ABŞ-ın yeni prezidenti Donald Tramp karbohidrogenlərin hasilatı və ixracını stimullaşdırmaq üçün təcili tədbirlər görəcəyini elan edib. Cənab Trampın enerji planı uğurla həyata keçirilərsə, dünyada mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçıları arasında rəqabət güclənəcək. Bu növ yanacağın qiymətinin aşağı salınması Qətər və Rusiyanın maraqlarına təsir edəcək.
Lakin ekspertlər proqnozlaşdırırlar ki, bu dəyişikliklər 2030-cu ilə yaxın baş verəcək. Bu arada xəbər verilir ki, Vaşinqtonun yeni administrasiyası elmi və iqtisadi əsası olmayan “yaşıl” gündəm və aşağı karbon transformasiyası prinsiplərini yenidən nəzərdən keçirəcək.
Donald Tramp bildirib ki, ABŞ iqtisadiyyatını xilas etmək üçün birinci gün Co Baydenin enerji istehsalı ilə bağlı bütün məhdudiyyətlərinə son qoyacaq. Yeni prezident ilk növbədə sələfinin elektrik avtomobili barədə qərarına yenidən baxacaq, təbii qaz ixracına qoyulan qadağalara son qoyacaq sərəncamlar imzalayacaq. Bununla yanaşı, o, əlavə edib ki, enerji sektorunda yaranmış vəziyyətlə əlaqədar ABŞ-da fövqəladə vəziyyət də elan edəcək.
Təəccüblüdür ki, demokratlar Trampın enerji planlarını aşağı karbonlu transformasiyanın “yaşıl obyektivi” ilə qiymətləndirməyə davam edirlər. ABŞ Demokratik Partiyasının ruporlarından biri deyir ki, Amerika LNG ixracının artırılması “iqlim böhranının həllinə kömək etməyəcək və hətta onu daha da pisləşdirə bilər”. Qeyd edək ki, yanvar ayında Bayden administrasiyası təbii qaz ixrac bumunun ətraf mühitə, həmçinin daxili enerji təhlükəsizliyinə və qiymətlərinə təsirini dəyərləndirmək məqsədilə bir neçə LNG ixrac layihəsi üçün federal icazənin verilməsini dayandırmışdı.
Ötən çərşənbə axşamı Enerji Departamenti ABŞ-ın LNG ixracını hazırda icazə veriləndən artıq artıracağı təqdirdə, istixana qazı emissiyalarının 2050-ci ilə qədər əlavə 1,5 giqaton təşkil edəcəyi ilə bağlı proqnoz açıqlayıb ki, bu da Birləşmiş Ştatların cari illik istixana qazı emissiyalarının dörddə birinə bərabərdir. Bununla belə, Tramp dövründə qlobal qalıq yanacaq istehlakı artmaqda davam etdiyi üçün bu cür mülahizələr artıq nəzərə alınmayacaq. Həm də ehtimal edilir ki, “yaşıl” texnologiyaların iqtisadi məqsədyönlüyü ətrafında aparılan mübahisələrin fonunda yeni administrasiya enerji siyasətini 180 dərəcə dəyişdirəcək.
Bəs LNG tədarükü barədə proqnozlar nə deyir? “Wood Mackenzie” şirkəti ehtimal edir ki, qlobal LNG tədarükü 2025-ci ildə də artacaq, amma bu artım böyük olmayacaq. Maye qaz bazarındakı ümumi vəziyyət onilliyin ikinci yarısında, ABŞ, Qətər və digər istehsalçılardan LNG tədarükünün yeni dalğasının gözlənildiyi zaman daha aydın görünməlidir. Onilliyin sonuna qədər qlobal LNG ticarəti ABŞ-da həyata keçirilən layihələrdən potensial tədarüklər istisna olmaqla, indiki göstəricidən 50 faiz yüksək olacaq. Analitiklərin fikrincə, Bayden qadağasının ləğvi səbəbindən əlavə qaz həcmi 2030-cu ilə qədər bazara çıxmayacaq.
Bununla belə, mütəxəssislər bildirirlər ki, 2030-cu ilə qədər “Şimal axını” qaz kəmərlərinin hazırkı sahibləri boruları bərpa etməyə ümid edirlər. Düzdür, bazar iştirakçıları Donald Trampın rəqiblərinə güzəştə gedəcəyinə də bel bağlamırlar. “Eadaily” agentliyinin məlumatına görə, “Şimal axını -2” operatorunun müflisləşmə proseduru davam edir, lakin buna baxmayaraq şirkət planlaşdırır ki, 2030-cu ilə qədər qaz kəməri bərpa oluna və tədarüklərə başlaya bilər. “Nord Stream-2 AG” şirkəti ehtimal edir ki, qaz kəməri 2030-cu ildə işə düşəcək və 50 il xidmət göstərəcək. “Şimal axını-2”nin müvəqqəti meneceri kimi fəaliyyət göstərən Transliq AG-nin nümayəndəsi məhkəmədə hakimə bildirib ki, geosiyasi vəziyyətin yumşalacağı gözlənilir. Eyni zamanda, Qərbi Avropada enerjiyə yüksək tələbat var.
Şirkət nümayəndəsinin sözlərinə görə, qaz kəmərinin bir xəttinin bərpası 633 milyon avro təşkil edəcək, ikincisi isə qorunub saxlanılıb. Operator şirkət sığorta təzminatına da belə bağlayır, bununla bağlı hüquqi prosedurlar davam edir. Bundan başqa, Transliq AG qeyd edib ki, qaz kəmərinin gələcəyi əsas kreditorlar olan Almaniyanın Uniper, Wintershall, Avstriyanın OMV, Britaniyanın Shell və Fransanın Engie şirkətləri ilə birlikdə həll olunacaq. Məhkəmə 2025-ci il yanvarın 10-dək müflisləşmə və ya borcun restrukturizasiyası haqqında qərar qəbul edə bilər. Qeyd edək ki, 2022-ci il sentyabrın 26-da “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində baş verən 4 partlayış nəticəsində 4 xəttdən 3-ü yararsız hala düşüb.
Ancaq Donald Trampın Rusiyanın bu qaz layihələrinin yenidən işə düşməsilə razılaşacağını demək çətindir. Xatırladaq ki, ABŞ-in yeni prezidenti amerikalı jurnalist Taker Karlsonla söhbətində məhz onun sayəsində “Şimal axını – 2” qaz kəmərinin tikintisinin dayandığını bildirmişdi: “Rusiyanın ən böyük layihəsi “Şimal axını-2”dir. Bu, Rusiyadan Almaniyaya və daha da Avropaya uzanan dünyanın ən böyük boru kəməridir. Mən onun tikintisini dayandırdım”.
S.ELAY
XQ