Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz

post-img

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün, əmin-amanlığın tərəfdarıdır. Ölkəmiz sülh gündəliyinə sadiqdir. Ermənistan isə qeyri-konstruktiv mövqe sərgiləyərək sürətlə silahlanır. Görünür, Ermənistan və bu ölkədə baş qaldırmış revanşist qüvvələr bunun fərqində deyillər. Qərbin bəzi ölkələri, xüsusilə Fransa Ermənistanı məhvə sürükləyir, bölgədə gərginlik yaratmağa çalışır. Amma unudurlar ki, regionun super gücü olan Azərbaycan öz milli maraqlarını tam təmin etmək gücündə və imkanındadır! Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə bir daha ölkəmizin mövqeyini qəti şəkildə ifadə etməklə vacib məqamlara toxundu.

Prezident bir daha bəyan etdi ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə rolunu oynamamalı və Zəngəzur dəhlizi açılmalıdır. Ermənistan dövlət olaraq baş xətti seçdiyi militarizasiya siyasətinə son verməli, irqçi və revanşist ideologiyasından əl çəkməlidir. Bununla yanaşı Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Ermənistan  hakimiyyəti Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı, onların tarixi torpaqlarına  qayıdışına  şərait yaratmalıdır.

Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə yalnız ölkəmizin deyil, həmçinin dünya mətbuatının da gündəminə çevrildi. Dövlətimizin başçısının müsahibədə bildirdiyi kimi Amerikada SOROS dövrü başa çatıb. Bayden administrasiyası, əslində, SOROS üsulu ilə idarə olunurdu. Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı söylədi ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bütün bunlar artıq beynəlxalq arenada, dünya mətbuatında Ermənistan və onun havadarlarına olan açıq ironiyadır. Prezident İlham Əliyevin Ermənistanla bağlı söylədiyi fikirlər olduqca əhəmiyyətli və qarşı tərəfə xəbərdarlıq mesajı idi: “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Bütün bu deyilənlər Azərbaycan Prezidentinin qətiyyətinin,  cəsarətinin, onun aydın və səlis siyasətinin təcəssümüdür. Ümumiyyətlə, Cənab İlham Əliyevin son müsahibəsi yeni dövrün konturları və yeni dövrə qədəm qoyan Azərbaycanın müasir mövqeyi haqda aydın fikir formalaşdırdı. Qətiyyətlə demək olar ki, bu gün ölkəmiz Cənab Prezidentin rəhbərliyi altında bütün sahələrdə öz intibahını yaşamaqdadır. Dövlətimizin başçısının məhz uğurlu siyasətinin nəticəsi olaraq ölkəmiz dünya dövlətləri içərisində inkişaf yolunda inamla addımlamaqdadır. Həm iqtisadi, həm sosial sahədə olan böyük irəliləyiş, əhalinin maddi rifahının yüksəldilməsi güclü dövlətin əsas göstəriciləridir. Dayanıqlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun əvvəlki illərlə müqayisədə daha da  inkişaf etdirilməsi məhz bu güc və tərəqqinin nəticəsidir. 

Cənab prezidentin qeyd etdiyi kimi hər bir ölkənin iqtisadi potensialını əks etdirən büdcə parametrləri ölkə daxilində bu il rekord həddə çatmışdır. Ölkəmizdə beynəlxalq əhəmiyyəli tədbirlərin keçirilməsi təbii ki, uğurumuzu və gücümüzü qəbul edə bilməyən qüvvələr tərəfindən də birmənalı qarşılanmadı. Ancaq hər şeyə rəğmən Azərbaycan liderinin siyasi iradəsi və diplomatik səriştəsi nəticəsində Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirin öhdəsindən də boykot təhlükəsinə baxmayaraq böyük uğurla gəldi. Xüsusilə ermənilərin havadarı olan Fransanın üzdəniraq arzusu gözündə qaldı. Səksən dövlət və hökumət başçısının bu beynəlxalq tədbirdə iştirakı Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın etibarlı tərəfdaş olduğunu bütün dünyaya sübut etdi və bu həqiqətən “uğur hekayəsi” oldu. COP29 doğurdan da ölkəmizin beynəlxalq arenada böyük təqdimatını əks etdirdi. 

Tarixinin ən qüdrətli dövrünü keçirən çağdaş Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə ən xoşbəxt və qürurlu günlərini yaşayır. Məhz buna görə Prezident İlham Əliyev xalq tərəfindən sevilir və ölkəmizdə mövcud olan Xalq-Lider birliyi bütün dünya üçün nümunədir.

Dövlətimizin başçısının yerli telekanallara verdiyi müsahibədə ölkəmizin daxili və xarici siyasəti, gələcəyə yönəlik strategiyası, bütövlükdə qlobal arenadakı mövqeyindən irəli gələn mühüm mesajları özündə əks etdirdi.

Xumar Məmmədova,

Naxçıvan MR Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti



Siyasət