Serbska Prezidentinin  Azərbaycan səfiri ilə görüşü

post-img

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkədə iki inzibati vahiddən biri olan Serbska Respublikasının Prezidenti Milorad Dodikin dəvəti ilə Banya-Luka şəhərində səfər edib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü, hazırda sədrlik səlahiyyətlərini yerinə yetirən xanım Jelka Tsviyanoviçin iştirakı ilə Vilayət Quliyevlə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Bosniya və Herseqovina, xüsusən də Serbska Respublikası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham ­Əliyevlə ötən ilin oktyabrında görüşdüyünü xatırladan Milorad Dodik ölkəmizin son illərdə qazandığı uğurların, beynəlxalq miqyasda nüfuzunun və rolunun artdığını vurğulayıb. O, Azərbaycanın iş adamlarını və biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib.

COP29 sammiti günlərində işğaldan azad olunan Qarabağa, eləcə də tarixi Şuşa şəhərinə səfər etdiyini xatırladan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun postsosialist ölkələri, xüsusən də oxşar münaqişələrlə üzləşən Bosniya və Herseqovina üçün ibrətamiz örnək olduğunu bildirib. Xanım Jelka Tsviyanoviç Prezident İlham Əliyevin Qərbi Balkan regionuna diqqətinin, xüsusən də 2023-cü ilin aprelində Sarayevoya səfəri çərçivəsində imzalanmış Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlıq sazişinin bütün sahələrdə əməkdaşlıq üçün mühümlüyünü vurğulayıb.

Səfir Vilayət Quliyev müzakirə olunan məsələlərin həqiqətən də mühüm əhəmiyyət daşıdığını, hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edərək ölkəmizin bütün səviyyələrdə dialoqa açıq olduğunu bildirib. 

XQ

 

Siyasət