İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Azərbaycanın biznesin qeydiyyatı prosesində dünyanın ən qabaqcıl ölkələrindən biri olduğunu bildirib.
Ekspertin sözlərinə görə, 2024-cü ildə bu sahədə bir sıra mühüm yeniliklər həyata keçirilib. Ən əhəmiyyətli yeniliklərdən biri xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi və MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır. Bu dəyişikliklər Azərbaycanda biznesin təsis edilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir.
O bildirib ki, hazırda biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın tərkibində fəaliyyət göstərən və Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının daha da təkmilləşdirilməsi üçün intensiv iş aparır. Belə ki, son bir ildə bu işçi qrupun təşəbbüsü ilə biznes qeydiyyatını sadələşdirmək məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna, eləcə də Əmək, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib.
Nəticədə, kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və xarici investisiyalı MMC-lərin qeydiyyat prosedurları sadələşdirilib. Bu, təkcə investisiya mühitinin yaxşılaşdırılmasına deyil, həm də Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək.
E.Kərimli əlavə edib ki, 2024-cü ilin digər mühüm yeniliklərindən biri MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınmasıdır. Bu yenilik biznes sahibləri üçün vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır. Əvvəllər yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı elektron qaydada aparılırdı. Yeni prosedurlar nəticəsində isə həm yerli, həm də xarici investisiyalı MMC-lər təsis sənədlərində edilmiş dəyişikliklərin elektron qeydiyyatı üçün ərizə ilə müraciət edə bilirlər.
Ekspertin fikrincə, 2025-ci ildə bu sahədə yeni islahatlar gözlənilir: “Kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və müvafiq reyestrin yaradılması planlaşdırılır. Bu prosesə dair normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra lazımi texniki imkanlar yaradılacaq. Bununla, Azərbaycanın biznes qeydiyyatı sahəsində qazandığı uğurlar onu dünya miqyasında ən qabaqcıl ölkələrdən biri kimi mövqeyini qorumağa imkan verəcək”.