Dövlət – özəl tərəfdaşlığı islahatlara dəstək verir

post-img

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “B2G” forumu keçirilib. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun fəaliyyəti çərçivəsində təşkil olunan toplantı zamanı dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən rəqabət və dövlət satınalmaları sahəsində həyata keçirilən institusional islahatlar barədə müzakirələr aparılıb. Onlayn formatda təşkil olunan tədbirdə “Caspian Energy Club”a üzv olan və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes subyektlərinin nümayəndələri iştirak ediblər. Onlar  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin çıxışları dinlənilib. 

Çıxışlar zamanı dövlət və özəl sektor arasında etibarlı və səmərəli əlaqələrin qurulması, rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında rəqabət qanunvericiliyinin tətbiqinin önəmi vurğulanıb. Bundan əlavə, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, müvafiq sahənin elektronlaşdırılması və daha çox sayda sahibkarlıq subyektinin satınalmalarda iştirakının təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat veriblər. 

Müzakirələrdə dövlət və özəl sektor arasında səmərəli kommunikasiya mühitinin formalalaşmasında, biznes subyektləri ilə sağlam əməkdaşlıq əlaqələrinin inkişafında Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər diqqət mərkəzində olub. İştirakçıların dövlət – özəl tərəfdaşlığı istiqamətində rəy və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyat