Uğurlu idarəetmə və İlham Əliyev təcrübəsi

post-img

III MƏQALƏ

Azərbaycan öz xarici siyasətini xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir və bu xarici siyasət uğurludur. Bizim bütün qonşularla çox səmərəli, qarşılıqlı surətdə faydalı əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu və rolu artır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Regional təhlükəsizliyin arxitekturası

II məqalədəki son tezisin ümumi məzmunu bütövlükdə Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlıdır. Yerli dövlətlərin milli təhlükəsizliklərinin regionun kollektiv maraqlarına uyğun təmin edilməsi məsələsi faktiki olaraq Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının mərkəzi məqamıdır.

Politoloji baxımdan burada prinsipial yenilik ondan ibarətdir ki, bir neçə əsrdir davam edən regional təhlükəsizlikdə yer almış qeyri-təbiilik, antiregional mahiyyətli təminat sistemi dəyişir. Onun əsasına hər bir region dövlətinin milli təhlükəsizliyinin təmini ilə digər region ölkələrinin milli təhlükəsizliyinin qarşılıqlı əlaqəsi faktoru qoyulur.

Cənubi Qafqaz ölkələrinin milli təhlükəsizliklərinin avtonomluqlarını saxlamaqla pozitiv müstəvidə qarşılıqlı əlaqələrinin real olaraq təmin olunması üçün isə Prezident İlham Əliyev enerji təhlükəsizliyini kollektiv maraqların təmininin əsasına yerləşdirmişdir. Həmin bağlılıqda dövlət başçısının aşağıdakı fikri çox maraqlıdır. Prezident İlham Əliyev demişdir: “Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur”.

Bu özəllik nəzəri-politoloji və fəlsəfi aspektlərdə tədqiqat üçün maraqlı və aktual mövzu olmaqla yanaşı, onun realpolitikanın feili komponentinə çevrilməsi prosesi də kifayət qədər rasional yanaşma tələb edir. İlham Əliyevin siyasi liderlik təcrübəsində həmin xüsusiyyət çox ciddi yer tutur.

Filosoflar və politoloqlar müasir geosiyasi, geoiqtisadi və geomədəni şərtlər daxilində enerji təhlükəsizliyinin hansı formada regional kollektiv maraqlara cavab verə bilən məzmunda vahid siyasi məntiq çərçivəsinə gətirilə bilməsini araşdırırlar.

Burada hər hansı təşəbbüskar dövlətin təklif etdiyi enerji əməkdaşlıq platforması həm də qlobal geosiyasi yeniləşmələr və risklər “axınında” səmərəverici olmalıdır. Faktiki olaraq həmin məqam milli, regional, multiregional və qlobal miqyaslarda bir-biri ilə kəsişən çox sayda faktoru nəticəverici, sistemli, özünütəşkil məcrasına yönəltməyi ifadə edir. Daha konkret səviyyədə faktlara müraciət edə bilərik.

Prezident İlham Əliyevin liderlik təcrübəsi Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Avropada Qaz Konnektorları Şəbəkəsi, bərpaolunan enerji layihələri, müxtəlif nəqliyyat-logistika marşrutları və digər proqramlar çərçivəsində Cənubi Qafqaz dövlətlərinin kollektiv maraqlarının təminini yeni məzmunda onların hər birinin milli təhlükəsizliklərinin təmini ilə bağlaya bilmişdir.

Bəli, hətta Ermənistan da istisna deyildir. Çünki Azərbaycanın Gürcüstanla həyata keçirdiyi real layihələrdən Ermənistanın da faydalanma imkanının olduğu aydın bir şəkildə rəsmi Bakının fəaliyyətində yerini saxlamışdır.

Başqa maraqlı məsələ ondan ibarətdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyində qalması dönəmində belə Prezident İlham Əliyevin enerji təhlükəsizliyini kollektiv regional maraqlar kontekstində milli təhlükəsizliklərin təmininin mərkəzinə gətirməsi özünü göstərmişdir və bunun hesabına Cənubi Qafqazda hələ də sabitlikdir. XXI əsrdə siyasi liderlik təcrübəsində, razılaşaq ki, bu keyfiyyət xüsusi əhəmiyyət kəsb edir. Həm orijinal nümunədir, həm də politologiya üçün yeni siyasi fenomendir.

Azərbaycan liderinin yeni siyasi liderlik təcrübəsi deyəndə biz, məhz bu kimi aktual məsələləri nəzərdə tuturuq. Vurğuladığımız liderlik özəlliyini həmin təcrübənin “təməl komponenti” kimi də adlandıra bilərik. Buradan dördüncü prinsipi alırıq:

Regional maraqların sistemyaradıcı komponentləri

Öncə “sistemyaradıcı komponent” anlayışının sinergetik, fəlsəfi və politoloji izahına baxaq. “Sistemyaradıcı element (və ya komponent)” termini sinergetikadan qaynaqlanır. Bu, hər hansı mürəkkəb özünütəşkiledən sistemin elə tərkib hissələrini nəzərdə tutur ki, onlar, ümumiyyətlə, obyektin özünü inkişaf etdirməsində həlledici, aparıcı, müəyyənedici və bütövləşdirici rol oynayırlar.

Onları sinergetikada iki qrupa bölürlər: idarəedici parametrlər və nizamlayıcı parametrlər. Həmin qrup parametrlər qarşılıqlı əlaqədə faktiki olaraq sistemin gələcək taleyini, yəni təkamül və ya tənəzzül istiqamətlərini müəyyən edirlər. “Təkamül baş verərsə, özünütəşkil prosesi getmişdir”, –deyirlər, əks halda “sistem dağılmışdır” nəticəsi çıxarılır.

Deməli, burada sinergetik baxımdan çox incə bir məqam vardır ki, onun necə reallaşmasından bütövlükdə baxılan sistemin (obyektin, o cümlədən cəmiyyətin və dövlətin) taleyi asılıdır. Liderin məharəti və uzaqgörənliyi məhz həmin seçim anında bütün potensialı ilə özünü göstərir. Yəni siyasi lider üçün hər bir tarixi dönəmdə sistemyaradıcı komponentlərin qarşılıqı əlaqəsinin tərəqqiyə aparması prinsipial anlam kəsb edir.

“Sistemyaradıcı komponent” ifadəsinin fəlsəfi dərki sinergetik anlama əsaslanır. Lakin sinergetikadan fərqli olaraq fəlsəfədə “sistemyaratmaq” idraki strategiya özəlliyi mümkün ssenarilərdən biri kimi dərk edilir. Bu baxımdan sistemyaradıcı elementlər ümumiləşdirilərək, bütövlükdə, istənilən obyektin dərk edilməsinin ümumi qneseoloji və metodoloji prinsip səviyyəsinə yüksəldilir. Onun fəlsəfi kriteriyası isə sistemyaradıcı komponentlərin yeni mənaları yaratması özəlliyi olur. Ancaq burada fəlsəfə üçün də çox aktual olan iki faktoru diqqətə almaq gərəkdir. Onların hər ikisinin siyasi interpretasiyası birbaşa liderlik keyfiyyəti ilə əlaqəlidir.

Birinci faktor istənilən dərketmə situasiyasında ümumi anlamda “müşahidəçi”nin mövcudluğudur. Yəni lakonik bunu belə ifadə edirlər: “nə deyilirsə, kimlər tərəfindənsə deyilir” – universal və tam obyektiv olan söz və ya fikir mövcud deyildir. Deməli, sistemyaradıcı komponentlərin vahid məntiqi məcraya yönəldilməsi də “kimsə” tərəfindən olmalıdır. Həmin yönəldici və situasiyanı dərketmə baxımından aydınlaşdırıcı, məzmunlaşdırıcı subyekt siyasi kontekstdə liderdir!

İkinci faktor hər bir dərketmə situasiyasında mütləq surətdə “vasitəçi, aralıq sahəsi”nin mövcud olması qəbul edilir. Buna fizikada “interfeys zonası”, sinergetikada isə “emercent interfeys zonası” deyilər. Həmin terminlərin fəlsəfi izahı çox mürəkkəbdir və burada ona baş vurmaq faydalı sayılmaz. Ancaq onu vurğulayaq ki. “emercent interfeys” termini fəaliyyət sahəsində yeni mənaların spontan (öz-özünə), gözlənilmədən və müəyyən dərəcədə riskli xarakterdə yarandıqlarını ifadə edirlər.

Bu sonuncu tezisin siyasi interpretasiyasını verək. Yuxarıda biz müəyyən dərəcədə sistemyaradıcı komponentlərin sinergetik və fəlsəfi anlamı fonunda politoloji məqamlarına da baxdıq. Burada onları ümumiləşdirə bilərik.

Yuxarıdakı təqdimatdan belə alınır ki, hər bir lider, eyni zamanda, həm prosesi yaradandır, həm də onu müşahidə edəndir. Yaradıcılıqla müşahidəçiliyin orijinal nisbəti hər bir situasiyada liderin fəaliyyət pozisiyasını (mövqeyini) müəyyən edir. Bu da o deməkdir ki, lider eyni dərəcədə “nəzəriyyəçi” və “praqmatik” olmaldır. Lider bu iki əsas keyfiyyətin vəhdətində nəticələr alır və onları qiymətləndirir.

Daha sadə ifadə ilə bu, liderin situasiyanı yaratması ilə onu müşahidə etməsi sıx əlaqədə həyata keçirmək məcburiyyətini əks etdirir. Prinsipcə, liderliyi çətin bir fəaliyyət sahəsi edən başlıca məsələ bununla bağlıdır. Çünki bütün hallarda liderin öz fəaliyyətini qiymətləndirməsi subyektiv xarakterli hadisə olacaqdır. Ancaq uğurlu liderlik və siyasi liderlik təcrübəsi fenomenləri məhz bu qeyri-müəyyən və riskli prosesdə cəmiyyətlə dövləti uğura aparan şərtin ödənməsini tələb edir. İlham Əliyev XXI əsrin mürəkkəb, ziddiyyətli, sürətli dinamikaya malik şərtləri fonunda həmin vəzifənin öhdəsindən uğurla gəlməkdədir. Bu anlamda da İlham Əliyevin siyasi liderlik təcrübəsindən nümunə kimi danışa bilərik.

İndi bu qənaətin işığında yuxarıda qoyduğumuz sualın cavabına qayıda bilərik. Belə alınır ki, İlham Əliyev Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars, Cənub Qaz Layihəsi, Orta Dəhliz, Avropada Qaz Konnektorları Şəbəkəsinə, bərpaolunan enerji layihələrinə, müxtəlif nəqliyyat loqistika marşrutlara və digər proqramlara region üçün sistemyaradıcı komponentlər kimi məna verə bilmişdir. Onun sayəsində Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək xətti avtomatik olaraq, regionun digər dövlətlərinin də enerji təhlükəsizliyi parametrinə çevrilmişdir.

Bu şərt ödənməsəydi, region miqyasında milli təhlükəsizliklərin təmininin qarşılıqlı asılılığı gerçəkliyi real olaraq meydana gəlməzdi. Onun reallaşması mexanizmi isə birbaşa vurğulanan layihələrin hər birinin maliyyə, maddi, geosiyasi, geoiqtisadi və mədəni dividendlərinin regionun sabitliyi, əməkdaşlığı və təhlükəsizliyi üçün münbit mühitin yaradılmasına bağlıdır. İlham Əliyev Cənubi Qafqaz üçün bu mürəkkəb məsələni həll etmişdir.

Hazırda mövcud layihələr və nəzərdə tutulanlarrın hər biri yekun halında regionun təhlükəsizliyi və rifahı üçün fayda verir. Məhz bu cəlbedicilik Gürcüstanın geosiyasi seçiminə yenidən baxmasına və hətta Ermənistanın bir sıra məsələlərə fərqli yanaşmağa başlamasına təkan vermişdir.

Beləliklə, İlham Əliyevin siyasi liderlik təcrübəsinin milli və regional konteksti kifayət qədər aydın faktorlara əsaslanır. Daha geniş miqyasda bu təcrübənin regionlararası və qlobal əlamətlərini araşdırmaq zəruridir. Müasir liderliyin nümunəsi kimi İlham Əliyevin siyasi liderlik təcrübəsi həm öyrənilməli, həm də təşviq edilməlidir. İndi bütün dünyanın müsbət nəticəverici siyasi impulslara, təşəbbüslərə ciddi ehtiyacı vardır. Bu isə yalnız dünya miqyasında qarşılıqlı təcrübə mübadiləsi yolu ilə mümkün ola bilər.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət