IV məqalə
Sülhsevər dövlət və sülhsevər region
İlk baxışdan “sülhsevərlik” anlayışı sadə görünür. Lakin onun politoloji anlamını müəyyən etmək kifayət qədər çətindir. Qarşıya “dövləti hansı keyfiyyətlərinə görə sülhsevər adlandırmaq olar?” və ya “hansı kəmiyyət göstəriciləri dövləti sülhsevər edir?” kimi suallar çıxır. Eyni məntiqlə sülhsevərliyin politoloji anlamını regional miqyasa proyeksiya etməyin ciddi elmi kriteriyalarını müəyyən etmək ehtiyacından bəhs etmək mümkündür. Yəni sülhsevərliyin elmi və politoloji anlamı aktuallığını saxlamaqdadır.
Başqa tərəfdən, dövlətin və ya dövlətlər qrupunun sülhsevərliyi ilə bağlı müşahidə edilən spekulyasiyalar bu anlayışı son dərəcə qeyri-müəyyən etmişdir. İndi böyük dövlətlərin hər biri “sülhsevərdir”, çünki atdıqları addımların hamısına öncədən “insan haqlarının təmini”, “sülhün bərpası”, “terrorun qarşısının alınması” və s. kimi epitetləri “yapışdırırlar”. Nəticədə nədənsə başqalarının torpaqlarını işğal edən “sülhsevər” olur və ya müstəqil dövlətin daxili işinə qarışmaq da sülhsevərlik sayılır və s.
Burada başqa bir problem faktiki olaraq kiçik və zəif dövlətlərdən hansılarınınsa daha sülhsevər obrazını yaratmaq cəhdləri ilə bağlıdır. Təəssüf ki, bu təhlükəli işlərlə həm böyük dövlətlərin bəziləri, həm də reytinqli təşkilatlar məşğul olurlar. Bunun nümunəsini bir qədər sonra göstərəcəyik. İndi bu cür yanaşmanın potensial geosiyasi riski üzərində dayanaq.
Məsələ onunla bağlıdır ki, süni olaraq hansısa kiçik, zəif, lakin mahiyyəti təcavüzkarlıq olan dövləti sülhsevər kimi qələmə vermək bütövlükdə qlobal miqyasda geosiyasi və siyasi-hərbi ab-havanı qeyri-müəyyənliyə sürükləmək deməkdir. Müxtəlif bəhanələrlə dünyada gərginliyi saxlamaqdır. Sülh adından istifadə edərək kimlərəsə özlərinin eqoist şəxsi siyasi və geosiyasi-hərbi maraqlarını təmin etməsinə münbit şərait yaratmaqdır.
Bununla yanaşı, məhz belə süni mühit yaradanların dünyaya hakim kəsilmək nəfsi həqiqi mənada sülhün təmin edilməsinə ciddi əngəllər yaradır. Bütün bunlara görədir ki, indi siyasi liderlər qlobal xaosdan, idarəedilən geosiyasi qarışıqlıqdan, bəşəriyyətə fundamental təhdidlərdən, ümumiyyətlə, dünyanın mövcud olmasına yaranan risklərdən bəhs edirlər.
Onda avtomatik olaraq həqiqi mənada “sülhsevər dövlət kimdir, onun ktriteriyaları hansılardır və prinsipcə sülhsevərlik mümkündürmü?” kimi politoloji və fəlsəfi xarakterli suallar ortaya çıxır. Bununla bağlı dünya təcrübəsi mövcuddurmu?
Bu suallara cavab əsasında ümumiləşdirmə edib “sülhsevər region” haqqında danışmağın elmi, fəlsəfi və politoloji əsası vardırmı? Məsələ onunla bağlıdır ki, adi məntiqlə dövlətdən dövlətlər qrupuna və oradan da bütöv regional miqyasa coğrafi baxımdan fikir keçidi etmək olar. Lakin əsaslı fəlsəfi və ya politoloji anlamda bu keçidi dərk etmək tamamilə fərqli yanaşma və çalışma tələb edir. Bu baxımdan həqiqi mənada sülhsevər region ifadəsi tam aydın deyildir. Hazırkı geosiyasi şəraitdə, ümumiyyətlə, bunun mümkün olub-olmaması müzakirə olunmalıdır.
Sualların belə qoyuluşundan iki istiqamətdə fikir yürütmək olar. Birincisi, hazırda dünya miqyasında hansı təcrübə mövcuddur? İkincisi, Azərbaycan Respublikası sülhsevər dövlət kriteriyaları kontekstində təcrübə təklif edə bilirmi? Yığcam desək, Azərbaycan hansı parametrlər çərçivəsində “sülhsevər dövlət” ifadəsinə anlam verir? Öncə, dövlətlərin sülhsevərliyi kriteriyaları ilə bağlı dünya təcrübəsinə baxaq.
Sülhsevərliyin Qlobal İndeksi
Sülhsevərliyin Qlobal İndeksi (GPI) 2007-ci ildən tərtib olunur. O, bütövlükdə dövlətin özünün zorakılığının və zorakılıq qorxusunun olmamasını qiymətləndirir. Onun iki aspekti vardır. Biri dövlət daxilində zorakılığın olmamasıdır. Digəri isə dövlətin kənardan ola biləcək zorakılıqlara hazırlıqlı olmasıdır. Bura başqa kriteriyalarla yanaşı, “qonşu ölkələrlə münasibətlər” də daxildir.
Burada digər kriteriyalar üzərində dayanmaq imkanı yoxdur. Onların sırasında dövlətin silahlanma dərəcəsi, münaqişələrə münasibəti, beynəlxalq səviyyədə münaqişələrdə iştikarı və s. kimi göstəricilər daxildir.
Onu deyək ki, 2008-2018-ci illər üzrə GPI reytinqində Ermənistan Azərbaycandan öndə göstərilmişdir (Ermənistan 120-ci yer, Azərbaycan 132-ci yer). Ermənistan hətta ABŞ-dan “daha sülhsevərdir” (Amerika 121-ci yer). İsrail 146-cı, Türkiyə 149-cu, Rusiya 154-cü, Suriya 163-cü yerlərdədirlər. Reytinqdə ilk sıraları isə İslandiya, Yeni Zelandiya və Avstriya tuturlar. Ümumilikdə 163 dövlətin “sülhsevərlik” dərəcəsi göstərilmişdir.
Reytinqlə bağlı mütəxəssislərin fikirləri də müxtəlif beynəlxalq analitik mərkəzlərdə verilir (məsələn, Rusiyanın RSDM-də). Bu o deməkdir ki, beynəlxalq miqyasda GPI reytinqinə ciddi münasibət mövcuddur. Ancaq cədvəl göstərir ki, burada obyektivlik və ədalətlilik gözləniləndən çox aşağı səviyyədədir. Reytinq tərtibçiləri (Sidney Universiteti və digərləri) universal kriteriyalar müəyyən edə bilməmişlər və üstəlik, informasiyaları birmənalı və obyektiv qiymətləndirə bilməmişlər.
Nümunə kimi göstərə bilərik ki, Ermənistan həm qonşu dövlətin ərazisinə hərbi təcavüz etmişdir, həm də silahlanmaya çox fikir vermişdir. Onun hərbi hissələri 30 ildən çox Azərbaycan ərazisində vardı və oradan onu heç bir danışıq və təşkilat çıxara bilmirdi. Ermənistan Cənubi Qafqazda daxili zorakılığı ən yüksək olan ölkədir. Hətta onun prezidenti olmuş Levon Ter-Petrosyan indi fəxarətlə danışır ki, “azərbaycanlıları necə və hansı məqsədlə qovmuşlar”. Yəni bu məqam erməni siyasi şüurunda təcavüzkarlığı, qonşu ölkələrə zorakı münasibəti avtomatik olaraq nümayiş etdirir.
Ermənistan həm də Türkiyə və Gürcüstana ərazi iddiasında olan ölkədir. İrəvan mədəni irslərə də əsassız olaraq iddia etməkdədir. Onun Konstitusiyasında hələ də qonşu dövlətlərə - Azərbaycan və Türkiyəyə ərazi iddiası qalmaqdadır. Hətta Azərbaycan rəsmi surətdə həmin iddiaların Konstitusiyadan çıxarılmasını tələb edir, lakin rəsmi İrəvan müxtəlif bəhanələrlə həm boyun qaçırır, həm də təcavüzkarlığa, silahlanmaya rəvac verə biləcək əlavə, dolayı və qondarma yollar axtarır.
Bunlar onu göstərir ki, reallıqda Ermənistan dünyanın ən aqressiv, təcavüzkar və militarizasiya səviyyəsi yüksək olan dövlətlərindən biridir. Onun GPI kimi reytinqlərdə, ümumiyyətlə, yeri olmamalıdır. Ancaq bunun əksini həmin reytinq cədvəllərindən görürük.
Buradan “sülhsevər dövlət” obrazının reallıqda GPI-ya çox az aiddiyyatı olduğu nəticəsini çıxara bilərik. Yəni avtomatik olaraq problem başqa, alternativ ola biləcək kriteriyalar və fəaliyyət istiqamətləri axtarışına fokuslanmış olur. Bu prizmada sülhsevər dövlət və sülhsevər region anlayışlarının təhlili geosiyasi trendlər aspektində ciddi təhlil tələb edir. Bununla bağlı Azərbaycan təcrübəsini necə xarakterizə etmək olar?
Sülhsevərliyin Azərbaycan nümunəsi
Biz məsələni ciddi fəlsəfi, elmi və politoloji kontekstdə məhz bu cür qoya bilərik. Səbəbi onunla bağlıdır ki, Azərbaycan Respublikasının müasir mərhələdə həmin istiqamətdə 30 ildən çox təcrübəsi vardır.
Birinci arqument ondan ibarətdir ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra heç bir qonşu dövlətə qarşı təcavüzkarlıq etməmişdir və beynəlxalq münaqişələrə qarışmamışdır. Heç bir nümaqişəni alovlandırmamışdır. Əksinə, hətta 1991-1993-cü ilin birinci yarısı müddətində daim özünü kənar təsirlərdən, münaqişəyə təhrik edən hərəkətlərdən qorumuşdur. Lakin 1993-cü ilin ikinci yarısına qədər bunu xaotik formada reallaşdırmağa cəhdlər etmişdir – sistemli və düşünülmüş fəaliyyət planı, təəssüf ki, yox idi. Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası davamlı, düşünülmüş və sistemli sülhsevər siyasət yeritmişdir. Onun da konkret əlamətləri vardır. Həmin əlamətlər Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyasının mühüm parametrləri sırasına daxildir.
Çox əhəmiyyətlidir ki, Heydər Əliyevin sülhsevər dövlət identifikasiyası birbaşa regional və qlobal geosiyasi trendlərin məntiqi və prosessual xüsusiyyətləri ilə sıx bağlıdır. Yəni Azərbaycan Cənubi Qafqaz dövləti kimi sülhsevərliyini postsovet məkanında ilk olaraq geosiyasi yeniləşmə kontekstində götürmüşdür. Burada məntiqi bağlılıq mükəmməl şəkildə özünü göstərir.
Azərbaycan sülhsevərliyə dövlət olaraq hər şeydən öncə, daxilində münaqişəsiz və qarşıdurmasız cəmiyyət modeli yaratmaqla yanaşır. Bunu təmin etmək üçün bir neçə istiqamətdə qarşılıqlı əlaqədə fəaliyyət göstərməyə başlamışdır.
Birincisi, azərbaycançılıq məfkurəsi vətəndaşları eyni birlik ideyası ətrafında birləşdirmişdir. Cəmiyyətdə azərbaycançılıq aparıcı inteqrativ faktora çevrilmişdir. Bu da inklüziv olaraq cəmiyyətdə münaqişəsiz və risksiz mühit yaratmağa imkan vermişdir.
Digər faktor multikulturalizmdir. Bu dəyər azərbaycanlıların bütün mədəni fərqlilikləri vahid cəmiyyət kontekstində bütövləşdirməsinə şərait yaratmışdır. Multikulturallıq cəmiyyətdə mövcud olan hər bir mədəni özəlliyin vahid ortaq sistemdə tam hüquqla varlığını saxlamağa lazım olan mühiti yaratmışdır.
Bununla beynəlxalq kriteriyaların da tələb etdiyi daxili münaqişəsiz və ziddiyyətsiz bütöv cəmiyyət nümunəsini formalaşdırmaq üçün zəruri şərtlər ödənmişdir.
Nəhayət, sülhsevərliyin daxili aspektdə güclü təminatçılarından biri kimi hüquqi normativlərin müəyyən edilməsini göstərmək olar. Azərbaycanda 1995-ci ildə yeni Konstitusiyanın qəbulu buna nail olmaq üçün lazım olan münbit hüquqi baza yaratmışdır.
Beləliklə, Azərbaycanın sülhsevərliyinin əsas daxili kriteriyaları azərbaycançılıq, multikulturalizm və qanunun aliliyi kimi müəyyən edilmişdir. Bu üç sferanın qarşılıqlı əlaqəsi özlüyündə müstəqil Azərbaycan dövlətinin aqressiv olmayan, hüquqa, insan haqlarına, mədəniyyət müxtəlifliyinə, vahid ideoloji yönə malik cəmiyyətə əsaslandığını göstərməkdədir. Sülhsevərliyin bu başlıca kriteriyalarının həyata keçməsi milli ideya vasitəsi ilə mümkün olmuşdur. Bununla milli ideya sülhsevərliyin əsas reallaşma mexanizmi kimi qəbul edilə bilər.
Buradan Azərbaycanın sülhsevər dövlət kimi əsas xüsusiyyətinin əhəmiyyətli bir cəhətini müəyyən etmək olar. Həmin cəhət sülhsevərliyin daxili kriteriyaları reallaşdırma mexanizmi kimi milli ideyanın xilasediciliklə birliyi, qonşu xalqlara tolerant münasibəti, daim dialoqa hazır olmağı özündə ehtiva edən və həmin əsasda regional sülhsevərliyin möhkəm təməlini yaradan dəyər olaraq təsəvvür edilməsinə imkan yaradır.
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru