Bozdağın qoynunda bir məclis vardır

post-img

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mingəçevir Bölməsinin 25 illik yubileyi qeyd olunub.

Yarandığı vaxtdan çox keçmədən coşğun fəaliyyəti ilə Mingəçevirin adını ölkəmizin “ədəbi xəritəsinə” yazdıra bilən AYB yerli bölməsi bir sıra qələm adamının tanınmasında, almanax və topluların çapında, yubileylərin keçiriləmsində aparıcı rol oynayıb. Elə Natəvan klubunda AYB-nin katibi İlqar Fəhmi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və başqaları öz çıxışlarında bununla bağlı konkret faktlar göstərib, yubilyar bölməyə xoş arzularını bildirdilər.

Bölmənin yaradıcısı – tanınmış şair-publisist İsmayıl İmanzadə qeyd etdi ki, Cəbrayıldan məcburi köçkün düşəndən sonra pənah apardığı Mingəçevirdə ədəbi dərnəklərin birləşib AYB filialı kimi pərvəriş tapmasında müəyyən rolunun olması ilə fəxr edir. Bölmənin nəşr etdiyi “İnam” qəzeti (2001–2003-ci illər), eləcə də “Bənövşə” (2008-ci ildən sonra çıxıb, əvvəlki adı “Mingəçevir leysanı” idi) jurnalı da bölgə yazarlarının ölkə səviyyəsində tanınmasına böyük töhfələr verib.

Bildirildi ki, son 10 ildə bölmənin “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik”, “Ruhumuzun yaz havası” adlı almanaxları nəşr olunub və həmin topluların hər birinin həm Mingəçevirdə, həm də AYB-nin Natəvan klubunda təqdimat mərasimləri keçirilib. Ölkə Prezidentinin sərəncamlarına əsasən, klassik və çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarının yubileyləri, çoxsaylı poeziya gecələri və kitab təqdimatları olub. Ötən il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhər icra hakimiyyətinin dəstəyi ilə 2 nominasiya üzrə şeir müsabiqəsi təşkil edilib və s.

Yubiley gecəsində filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbasov, tanınmış şair Adil Cəmil, tədqiqatçı Əjdər Yunus və başqaları çıxış edərək “Nur şəhəri” kimi tanınan Mingəçevir ədəbi mühitindən danışıblar. Qeyd olunub ki, Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin şəhərə həsr etdiyi poema və Səməd Vurğunun “Muğan” poeması yada düşür. Nə yaxşı ki, bölgənin yaradıcı ziyalıları həmin ənənəni yaşadır və ona yeni çalarlar əlavə edirlər.

Mərasimdə yubiley münasibətilə buraxılmış “Söz yaddaşı” almanaxı və “25-ci addım”ın xüsusi buraxılışı bölgənin yaradıcı ziyalılarının növbəti yaradıcılıq hesabatı olaraq, iştirakçılara ərməğan edildi.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət