Brüssel Avropa ilə Rusiya arasında uçurumu dərinləşdirir

post-img

Bu gün Rusiya–Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir. Hətta cəbhənin bir sıra istiqamətlərində Rusiya qoşunlarının hər gün bir qədər də irəlilədiyi, yeni əraziləri ələ keçirdiyi barədə məlumatlar alırıq. Son bir neçə ayda Rusiya faktiki olaraq Donetskin xeyli yaşayış məntəqəsini tutaraq orada möhkəmlənib.

Dünən “Euronews” telekanalı da bildirib ki, 2024-cü il sona yaxınlaşdıqca, Rusiya qoşunları Ukraynanın qərbindəki Donetsk bölgəsində ardıcıl irəliləyişlərini davam etdirir. Rusiya qoşunları davamlı şəkildə irəliləyərək, Pokrovsk şəhərinə və cənubda yerləşən Kuraxova yaxınlaşır. Kanalın məlumatına görə, keçən həftə Rusiya Müdafiə Nazirliyi Trudovoye və Uspenovka kəndlərinin tutulduğunu elan edib.

Ukrayna qoşunları isə ağır müdafiə döyüşlərindən sonra ərazidən geri çəkilib. İndi Ukraynanın döyüş meydanlarında xeyli zəifləməsi, eləcə də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ağ evə qayıdışı və Rusiya ilə danışıqlara başlamaq barədə bəyanatları fonunda bir sıra Avropa dövlətlərinin Moskva ilə yaxınlaşması prosesi güclənib. Bu isə rəsmi Brüsseli ciddi şəkildə narahat edir. Narahatlıqlar əsasən bununla bağlıdır ki, Ukrayna münaqişəsinin həlli üzrə qarşıdakı diplomatik dialoq zamanı Avropa İttifaqının daxilində Rusiyayönlü səslər eşidilməkdədir. Buna görə də Brüsseldə müxtəlif Avropa qüvvələrinin Moskva ilə getdikcə daha çox yaxınlaşa biləcəyindən, xüsusən Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiyaya səfərindən narahatlıqlar artmaqdadır.

Bu günlərdə İspaniyanın “El País” qəzeti də özünün belə bir narahatlıqlarını bölüşüb. Qəzet Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərini, bir sıra avroskeptik, Rusiyayönlü partiyaların təbliğatının artmasını, eləcə də Rumıniyada seçkilərin nəticələrini qeyd edir. Üstəlik, bütün bu proseslər Donald Trampın tezliklə Ağ Evə qayıtması fonunda baş verir ki, bu da Avropa İttifaqında narahatlıq doğurur.

Qəzet cəsarətlə yazır: “Gəlin özümüzü aldatmayaq. Sabah Ukraynadakı vəziyyəti həll etmək üçün diplomatik dialoq başlayanda Avropa İttifaqında daxili səslər Rusiya ilə münasibətlərin bərpası lehinə səslənə bilər”. Bundan əlavə, nəşrin Avropadakı mənbələri də qeyd ediblər ki, Kiyevə yardımlarla bağlı sorğu-suala başlayan, yaxud münaqişəni tez bir zamanda dayandırmağa çağıran səslər getdikcə daha çox eşidilir.

ABŞ-ın yeni rəhbərliyinin mövqeyi də aydındır. Tramp istər seçki kampaniyası dövründə, istərsə də ondan sonra dəfələrlə Ukraynadakı münaqişəni həll etmək niyyətində olduğunu bildirib, lakin planının təfərrüatlarını açıqlamayıb.

Bu günlərdə “Reuters” də xəbər verib ki, ABŞ-ın yeni prezidentinin üç planı nəzərdən keçirilir. Amma onların heç biri Ukraynanın dərhal NATO-ya daxil olmasını təmin etmir.

İyun ayında Rusiya Prezidenti Vladimir Putin də Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Ukraynadakı vəziyyətin həlli üçün şərtlərini açıqlayıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin Donbas və ümumən Novorossiyadan çıxarılması, Kiyevin NATO-ya üzv olmaqdan imtinası kimi təhlükəli şərtlər yer alıb. Bununla yanaşı, Ukraynada rusdilli vətəndaşların hüquqları, azadlıqları və mənafeləri də tam təmin edilməlidir. Rusiya Qərbin ona qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyi və Ukraynaya qoşulmama, nüvə silahından azad bir status təmin etməyi zəruri hesab edir.

Dekabrın 23-də Macarıstanın xarici işlər naziri Peter Siyarto da Ukrayna münaqişəsinin başa çatdırılmasının vaxtı olduğunu və bu zaman ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın münaqişəni həll etmək üçün heç bir vasitəçilərə ehtiyacı olmadığını bildirib. Diplomat Macarıstanın baş naziri Viktor Orbanın ABŞ lideri Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında vasitəçi olmaq ehtimalını da şərh edərək deyib ki, Tramp Putin və Zelenski ilə birbaşa əlaqə saxlamağa üstünlük verir.

Bir gün əvvəl Tramp, doğrudan da, Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib. Amma Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov dəqiqləşdirib ki, hazırda bu cür danışıqların təşkili üçün heç bir real addımlar yoxdur.

Macarıstan XİN başçısı artıq Rusiya–Ukrayna müharibəsini dayandırmaq üçün yaxşı fürsət yarandığı qənaətindədir. O bildirib ki, Milad barışığı böhranın sülh yolu ilə həllinə başlamaq üçün əla kömək ola bilər: “Biz haqlı idik və haqlıyıq ki, bu münaqişənin döyüş meydanında həlli yoxdur. Ancaq danışıqlar masası arxasında, uzunmüddətli dialoq yolu ilə həll tapmaq məqsədi ilə danışıqlar masasına əyləşmək lazımdır. Bunun üçün lazımi şərait, yəni atəşkəs lazımdır. Düşünürəm ki, Milad bayramı bir neçə gün uzansa da, bunun üçün əla platforma ola bilər”.

Siyarto əlavə edib ki, Macarıstanın vəzifəsi Milad atəşi ilə bağlı təklif verməkdir. Bu, yüzlərlə, minlərlə insanın həyatını xilas edə bilər. Qalan məsələlər, bundan sonra nə baş verəcəyi Ukrayna prezidentindən asılıdır.

Paşa ƏMİRCANOV
XQ

Siyasət