“Böyük manipulyator”

post-img

Mark Endeveld

(əvvəli qəzetin ötən saylarında) 

2017-ci ilin yanvar ayının əvvəlindən Makronun maliyyə ilə məşğul olan komandası bərk narahatlıq içindədir. Nəyə görə? Ona görə ki, Kristian Dezeqlisin bahalı restoranlarda təşkil etdiyi çoxsaylı və dəbdəbəli şam yeməklərinə, eləcə də ora dəvət olunan müxtəlif iş adamlarının iştirakına baxmayaraq, maliyyə qrupu Makronun prezidentlik kampaniyasına lazım olacaq vəsaitin hamısını hələ də toplaya bilməyib. Elektron poçtla göndərilən bir məktubdan bəlli olur ki, 31 dekabr 2016-cı il tarixində, o bahalı restoranlarda təşkil olunan dəbdəbəli şam yeməkləri sayəsində cəmi-cümlətanı 3 482 000 avro əldə edilib. Bu məbləğ xəzinədə olan pulların yalnız 69 faizini təşkil edir. (Kampaniyaya 5000 avrodan çox pul keçirən 400 nəfərin verdikləri ümumi məbləğ də daxil olmaqla). Maliyyə qrupunun təqdim etdiyi sənədə əsasən, 2016-cı ilin dekabr ayının sonunda Makron bahalı restoranlarda təşkil olunan dəbdəbəli şam yeməkləri sayəsində toplanan 3 482 000 avro da daxil olmaqla, ümumilikdə, təxminən, 5 000 000 avro toplayıb. Təbii ki, bu məbləğə Makrona simpatiya bəsləyən iş adamlarının internet vasitəsilə kampaniyanın fonduna keçirdikləri pullar da daxildir. Makronun maliyyə ilə məşğul olan komandasını narahat edən odur ki, sentyabr ayında Kristian Dezeqlis demişdi ki, ilin axırına minimum 10 000 000 avro tapacaq. Onun dediyi alınmadı... 

Bununla əlaqədar olaraq, ilin əvvəlindən kampaniyanın maliyyə qrupu strategiyanı dəyişir: pul toplamaq ümidi ilə varlı adamları mütəmadi olaraq bahalı restoranlara dəvət edib onlara dəbdəbəli qonaqlıqlar vermək üsulu arxa plana keçir. 2017-ci ilin yanvar ayının əvvəlindən kampaniyanın maliyyə qrupu gələn beş ay ərzində xəzinəyə 2 000 000 avro əlavə pul toplamağı planlaşdırır. (350 000 avro yanvarda, 800 000 fevralda, 500 000 martda, 175 000 apreldə və yenə 175 000 may ayında) Bundan başqa, maliyyə qrupunun üzvləri belə qərara gəlirlər ki, kampaniyaya (ikinci tur da daxil olmaqla) lazım olacaq büdcənin yerdə qalan 11 000 000 avrosunu bankdan kredit götürsünlər. 

Onu da qeyd etmək lazımdır ki, ilin əvvəlində Makronun yaratdığı “Hərəkətdə!” siyasi hərəkatının, eləcə də onun seçki kampaniyasının real maliyyə vəziyyətini hələ ki, çox az adam bilir. Telefon danışığı zamanı kampaniyanın kommunikasiya direktoru Silvan Fort həmsöhbətinə təsdiqləyir ki, maliyyə qrupu kifayət qədər pul tapa bilmədiyi üçün onların vəziyyəti o qədər də yaxşı deyil və elə o dəqiqə də özünü təmizə çıxarır: “Bu normaldır... Makron Paris bursunun (CAC 40) namizədi deyil ki, çırtma vurmaqla kampaniyasına lazım olan məbləği bir göz qırpımında tapsın...”. Düzdür, namizədin maddi vəziyyəti 2017-ci ilin əvvəlində hələ ki zəifdir, bu da təbiidir, çünki Makronun heç bir partiyası olmadığından, o, başqa namizədlərdən fərqli olaraq, partiya üzvləri tərəfindən edilən maliyyə dəstəyindən məhrumdur. Emmanuel Makronun kampaniyasına keçirilən pulların əksəriyyəti, Londonda gördüyümüz kimi, xarici ölkələrdə yaşayan və orada bank sistemində çalışan varlı adamların sayəsində əldə olunub.

Banklar onların ümidlərini doğrultmur 

2016-cı il dekabrın 16-da Makronun Parisin 15-ci rayonunda seçicilərlə uğurlu görüşündən sonra və əsas da Sosialist Partiyasından (PS) prezidentliyə namizədliyini irəli sürməyə çalışan Manuel Vallsın uğursuzluqları nəticəsində, Makron 2017-ci ilin əvvəlindən başlayaraq yavaş-yavaş solçular partiyasının (PS) üzvlərinin simpatiyasını qazanmağa başlayır. Özü də onlardan Makrona həm mənəvi, həm də maddi dəstək gəlir. Məsələn, Jan-Jak Oqier kimi bir adam qeyri-rəsmi şəkildə Makronun kampaniyasında olan Kristian Darnyat, Emmanuel Miqel və Sedric O. kimi “ağır çəkili” adamlarla birgə fəaliyyətə başlayır. Bu Oqier də kim olsa, yaxşıdır? 2011-ci ildə Fransua Hollandın namizədlik kampaniyasının xəzinədarı! Özünü heç vaxt gözə soxmayan, adətən, kölgədə qalmağı xoşlayan Jan-Jak Oqier çox güclü və bacarıqlı, eləcə də yaxşı çevrəsi və dəyərli şəbəkələri olan bir adamdır. Özünü hər yerdə sosial-liberal kimi qələmə verən bu şəxs, əvvəllər uzun müddət Parisin G7 taksi şirkətinin baş direktoru vəzifəsində işləyib. Bu şirkətin prezidenti isə 1970-ci illərdə Sosialist Partiyasının əsas fiqurlarından biri Fransua Mitteranın kabinet direktoru olmuş Andre Russele idi. Sedric O. elektron poçtla göndərdiyi məktublardan birində qeyd edir ki, yanvar ayında kampaniyaya hansı yollarla pul tapmaq məqsədi ilə təşkil olunan yığıncaqda Fransua Hollandın başqa bir dostu, onunla əsgərlikdə bir yerdə olmuş, “Numéricable” internet şirkətinin baş direktoru Bernard Qotta və Jan-Jak Oqier də iştirak edib. 

Düzdür, kənardan maddi dəstək alsa da, Makronun maliyyə komandası başqa böyük bir problemlə də üzləşir: məsələ burasındadır ki, 2016-cı il ərzində yığılan pulların bir hissəsi qismən xərclənib. Özü də bu problemdən kampaniya qrupunun tərkibində çox az adamın xəbəri var. Ona görə də yanvarın 20-də Sedric O. İsmael Emelienə və Lüdovik Şakerə göndərdiyi e-maildə onlara bildirir ki: “baxın ha, sizin 1000 avrodan az ianə almağa ixtiyarınız yoxdur; özü də alınan bütün pullar xəzinəyə təhvil verilməlidir”. Kampaniyanın daxilində hamı bir-birinə ürək-dirək verir, hamı bir-birini arxayın edir ki, maliyyə qrupu tezliklə bankdan kredit götürüb büdcəni bağlayacaq. Bir neçə ay əvvəl – 2016-cı ilin mayında Makron hələ əhali arasında favorit olmayanda – “Hərəkətdə!” hərəkatının xəzinədarı Sedrik O. büdcəni bağlamaq üçün bankdan kredit götürmək hipotezinə şübhə ilə yanaşmışdı: “Mən kampaniya üçün bankdan kredit götürməyin tərəfdarı deyiləm. Belə şeyə əl atan namizəd ümid edir ki, birinci turda beş faizdən çox səs toplayıb kampaniyaya sərf olunan məbləğin əlli faizini dövlət tərəfindən kompensasiya etdirəcək...”. O, bu fikrini elektron poçtu vasitəsilə Kristian Darnyata, Emmanuel Miqelə, Lüdovik Şakerə və İsmael Emelienə göndərir.

Bu azmış kimi kredit götürmək üçün Makronun komandası ilə banklar arasındakı danışıqlar heç bir nəticə vermir. Emmanuel Miqelin optimist proqnozlarının əksinə olaraq (o nəzərdə tutmuşdu ki, krediti fevral ayında götürsün) müraciət olunan banklar – xüsusilə “Bred (BPCE qrupu) və Crédit Mutuel Ile-de-France” – xeyli çək-çevirdən sonra, nəhayət, kredit verməyə razı olurlar – ancaq bir şərtlə: maksimum 8 000 000 avro... özü də indi yox, seçkilərin birinci turuna iyirmi gün qalmış. Ona görə də yanvar ayı ilə aprel ayı arasında “Hərəkətdə!” hərəkatı məcbur olub qənaətlə dolanır, üstəlik, namizədin İqtisadiyyat Nazirliyində və Lion şəhərində təşkil olunan seçkiqabağı mitinqləri ərəfəsində. Belə bir şəraitdə kampaniyada çalışan sıravi xidmətçilərin təminatını necə ödəyəsən? O yazıqlar, görəsən, əmək haqlarını vaxtında ala biliblər, yoxsa bunun üçün kampaniyanın axırını gözləyiblər? 2017- ci ilin yanvarından təbliğat afişalarını çap etmək üçün kampaniyanın ümumi işlər üzrə direktoru Qreqoir Pott on Sosialist Partiyasından olan namizədin kampaniyası üçün işləyən PGE mətbəəsi ilə danışıqlar aparır. Elektron poçt mübadiləsindən aydın olur ki, Qreqoir Pott on mətbəəyə afişaların çapı üçün cəmi-cümlətanı 100 000 avro avans təklif edib. […]. Məlumat üçün: Sosialist Partiyası (PS) 2011-ci ilin iyun ayından noyabr ayına kimi 1 000 000 avro avans verib. Kampaniya üçün bu əlverişli razılaşmaya baxmayaraq, Sedrik O. etiraz edir: “Açığını deyim ki, 100 000 avro ödəsək, bizim xəzinədə böyük problem yaranacaq...”, – deyə cavab verir. Kampaniyanın kommunikasiya qrupunun üzvü Terri Daqzan bu işə müdaxilə edəndən sonra mətbəə afişaları avanssız çap eləməyə razı olur.

(ardı var)

 

Siyasət