“Binokllu” casuslar bölgəni tərk etməlidirlər!

post-img

Aİ-nin mülki missiyasına  NATO ölkələri nə məqsədlə qoşulurlar?    

Azərbaycan Avropa İttifaqının (Aİ) bu missiyasını casusluqda və regionda sabitliyi pozmaqda ittiham edərək onun şərti sərhəddə müəmmalı fəaliyyətinə son qoyulmasını tələb edir. Aİ Ermənistanın Azərbaycanla şərti sərhədində missiyasının müddətini uzatmaq istəyir. Proses İrəvanın Avropanın bu qurumuna daxil olmaq iddiası, onun Qərbə doğru sürüklənməsi, yenidən silahlanması, ölkənin gələcəyi ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlaması fonunda baş verir. 

Son vaxtlar rəsmi Moskva da mütəmadi olaraq Aİ-nin Ermənistandakı müşahidə missiyasının zərərli, qarşıdurma xarakterindən danışır, onun bölgədəki varlığına son qoyulmasını irəli sürür. Kreml bölgənin “çağırılmamış qonağı” hesab etdiyi müşahidə missiyasını növbəti dəfə anti-Azərbaycan və anti-Rusiya adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə azərbaycanlı jurnalistin Aİ-nin Ermənistan və Azərbaycan sərhədindəki müşahidə missiyasının fəaliyyətinin daha iki il uzadılması təklifini Rusiyanın necə dəyərləndirməsi ilə bağlı sualını cavablandırarkən deyib. 

 “Bu missiyanın anti–Azərbaycan, anti–Rusiya, anti–İran məqsədləri göz qabağındadır. Üstəlik, NATO ölkələri də ona qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə etdiyi geosiyasi layihədir. Onun hansı məqsədi güddüyünü biz yaxşı başa düşürük: bölgədə sabitliyi pozmaq və ondan Cənubi Qafqaz regionunun xalqlarına qarşı istifadə etmək” – deyə M.Zaxarova qeyd edib ki, Aİ müşahidə missiyasından hərbi-siyasi sabitliyi pozmaq, Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevirmək cəhdlərindən başqa heç nə gözləmək olmaz.

Aİ missiyasının Cənubi Qafqaz üçün xarici qurum olduğuna və regionun üzləşdiyi bütün problemlərin kənar müdaxilə olmadan kollektiv səylərlə həll edilməli olduğuna diqqət çəkən rusiyalı diplomat Azərbaycan tərəfinin hiddətini bölüşərək Aİ missiyasının şərti sərhəddə yerləşdirilməsi qərarının Azərbaycanla razılaşdırılmadan qəbul edildiyini vurğulayaraq, İrəvana haqlı sual ünvanlayıb: “Niyə bölgənin sabitliyində həyati marağı olan regional oyunçunun fikri deyil, kənar müşahidəçilərin rəyi nəzərə alınıb?”

Aİ missiyasını “Cənubi Qafqazın bədənində yad orqan” adlandılıran Rusiya XİN rəsmisi sözlərinə onu da əlavə edib ki, Aİ Ermənistandan təsir yaymaq aləti kimi istifadə edir və onun müşahidə missiyasının himayəsi altında regionda casusluq fəaliyyəti həyata keçirir.

* * * 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlunun fikrincə, Avropa İttifaqının missiyasının fəaliyyətinin Ermənistan– Azərbaycan münasibətlərinə, sülh danışıqlarına aidiyyatı olmamalıdır: “Hazırda iki ölkə arasında danışıqlar davam edir, sərhədin delimitasiya və demarkasiya məsələləri həll olunur. Əslində, faktiki olaraq, Aİ-nin sərhəddə fəaliyyətinə heç bir ehtiyac qalmır. Amma göründüyü kimi, Brüsselin bu məsələdə başqa planları var. Açığını deməliyik ki, Ermənistanda yerləşdirilən həmin missiya Azərbaycana deyil, Rusiyaya qarşıdır. ABŞ-la Ermənistan arasında imzalanmış strateji saziş də Rusiyaya qarşı düşünülüb. Həm ABŞ-ın, həm də “kollektiv Qərb”in məqsədi Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Bu, bizim yox, Ermənistanla Rusiya arasında olan problemdir. Amma məsələ burasındadır ki, bölgədə gərginliyi artırmaq nöqteyi-nəzərindən Aİ missiyası Azərbaycana da mane olur. Bununla bağlı dövlətimizin başçısı İlham Əliyevin məlum açıqlamaları var. Əgər sərhəd müəyyənləşirsə, dialoq davam edirsə, bu missiyanın orada qalmasının faydası yoxdur. Əksinə, hər dəfə Avropanın hansısa qurumlarından birinin rəsmisini sərhədə gətirib, oradan binoklla Azərbaycan tərəfinə baxdırmaqla məhz gərginliyi daha da artırır. Düşünürəm ki, bunu Aİ-də də anlamamış deyillər. 

Reallığa gəldikdə isə yenə o fikirdəyəm ki, bu missiyanın Ermənistanda mövcudluğu birbaşa Rusiyaya qarşı yönəlmiş plandır. Rəsmi Moskva məhz buna görə narahatlığını kəskin şəkildə nümayiş etdirir”.           

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Avropa İttifaqının mülki missiyasının Ermənistanda fəaliyyət müddətinin daha 2 il uzadılmasını təklif edib. Bu barədə ali nümayəndəliyin mətbuat xidməti xəbər yayıb. “Üzv dövlətlər bu təklifi dəstəkləyiblər və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktları müzakirə edirlər. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbulu gözlənilir”, – məlumatda deyilir.

Brüssel iddia edir ki, “Aİ nümayəndələrinin Ermənistandakı qrupunun mandatı çox aydındır: Ermənistan–Azərbaycan sərhədindəki vəziyyətin monitorinqi və hesabatı, həmçinin Ermənistan və Azərbaycan arasında nizamlanma üçün qurumun səylərini asanlaşdırmaq”. Amma, bu, doğrudanmı belədir? 

Rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev qeyd edib ki, burada vəziyyət həqiqətən mürəkkəbdir: “Bakı üçün müşahidəçilərin qərəzsiz olacağına zəmanət yoxdur. Belə bir missiyanın məqsədi Azərbaycanın sərhəddə təhlükəsizlik və nəzarət sisteminin qurulması istiqamətində gördüyü işlər barədə məlumat toplamaqdır. Bu məlumatların erməni hərbçilərinə ötürülməyəcəyinə zəmanət haradadır? Axı, sülh müqaviləsi imzalanmayıb. İkincisi, Ermənistanın hərbi potensialının artırılması ilə bağlı Bakının narahatlığını aradan qaldıracaq mexanizm yoxdur. Üstəlik, regional balanslara, region ölkələrinin öz aralarında həmrəyliyinə əsaslanmaq strategiyasına uyğun gələn “3+3” platformasında belə bir mexanizmlə bağlı danışıqlar davam etmir. Ona görə belə çıxır ki, bu missiya Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini təhlil etmək üçün səhra məlumatlarının toplanmaqla bir tərəfdən  sərhəd təhlükəsizliyi sistemi üçün risklər yaradır. Digər tərəfdən, bu, bölgədə xarici xidmətlərinin tətbiqinə zəmin yaradır. Bakının buna qətiyyən ehtiyacı yoxdur. Artıq 1990-cı illər deyil. Niyə avropalı diplomatları zərər çəkmiş Azərbaycan icmalarına kompensasiyanın ödənilməsi, Meğri rayonundan olan qaçqın və deportasiya edilmiş şəxslərin taleyi maraqlandırmır?”.

* * * 

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə isə bildirdi ki, beynəlxalq təcrübənin də təsdiq etdiyi kimi, moderatorlara, adətən, münaqişə tərəflərinin özləri müraciət edirlər: “Ən azı, son onilliklərdə münaqişələrin tənzimlənməsi təcrübəsi bunu göstərir. Amma indi görün Avropa İttifaqı ilə nə baş verir? Keçmiş münaqişə tərəflərindən biri olan Azərbaycan Aİ-dən, eləcə də digər mümkün moderatorlardan danışıqlar prosesinə müdaxilə etməməyi xahiş edib. Münaqişədən sonra qalan bütün problemlərin həlli üçün Ermənistanla ikitərəfli danışıqların aparılmasının zəruriliyini bildirib. Amma indiki vəziyyətdə Aİ-nin hərəkətləri, yumşaq desək, çaşdırıcıdır.

Yəni, qalan məsələlərin həllinə yardım etmək üçün Azərbaycanı dəvət etməyiblər. Niyə bu qədər israr edirlər ki, bu nizamlanma onların iştirakı ilə baş tutsun? Üstəlik, maraqlı tərəflərdən biri bu xidmətlərdən imtina edərsə, o zaman bu yolla Avropa vasitəçiliyinin arzu-
olunmazlığı aydın olur. Amma Aİ-nin bölgəyə bu cür müdaxiləsi yolverilməzdir. İkincisi, qalan məsələləri həll etməkdənsə, missiya tərəflərin sülh yolunda diplomatik səylərini sarsıtmağa daha çox töhfə verir. Bəli, Aİ-nin Ermənistandakı müşahidə missiyasının Azərbaycan tərəfində müəyyən suallar doğurması faktdır. Brüssel nümayəndələrinin verdiyi cavablar isə Azərbaycan tərəfini qane etmir. Ona görə də belə bir şəraitdə müşahidə missiyasının fəaliyyət müddətinin uzadılmasına lüzum yoxdur. İrəvanın mövqeyinə gəlincə, burada hər şey aydındır. 

Ermənistan Aİ-ni razı salmaq, Brüsselə mümkün qədər sadiq qalmaq istəyir. Guya, Aİ regionda hərbi-siyasi baxımdan mövqelərini gücləndirmək üçün hər şeyi edəcək. Necə deyərlər, bütün bunların problemlərin həllinə yardımla heç bir əlaqəsi yoxdur”.

Beləliklə, Aİ rəsmiləri Ermənistandakı missiyanın fəaliyyət müddətinin uzadılması və onun “funksionallığının gücləndirilməsi” ilə bağlı məsələləri həyata keçirməkdə israrlı görünür. İntəhası, Azərbaycan tərəfi hesab edir ki, binokllu kəşfiyyat fəaliyyəti Bakının maraqlarına qarşı yönəlib. Aİ bu amili nəzərə almağa borcludur. 

İ.HƏSƏNQALA 
XQ

 







Siyasət