edir. Lakin politoloqlar sual edirlər: “USAID-in yardım göstərdiyi hansı zəif inkişaf etmiş ölkə davamlı inkişaf mərhələsinə keçmişdir və orada əsl demokratiya bərqərar olmuşdur”? Məsələn, Əfqanıstana 100 milyarddan çox pul xərclənmişdir, lakin indi hakimiyyətdə dini təşkilat olan “Taliban”dır. Hansı Qərb siyasi şüuru “Taliban”ı demokratiya nümunəsi kimi qəbul edir?

Bəlkə, Boliviya, Peru və ya Venesuelanı demokratik ölkə olaraq Qərbdə qəbul edirlər? Eyni sualı Rusiya və ya Belarus haqqında vermək olar. Ukrayna ilə bağlı isə Qərb politoloqları “neopatrimonalsit hakimiyyət” (ənənəvi avtokratiya və oliqarxiyanın demokratik qaydalarla süni birliyi) ifadəsini işlədirlər. Hazırda isə Ukraynada vəziyyət çox qarışıqdır.

Deməli, məsələ şüarda nəyi ifadə etməkdə deyil – gerçəklikdə USAID heç bir ölkənin iqtisadi və demokratik inkişafına qayğı göstərmir, ona üstünlük vermir. Bu təşkilatın əsas məqsədi ABŞ-ın maraqlarına uyğun qondarma rejimlər yaratmaqdır. Bunun üçün xarici ölkələrin siyasi sistemini özləri bildiyi kimi dəyişməyə çalışırlar və o da münaqişə, xaos yaradır. Nümunələr çoxdur.

Çoxhakimiyyətlilik

Politologiyada ona “poliarxiya” deyirlər. Bu termin yunancadan tərcümədə “çoxhakimiyyətlilik”, “çoxluğun hakimiyyəti” mənalarını verir. Yəni hər hansı ölkədə elə siyasi vəziyyət yaradırlar ki, orada bir neçə qrup hakimiyyət uğrunda daim çəkişir, mübarizə aparır. Bunun üçün isə əsas olaraq seçici uğrunda vuruşurlar.

Bu termini politologiyaya 1953-cü ildə Robert Dal daxil etmişdir. Ola bilsin ki, xoş niyyətlə bunu etmişdir. Çünki ilkin variantında poliarxiya liberal demokratiya üçün ümumi olan baza institutlarının yaradılmasını nəzərdə tuturdu. Həmin üsulla demokratiya təcrübəsi olan ölkələrdə mövcud siyasi sistemləri mənfiliklərdən “təmizləmək” mümkün ola bilərdi.

Ancaq təcrübə göstərdi ki, bu, nəzəriyyə kimi müsbət olan prosesi hətta Qərbdə həyata keçirmək mümkün deyildir. Onun elmi-nəzəri səbəbləri Qərb fəlsəfə və politologiyasında artıq dərin tədqiq edilmişdir. Üç nəzəri tədqiqata müraciət edək.

Fransız filosofu və elmşünası Edqar Moren mürəkkəblik paradiqması üzrə sanballı tədqiqatlar aparmışdır. Onun gəldiyi qənaət belədir ki, dərketmənin istənilən formasında subyekt situasiyanı özü şüurunda mürəkkəbləşdirir. Bu da bir-biri ilə sıx bağlı olan idraki situasiyalar yaradır ki, onların sintezi “şüur”un məzmununu formalaşdırır. Deməli, mürəkkəblik özlüyündə obyektiv gerçəklik adlandırılan varlığa aid deyildir – onun qaynağı insanın dərketmə üsulu, forması və məntiqidir.

Buradan çex filosof və metodoloqu Helqa Novotnı çox maraqlı yanaşma formalşdırmışdır. Ona “emercent interfeys zonası” deyirlər. Nəzəri dərinliyə getməyək: Qısa olaraq bu termin öz-özünə, öncədən proqnozlaşdırıla bilinməyən və dərketmədə vasitəçi rolu oynayan anlama sahəsinin mövcudluğunu ifadə edir. Yəni dərketmədə həmişə elə aralıq sfera vardır ki, bütövlükdə, idrakı mürəkkəbləşdirir. Çıxış yolu həmin mürəkkəbliyi sadələşdirməkdən ibarətdir.

Nəhayət, italyan sosioloq və politoloqu Danilo Zolo E.Moren və H.Novotnının ieyalarını Qərb anlamında “demokratiya”ya tətbiq edir. Belə qənaətə gəlir ki, demokratiya Qərb siyasi şüurunda nəinki daha da aydınlaşmışdır, əksinə xeyli dərəcədə mürəkkəbləşmiş və qeyri-müəyyən məmzunlu olmuşdur. İndi Qərbdə bu anlayışa birmənalı izah verə biləcək mütəxəssis yoxdur. Əsas səbəbi, D.Zoloya görə, Qərb siyasi sistemlərinin demokratiya məsələsində mövcud vəziyyəti daha da mürəkkəbləşdirmələri və bir sıra qondarma faktorları ora daxil etməyə çalışmalarıdır.

Aydındır ki, demokratiyanın “beşikləri”ndə onun nə olduğu qeyri-müəyyəndirsə, başqa siyasi rejimləri olan ölkələr haqqında nə demək olar? Və ora həmin qeyri-müəyyən demokratiya anlayışını hansı uğurla tətbiq etmək mümkündür? Məsələn, Boliviya və ya Əfqanıstan hara, demokratiya hara? Venesuela və demokratik təcrübə? Və ya başqa ölkələr olsun! Bu ölkələrdə demokratiya və liberalizm təvcrübəsi yoxdursa, USAID hansı ağılla poliarxiya sistemi yaratmağı düşünmüşdür? Məsələnin kökü də bu suala cavab axtarışındadır. Orada agentliyin əsas məqsədi gizlənmişdir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət