Müsahibimiz Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarovadır
Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Artıq proses son mərhələdədir. Bələdiyyə üzvü olmaq istəyən namizədlər seçkiqabağı təşviqat kampaniyası aparırlar. Seçki Məcəlləsinin tələblərinə əsasən, təşviqat seçkiyə 23 gün qalmış başlanır və səsverməyə 24 saat qalmış dayandırılır. Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına görə, proses yanvarın 28-i saat 08:00-da dayandırılacaq.
Seçkilərin qanunvericiliyin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün hansı işlər görülüb? Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarovaya bununla bağlı suallarla müraciət etdik.
– Arifə xanım, əvvəlcə xahiş edirik ki, bələdiyyə seçkilərinə hazırlıq prosesinin gedişi ilə bağlı məlumat verəsiniz...
– Bildiyiniz kimi, 2024-cü il 27 noyabr tarixində Mərkəzi Seçki Komissiyası tərəfindən 2025-ci il yanvarın 29-da Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın dərc edildiyi gündən başlayaraq Seçki Məcəlləsinin tələbinə uyğun olaraq ölkə üzrə həm öz təşəbbüsləri, həm də siyasi partiyalar tərəfindən namizədlərin irəli sürülməsi prosesi başlanıb.
Ölkə üzrə 685 bələdiyyədə 8071 nəfər bələdiyyə üzvü seçilməlidir. Hazırda bu yerlər uğrunda 16 min nəfərdən çox namizəd mübarizə aparır. Bilirsiniz ki, indi təşviqat dövrüdür. Demək olar ki, seçki prosesinin ən qızğın mərhələsi məhz təşviqatın aparılması dövrüdür.
Prosesə ölkə üzrə 23 siyasi partiya qoşulub və onlar müxtəlif bələdiyyələr üzrə namizədlərini irəli sürüblər. Bundan əlavə, Seçki Məcəlləsinin tələbinə görə, seçki hüququ olan və müvafiq seçki dairəsinin ərazisində yaşayan hər bir Azərbaycan vətəndaşı istədiyi bələdiyyə üzrə namizədliyini irəli sürmək hüququna malikdir və onlar bu hüquqdan istifadə ediblər. Bu proses artıq geridə qalıb. Ümumiyyətlə, bildiyiniz kimi, seçki prosesinin özü bir neçə mərhələyə bölünür. Bunlar namizədlərin irəli sürülməsi, qeydə alınması, təşviqat, səsvermənin keçirilməsi, səslərin hesablanıb protokolların tərtib edilməsi və yekun nəticələrin müəyyən edilməsi mərhələləridir. Seçki Məcəlləsinin tələbinə görə, Mərkəzi Seçki Komissiyası 20 gün müddətinə bələdiyyə seçkilərinin yekun nəticələrini elan etməlidir. Qeyd etdiyim kimi, biz hazırda bu mərhələlərdən təşviqat dövründəyik.
Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini müxtəlif istiqamətlər üzrə həyata keçirir. Bunlardan biri də maarifləndirmə tədbirləridir. Mərkəzi Seçki Komissiyasının seçkilər dövründə həyata keçirdiyi ən uğurlu tədbirlərdən biri də məhz maarifləndirmə tədbirləri olmuşdur. Maarifləndirmə tədbirləri seçki prosesi boyunca müxtəlif subyektlər üçün mütəmadi olaraq həyata keçirilir. Bura aşağı seçki komissiyalarının, seçki prosesində iştirak edəcək digər subyektlərin maarifləndirilməsi daxildir. Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar aparılan maarifləndirmə tədbirləri bu həftə başa çatdı.
– Təşviqatın aparılması prosesi barədə nələri qeyd etmək mümkündür?
– Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, təşviqatın aparılması üçün ölkə üzrə açıq və qapalı olmaqla 5912 yer müəyyən edilib. Bunlardan 3730-u açıq, 2182-si isə qapalı məkandır. İndi qış fəsli olduğu üçün bu məqam da nəzərə alınmışdır. Namizədlər, siyasi partiyalar, eyni zamanda təşviqat aparmaq hüququna malik subyektlər tərəfindən həmin məkanlarda təşviqat aparılır. Bir məqamı da qeyd edim ki, bu məkanlarda təşviqat aparmaq tam pulsuzdur. Dairə seçki komissiyaları tərəfindən namizədlərə bu imkan yaradılmışdır.
– Ölkə üzrə müşahidəçilərin sayı nə qədərdir?
– Şəffaflığın təmin edilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən Məcəlləyə uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Şəffaflığın təmin edilməsinin ən yüksək göstəricilərindən biri məhz müşahidəçilik institutudur. Hazırda ölkə üzrə 70 mindən çox müşahidəçi səsvermə günü seçki məntəqələrində səsvermə prosesini və seçkilərin yekunlarının rəsmiləşdirilməsi prosesini birbaşa olaraq izləyəcəkdir. Müşahidəçi kimi qeydə alınan şəxslər müvafiq lövhəciklərlə təmin ediliblər. Səsvermə gününə 5 gün qalmışa qədər müşahidə aparmaq arzusunda olan subyektlər müvafiq dairə seçki komissiyalarına müraciət ediblər. Bir məqamı da qeyd edim ki, müraciət edən bütün subyektlərə müsbət cavab verilib, heç bir subyektin müşahidə aparmasından imtina olunmayıb.
Müşahidəçiliyin aparılmasının digər bir forması isə Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq edilən veb-kameralardır. Bilirsiniz ki, ölkə üzrə hazırda 118 seçki dairəsində seçkilər keçirilir. 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dünyanın istənilən yerindən müşahidə aparmaq istəyən şəxs Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytına daxil olmaqla həmin məntəqələrdə müşahidə apara bilər. Həmin müşahidə kameraları gün ərzində aktivdir. Onlar saat 07:50-dən məntəqə seçki komissiyaları tərəfindən seçkilərin nəticələrinə dair tərtib edilmiş protokolların dairə seçki komissiyasına aparılması anına qədər müşahidə etmək imkanı əldə edirlər. Təbii ki, biz özümüz də rəhbər orqan olaraq veb-kameralar vasitəsilə məntəqələrdə müşahidələrimizi aparırıq.
Qeyd etdiyim kimi, hazırda təşviqat dövrüdür. Təşviqat səsvermə gününə 24 saat qalmış dayandırılacaq. Bir gün sükut günü elan olunur. Həmin gün seçki komissiyalarının ərazisinə yerləşdirilmiş namizədlərin təşviqat lövhələrindən təşviqat materialları çıxarılır. Çünki səsvermə gününə bir gün qalmış və səsvermə günü təşviqat materiallarının orada qalması qanun pozuntusudur. Qeyd edim ki, hazırda ölkə üzrə 10 mindən artıq təşviqat lövhələri məntəqə seçki komissiyalarının ərazisində yerləşdirilmişdir.
– Mərkəzi Seçki Komissiyası tərəfindən, adətən, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılır. Bu prosesin müsbət tərəfləri barədə nələri qeyd edə bilərsiniz?
– Seçki məntəqələrində veb-kameralar quraşdırılması dünyada ilk olaraq 2008-ci ildən Azərbaycanda tətbiq olunmağa başlayıb. Olduqca uğurlu təcrübədir. Bu, dünyada seçki mütəxəssisləri tərəfindən Azərbaycan təcrübəsi kimi öyrənilir və şəffaflığın təmin edilməsinin bir üsuludur. Veb-kameralar ilk dəfə ölkə üzrə 500 seçki məntəqəsində quraşdırılıb. Bunun uğurlu olduğunu gördükdən sonra Mərkəzi Seçki Komissiyası veb-kameralar quraşdırılan məntəqələrin sayını artırıb. Ötən seçkilərin təcrübəsi göstərir ki, veb-kameralara baxış olduqca çoxdur. Sevindirici haldır ki, xarici ölkələrdən baxış sayı lap çoxdur. Yəni, veb-kameralar vasitəsilə seçki məntəqələrini birbaşa müşahidə edirlər. Veb-kameralar elə bir müşahidədir ki, müşahidə etmək arzusunda olan şəxs burada fasiləsiz, birbaşa platforma üzərindən prosesi müşahidə edir. Veb-kameralar quraşdırılan məntəqələrin siyahısı əvvəlcədən Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilir. Hazırda da saytımızda hansı dairənin neçə saylı seçki məntəqəsində veb-kamera yerləşəcəyi əksini tapıb. Veb- kameraların tətbiq edilməsi şəffaflığın və aşkarlığın ən yüksək göstəricisidir.
– İndiyədək seçki prosesi ilə bağlı şikayətlər daxil olubmu?
– Seçki Məcəlləsinin tələblərinə görə, vətəndaşlar seçki hüquqlarının pozulması ilə bağlı müraciətlər edə bilərlər. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının 115 saylı “qaynar xətti” fəaliyyət göstərir. Hazırda həmin “qaynar xətt” fəaliyyətdədir. Seçicilər istənilən məsələ ilə bağlı – istər şikayət, istər sorğu, istər seçki məntəqəsinin yeri, istərsə də seçici siyahıları barədə “qaynar xətt”ə müraciət edə bilərlər. Mərkəzi Seçki Komissiyasının əməkdaşları tərəfindən gün ərzində daxil olmuş bütün sorğular cavablandırılır.
Şikayətlərə gəldikdə isə qeyd edim ki, seçki prosesinin başlamasından indiyədək Mərkəzi Seçki Komissiyasına seçki hüquqlarının pozulması iddiası ilə 5 müraciət daxil olub. Həmin müraciətlərlə bağlı da qanunda müəyyən edilmiş qaydada və müddətdə baxılaraq müvafiq qərar qəbul edilib.
– Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başa çatıbmı?
– Bu mərhələ artıq uğurla başa çatıb. Seçki Məcəlləsinə görə, səsverməyə 10 gün qalmış seçki bülletenləri hazırlanır, 5 gün qalmış Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilir. Dairə seçki komissiyaları tərəfindən isə seçki bülletenləri səsvermə gününə 3 gün qalmış həmin dairənin ərazisində yerləşən məntəqə seçki komissiyalarına paylanır. Qeyd etdiyim bu proses tam yekunlaşıb.
– Bələdiyyə seçkiləri 125 seçki dairəsindən 118-də keçiriləcək. Bura işğaldan azad olunmuş ərazilər aid deyil. Bu barədə nələri qeyd edə bilərsiniz?
– Hələlik işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılmayıb. Bələdiyyələr qanunla yaradılır. Mərkəzi Seçki Komissiyası yalnız qanunda adları olan bələdiyyələrə seçkilər keçirir. Bələdiyyələr də ərazi və əhali prinsipi əsasında formalaşan yerli özünüidarəetmə orqanıdır. Hələ ki, işğaldan azad olumuş ərazilərimizdə tikinti-quruculuq, abadlıq işləri gedir. Vətəndaşlar ora hələ ki, tam köçürülməyib. Amma inanırıq ki, gələn seçkilərə qədər işğaldan azad olunmuş ərazilərdə də bələdiyyələr yaradılacaq və növbəti bələdiyyə seçkiləri suveren Azərbaycanın bütün ərazilərində böyük ruh yüksəkliyi ilə keçiriləcək.
Səxavət HƏMİD
XQ