Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Otuz ildən çoxdur ki, bu əlamətdar günü qeyd edirik. Ancaq vurğulamaq zərurəti var ki, soydaşlarımızın həmrəyliyini indiyədək heç zaman belə qürurla yada sala bilməmişdik. Çünki üstümüzdə ağır bir yükə çevrilmiş işğal problemi var idi, qaçqın-köçkün dərdi, sözümüzün, səsimizin eşidilməməsindən yaranan ürək göynərtisi, yurd həsrətindən yaranan sızıltı buna imkan vermirdi. Ancaq xalqın heç zaman ölməyən ümidi və liderin qətiyyətinə inamı bizə bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü ürək açıqlığı ilə qeyd etmək imkanı verdi.
Əsas məsələyə keçmədən xatırladım ki, bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib. Həmin tədbirə hazırlıq dövründə və konfransın keçirildiyi günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Bakının yanında idilər. Məhz həmin birlik və dünya azərbaycanlılarının yumruğa çevrilmiş gücü Fransa başda olmaqla bəzi dövlətlərin və siyasi dairələrin bəd niyyətlərinin heçə endirilməsini təmin etdi. Doğrudur, həm ölkəmizdəki, həm də xaricdəki politoloq və tarixçilər bu uğurun müəllifi kimi ancaq Prezident İlham Əliyevi tanıyırlar. Haqlıdırlar. Ancaq onlar unutmasınlar ki, dünya azərbaycanlılarının Bakı ətrafında birləşərək yumruğa çevrilməsinin də təşəbbüskarı məhz cənab İlham Əliyevdir.
Yeni əsrin 24-cü ilində milli həmrəyliyin təkmilləşdirilməsi, Dünya Azərbaycanlılarının daha da təşkilatlanması istiqamətində əldə etdiyimiz nailiyyətlər, şahidi olduğumuz uğurlar barədə hazırladığımız qəzet materialını ötən ilin 30-da eşitdiyimiz fikirlərlə başlamaq istəyirdik. Ancaq həmin məqamı bir neçə abzas sonraya saxladıq.
Ondan başlayaq ki, tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki qələbəmiz, sonrakı antiterror əməliyyatı, torpaqlarımızın işğalçılardan tam azad olunması, separatçı rejimin çökməsi bütün azərbaycanlıların haqlı olaraq gənc müstəqil dövlətimizin və şəriksiz liderimizin ətrafında sıx birləşməsini təmin edir, dünyanın müxtəlif qütblərindəki soydaşlarımızı bir yumruq halına gətirir. Cənab Prezidentin dediyi kimi, “dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi.
Bundan başqa, bu ilin avqustunda Parisdə keçirilən Yay Olimpiya Oyunlarına göndərilmiş idmançılarımızın hamısı yarışa Avropada yaşayan soydaşlarımızın dəstəkli alqışları altında qatılırdılar. Sonradan idmançılarımızdan biri demişdi ki, zaldan eşitdiyim alqışlar məni çaşdırdı. Bir an elə bildim ki, Bakıda yarışıram. Yəni Avropadakı soydaşlarımız bizim üçün elə mühit yaratdılar.
Eləvcə də, AZAL-ın Bakı – Qroznı marşrutu ilə uçan təyyarəsinin başına gətirilmiş müsibət zamanı da həm beynəlxalq aləmdəki soydaşlarımız, həm də bütün Türk dünyası Azərbaycanın haqlı iddialarına misli görünməmiş bir dəstək verdilər. Nəticədə bütün Avropa və Qərb dünyasına qarşı təkbaşına mübarizə aparan, hansısa insidentə görə heç kəsdən heç zaman üzr istəməyən Kreml rəsmiləri Azərbaycan dövlətindən və xalqımızdan üzr istədilər. Xalq-iqtidar birliyinin və milli həmrəyliyin nəticəsi belə olur.
... Bəs adı çəkilən istiqamətdə builki uğurlarımızı sadalamaq istəyərkən ötən il dekabrın 30-nu yada salmaq istəyimiz nə ilə bağlıdır? Cavab verim. 2024-cü ilin yazında xarici ölkələrin birində səfərdə olarkən qonağı olduğum şəhərdə dünyanın ən məşhur azərbaycanlılarından birinin yaşadığını eşitdim. Onu da eşitdim ki, o şəxs Bakıda keçirilən dünya azərbaycanlılarının qurultaylarının heç birinə getməyib. Səbəbini soruşanda isə öyrəndim ki, ortada ciddi bir səbəb yoxdur. Sadəcə, bu soydaşımız, Azərbaycan Xalq Cümhuriyyətinin, xüsusən, Məhəmməd Əmin Rəsulzadə yaradıcılığının vurğunudur. Yəni ancaq Rəsulzadə ilə bağlı olan tədbirlərə gedir.
