Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı

post-img

Qərb Gürcüstandan əl çəkmir. Bütün rıçaqlardan istifadə edərək, rəsmi Tbilisiyə öz iradəsini sırımaq istəyir. Yanvarın 29-da məlum oldu ki, Gürcüstan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırdı. AŞPA-nın gürcülərin etimadnamələrini tanısa da, qəbul olunmayan şərt irəli sürdüyü bildirilir: yeni parlament seçkiləri keçirilməlidir. Tbilisi küçələrində “rəngli inqilab” etməyi bacarmayan Qərb mübarizəni beynəlxalq təşkilatlar çərçivəsində aparmağa çalışır. Amma AŞPA kimi təşkilatlar layiqli cavablarını alırlar. Xalqın iradəsini üstün tutan Gürcüstan hökuməti qurumda fəaliyyətini dayandırmaqla heç bir şantaja və siyasi alverə getməyəcəyini bildirdi.

Bu gün heç kimə sirr deyil ki, AŞPA siyasi hesablaşmaların aparıldığı və onun iradəsinə uyğun davranmaqdan imtina edən ölkələrə qarşı təzyiq alətinə çevrilmiş bir strukturdur. Hələ 1949-cu ildə yaradılmış AŞPA özünü siyasətdən kənar bir struk­tur kimi göstərirdi və böyük Avrasiya ərazisində “Böyük Avropa”nın humanitar və hüquqi dayağı olmaq istəyini nümayiş etdirirdi. Amma indi qurum diqtə mərkəzinə çevrilib, maraqlarına uyğun davranmayan ölkələrə qarşı şantaj siyasəti yürüdür. Azərbaycanın vaxtilə, elə indi də üzləşdiyi qeyri-səmimi və ikili standart siyasətilə qonşu Gürcüstan üzləşib. 

Əlbəttə, siyasi şantaj çox vaxt əxlaqsızlıq və qanunsuzluq hesab olunur. Eyni zamanda, beynəlxalq münasibətlərdə siyasi şantajdan istifadə dövlətlər arasında münasibətlərin pisləşməsinə, gərginliyin artmasına səbəb olur. Bu siyasət etimadı da sarsıdır. Bundan başqa, siyasi şantaj qısamüddətli məqsədlərə çatmaq üçün təsirli vasitə olsa da, özündə bir sıra risklər də daşıyır. Təhdidlərdən istifadə uzunmüddətli qeyri-sabitliyə, münaqişələrin artmasına və diplomatik münasibətlərin pozulmasına səbəb olur. İndi bu mənfi təzahürləri Gürcüstan–­AŞPA münasibətlərində müşahidə edirik. Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində AŞPA-nın respublika hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb: “Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun son təzahürü isə bu gün gördüyümüz ədalətsizlik oldu. “Hətta ədalətsizlikdən də çox, bu, tamamilə absurd qərar idi”. Baş nazirin sözlərinə görə, gürcü xalqına münasibət dəyişərsə, Gürcüstan Avropa Şurası Parlament Assambleyasına qayıdacaq. 

Bundan başqa, cənab Kobaxidze müsahibəsində Qərbin maliyyə yardımlarının arxasında dayanan niyyətlər barədə danışıb. O deyib ki, Prezident Donald Tramp administrasiyasının 90 gün müddətinə dayandırdığı ABŞ-ın xarici yardımı Gürcüstan da daxil olmaqla, digər ölkələrdə baş verən inqilablara və iğtişaşlara xərclənib: “Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası birbaşa təsdiqləyib ki, amerikalı vergi ödəyicilərinin pulları, Amerika pulları digər ölkələrdə, o cümlədən Gürcüstanda inqilablara, iğtişaşlara və dəhşətli ssenarilərin inkişafına xərclənib”.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze də Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını şərh edərkən bildirib ki, rəsmi Tbilisi şantaj və ultimatum dilini qəbul etməyəcək: “Biz şantaj və ya ultimatum dilini qəbul etmirik. Biz ancaq dostluq, tərəfdaşlıq istəyirik və bu cür hərəkətlər, bəyanatlar qətiyyən qəbuledilməzdir. Bu dostluq deyil”. Onun fikrincə, Qərb bunu dinləyənləri şantaj edə bilər. 

Gürcüstan siyasətçilərinin əksəriyyəti bildirir ki, AŞPA-nın sessiyası başlayandan yalnız ikili standartları müşahidə edir. AŞPA-da nümayəndə heyətinin üzvü Givi Mikanadze AZƏRTAC-a müsahibəsində deyib ki, onlar ötən ilin oktyabrında Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrindən razı deyillər. Onların Gürcüstanda parlament seçkilərində hər hansı qanun pozuntusu ilə bağlı heç bir sübutları yoxdur. Çünki seçkilərdə heç bir qanun pozuntusu olmayıb. Seçkilər yük­sək standartlara uyğun keçirilib. ATƏT-in müşahidə missiyasının yekun bəyanatında da bu, öz əksini tapıb. Seçkilərdən 3 ay keçməsinə baxmayaraq, onlar hələ də seçki pozuntuları ilə bağlı sübutları ortaya qoya bilməyiblər. Deputat bildirib ki, AŞPA-da bəzi qüvvələr Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz etmək istədiklərini deyirlər. Bunu Monitorinq komitəsinin təqdim etdiyi məruzə layihəsində də aydın görürük, nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsi üçün şərtlər irəli sürülür. 

Bir sözlə, ötən ilin oktyabrında keçirilən parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsi Avro-Atlantik ictimaiyyət tərəfindən onun postsovet məkanında genişlənmə strategiyasına birbaşa təhdid kimi qəbul edilir. Buna görə də, Qərb  gürcü iqtidarına qarşı total hücuma keçib, Gürcüstanı iqtisadi və siyasi cəhətdən sıxışdırmağa başlayıb. Ancaq müdrik gürcü xalqı Qərbdən əsən küləklərin dağıdıcı gücünü çox yaxşı hiss edir və milli kimliyini və suverenliyini hər hansı hipotetik vədlərə qurban vermək istəmir. Buna görə də, Gürcüstanın AŞPA-dan çıxması ancaq “qoca qitə”nin maraqlarına zərbə vuracaq. 

Səməd Seyidov, 
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri

– Biabırçı qərardır. AŞPA-nın sənədində müstəqil dövlətə qarşı şantaj və hədə-qorxu əks olunub. Həmin sənəddə ağlasığmayan və gürcü xalqının iradəsinə zidd olan tələblər qeyd edilib. Yeni parlament seçkilərinin keçirilməsi və ən maraqlısı budur ki, indi də Gürcüstana qarşı “siyasi məhbuslar”ın azad edilməsi kimi AŞPA-nın ənənəvi tələbləri irəli sürülür.  Gürcüstan nümayəndə heyəti bu şərtləri özünə qarşı təhqir hesab etdi və qurumda fəaliyyətini dayandırdı. Hesab edirəm ki, bu, bir daha AŞPA-nın dərin böhranda olduğunu göstərir və təsdiqləyir. Azərbaycan, Gürcüstan AŞPA-da normal fəaliyyət göstərə bilmirlər. Niyə? Ona görə ki, ən ali dəyər–qarşılıqlı hörmət AŞPA-da, təəssüf ki, yaddan çıxarılıb. AŞPA-nı idarə edən insanlar, xüsusilə bir qrup–Şvabe ətrafında toplaşmış deputatlar ölkələrə hədə-qorxu və şantajı ali siyasət kimi seçiblər. 

Təbii ki, belə mühitdə fəaliyyət göstərmək mümkün deyil. Hesab edirəm ki, AŞPA getdikcə daha ciddi böhranla üzləşəcək, ona görə ki, ümumi geosiyasi mənzərəni görə bilmirlər. Təhlil edə bilmirlər. Cənubi Qafqaz regionunda gedən prosesləri qəbul edə bilmirlər. Onlar bu gün yalnız Ermənistanla oturub-dururlar. O da müvəqqətidir, Ermənistanda da vəziyyət dəyişəndə bu məsələlər gündəmə gələcək. Ancaq hazırda Azərbaycanın və Gürcüstanın Ermənistandan əsas fərqi ondadır ki, biz müstəqil­liyimizi və regiondakı reallıqlarımızı qoruyub saxlamaq istəyirik. Ermənistan isə alət kimi istifadə olunmasına hazırdır və üçüncü qüvvələrin regiona gətirilməsində maraqlıdır. Bu mənada alətə çevrilmiş Ermənistan həm Avropa, həm region üçün müxtəlif dəyər daşıyır. Əlbəttə ki, bu, region üçün təhdidə çevrilir və biz bunu nəzərə almalıyıq.

S.ELAY 
XQ

 



Siyasət