Həmin adamla görüşə bilməsəm də, onu tanıyanlara xatırlatdım ki, biz 2024-cü ilin yanvarında Məhəmməd Əmin Rəsulzadənın 140 illiyini ölkəmizdə yüksək səviyyədə qeyd etmişik. Həm də Prezident sərəncamı ilə. Əlavə etdim ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
Xatırladım ki, dünyanın müxtəlif ölkələrində bu qəbildən olan insanlar var və həmin soydaşlarımızın mövcudluğu Azərbaycan dövlətinə də yaxşı məlumdur. Azərbaycan Prezidenti də məhz bu məqsədlə – bütün soydaşlarımızı Bakı ətrafında birləşdirmək məramı ilə lazım olan addımların hamısını atır.
Cənab Prezident adı çəkilən sərəncamda xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir: “Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası adı çəkilən sərəncamın icrası məqsədilə çoxsaylı tədbirlər reallaşdırmışlar. Yəni 2024-cü il bu əlamətdar fakt ilə başlanmışdır.
... 2024-cü il dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımız üçün uğurlu oldu. Təbii ki, Aktau “səhifəsi” istisna olmaqla. Soydaşlarımızın hərəsi bu ildəki bir faktın önəmini daha çox qabartmağa çalır. Mən isə bu il sentyabrın 9-da Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilmiş “Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu”nu yada salmaq istəyirəm. Çünki evimizin ilki də Çin Universitetlərinin birində alimlik dərəcəsi almaq üzrədir.
Azərbaycan Prezidenti İlham Əliyev həmin forumun iştirakçılarına ünvanladığı məktubda deyirdi ki, xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır: “Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür”.
Dövlət başçımız əmin olduğunu bildirirdi ki, bu forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcəkdir.
... Diasporla İş üzrə Dövlət Komitəsinin 2024-cü ildəki fəaliyyəti barədə olan məlumatda oxuyuruq ki, diaspor təşkilatları və xaricdəki Azərbaycan icmalarının ayrı-ayrı üzvləri, eləcə də ölkə ictimaiyyəti ilə qurumun əlaqələrinin daha da genişləndiyini, intensivləşdiyini sübut edir. Komitə müasir forma və metodları tətbiq edərək Azərbaycan diasporu üçün məlumatların əlçatanlığının daha da artmasına nail olub. Belə ki, il ərzində diaspor təşkilatları və ayrı-ayrı icma üzvlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 500-dən çox təbrik, müraciət və təşəkkür məktubu ünvanlanıb. Eləcə də, xaricdəki Azərbaycan icmalarının üzvlərinin və diaspor təşkilatlarının müxtəlif mövzularla bağlı beynəlxalq təşkilatlara 150-yə qədər müraciət və bəyanatlar ünvanlayıblar. Bu tendensiya xüsusən, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə start veriləndən sonra – Böyük Qayıdış tezisinin dəstəklənməsi məqsədilə daha geniş vüsət almışdır. Əlavə edilir ki, bu il İTV ilə komitənin “YouTube” kanalı şəklində fəaliyyət göstərən “Diaspor TV”-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” verilişinin ayda 2 buraxılışı hazırlanaraq İctimai TV-nin efirindən yayımlanıb. Verilişlərin çəkilişi ABŞ, Qazaxıstan, İtaliya, Türkiyə və Almaniyada, eləcə də diaspor nümayəndələrinin səfərləri zamanı Azərbaycanda aparılıb. Komitənin və xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti mütəmadi olaraq Diaspor FM-də səsləndirilib, radionun xaricdən və Azərbaycandan onlarca qonağı olub.
Təbii ki, qeyd edilməli məqamlar çoxdur. Hamısını yada salmaq mümkün deyil. Ancaq Diaspor Gənclərinin Yay Düşərgələri, Diaspor Gənclərinin Qış Düşərgələri, Qardaşlaşmış Qarabağ Məktəbləri, Liderliyin İnkişafı, Diaspor Gəncləri Şəbəkəsi, 1+1 Gənclər Proqramı, E-akademiya, Beyinqazanma, Diaspor Könüllüləri, Türkdilli Dövlətlərin Gənclərinin Forumları, Xaricdəki Azərbaycanlı Alimlərin Forumları, Xaricdəki Azərbaycanlı Həkimlərin Forumları, Xaricdəki Azərbaycanlı Mühəndislərin Forumları, Xaricdəki Azərbaycanlı Tələbələrin Forumları, Diasporun Qarabağ səfərləri və digər irihəcmli layihələri qeyd etməmək olmaz. Bu zaman daha aktual olan bir faktı da yada salaq. Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən yaradılmış “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu” beynəlxalq aləmdəki soydaşlarımızla əməkdaşlığn stimullaşdırılmasında xüsusi rol oynayır. Bu fond artıq iki ildir ki, “Diaspor Akademiyası” adlı yeni layihənii icra edir. “Diaspor Akademiyası” diaspor fəaliyyətinin nəzəri və praktiki aspektlərini diaspor nümayəndələrinə aşılamağı nəzərdə tutan, bu məqsədlə müxtəlif təlim, seminar və konfranslar təşkil edəcək bir platformadır.
Sonda məmnuniyyətlə xatırladırıq ki, qüdrətli Azərbaycan dövlətinin beynəlxalq aləmdə güclü diasporu formalaşıb.
Dünya Azərbaycanlılarınımn Həmrəylik Günü bayramınız və Yeni iliniz mübarək!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist