Dünya Ermənistanda “kəsişməyəcək”

post-img

İrəvan riyakar təşəbbüslərlə çıxış etməkdənsə, öhdəliyini yerinə yetirməlidir

Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmiləşdirən üçtərəfli bəyanatın sonuncu bəndini 4 ildən çoxdur ki, icra etməkdən boyun qaçırır. Söhbət, təbii ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsini nəzərdə tutan doqquzuncu bənddən gedir.

Həmin bənddə açıq-aydın yazılıb ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanlarının həyata keçirəcəyi qeyd olunub. Tərəflərin razılığı əsasında Naxçıvan MR-lə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi də bəyanatda öz əksini tapıb.

Ancaq qeyd etdiyimiz kimi, Ermənistan iqtidarı üzərinə düşən öhdəliyi yerinə yetirmir. Başqa sözlə desək, baş nazir Nikol Paşinyan öz imzasına hörmət etmir. Əvəzində Ermənistan sürətlə silahlanır. Silah almaq üçün yeni tərəfdaşlar axtarılır. Azərbaycanla şərti sərhədə yerləşdirilmiş Avropa İttifaqının “mülki” adlanan missiyasının müddəti uzadılır, sıraları genişləndirilir. Azərbaycanla sülh danışıqları aparılır, amma rəsmi İrəvan ölkənin konstitusiyasını dəyişdirməkdə maraqlı görünmür. Halbuki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik bəyannaməsinə istinad var. Bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi elan olunur. Bundan əlavə, digər məsələ ATƏT-in Minsk qrupunun ləğvidir. Bu, konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ancaq rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanısa da və münaqişənin başa çatdığını bəyan etsə də, onun həlli üçün yaradılmış Minsk qrupunu ləğv etməkdən yayınır. Burada, necə deyərlər, xoruzun quyruğu görsənir. Başqa sözlə, Ermənistan iqtidarının iç üzü açılır. İrəvanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə ATƏT-ə müraciət etməkdən yayınması revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu göstərir.

Bununla belə, Paşinyan iqtidarı özünü dünya ictimaiyyətinin gözündə sülhdən imtina edən ölkə kimi göstərməmək üçün Azərbaycanla danışıqlar aparmağı davam etdirir. Paralel olaraq, regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə, müxtəlif mənasız təşəbbüslər irəli sürür. Belə təşəbbüslərdən biri “Dünyanın kəsişməsi” layihəsidir. Ermənistan hökumətinin nəqliyyat-logistika layihəsi kimi təqdim edilən “Dünyanın kəsişməsi” baş nazir N.Paşinyan tərəfindən ilk dəfə 2023-cü il oktyabrın 26–27-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda panel sessiyası zamanı təqdim edilib. Paşinyan təqdimat zamanı bildirmişdi ki, “Dünyanın kəsişməsi” layihəsi Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün bir model kimi onun rəhbərlik etdiyi hökumət tərəfindən işlənib hazırlanmışdır. Layihə dövlət müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü təcavüzkarlıq siyasəti üzündən Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistanın iki qonşu ölkə ilə nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.

Paşinyan təqdimat zamanı layihənin 4 əsas prinsipini də açıqlamışdı. Birinci prinsipdə qeyd edilir ki, bölgədə bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir. İkinci prinsipdə bildirilir ki, hər bir ölkə öz dövlət orqanları vasitəsilə ərazisində sərhəd və gömrük nəzarətini həyata keçirir, həmçinin malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyi də daxil olmaqla, infrastrukturun təhlükəsizliyini təmin edir. Üçüncü prinsipdə göstərilən infrastrukturun həm beynəlxalq, həm də daxili daşımalarda istifadə edilə biləcəyi vurğulanır. Nəhayət, dördüncü prinsipdə bütün ölkələrin bərabərlik və qarşılıqlılıq əsasında bir-birinin infrastrukturundan istifadə edəcəkləri öz əksini tapıb. Bildirilib ki, bu prinsiplərə uyğun olaraq, sərhəd və gömrük nəzarəti qarşılıqlı razılaşma və müqavilələr yolu ilə asanlaşdırıla bilər.

Əlbəttə, bunlar hamısı gəlişigözəl ifadələrdir. İrəvanın belə sözlərlə beynəlxalq aləmi aldatmağa çalışması isə ilk dəfə deyil. Bəzən “Sülhün kəsişməsi” kimi də tərcümə olunan bu layihə nə dünyanın, nə də sülhün kəsişməsinə xidmət edir. Ermənistan hökumətinin üçtərəfli bəyanatın imzalanmasından 3 il sonra ortaya qoyduğu bu layihədə, əslində, yeni heç nə yoxdur. Qeyd olunan 4 prinsip üçtərəfli bəyanatda əksini tapan müddəaların başqa formada təcəssümüdür. Yaxşı olardı ki, Ermənistanın siyasi rəhbərliyi hansısa layihələr üzərində baş sındırmaqdansa, öz imzasına hörmətlə yanaşsın və üzərinə düşən öhdəliyi icra etsin. Necə deyərlər, velosipedi yenidən icad etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, Ermənistan tərəfinin irəli sürdüyü bu layihəyə Prezident İlham Əliyev də münasibətini açıqlamışdır. 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bu barədə demişdir: “Hesab edirəm ki, bu, sadəcə olaraq, piar aksiyadır. Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, – Şimal–Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq–Qərb dəhlizi var, – amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”.

Prezident İlham Əliyev qeyd etmişdir ki, onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər: “Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir”.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, əslində, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müzakirələr İkinci Qarabağ müharibəsindən öncə də gedirdi. Onun sözlərinə görə, əgər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı olmasaydı, biz bu gün regionda tamamilə başqa mənzərənin şahidi olardıq. Yaxud, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə, yəni danışıqların aparıldığı illərdə İrəvan işğalçılıq siyasətindən əl çəksəydi, region hazırda inkişafın daha üstün səviyyəsində olardı. Bütün bunların baş verməməsinin təqsirkarı Ermənistandır: “Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına ərazilərini genişləndirmək arzusu, “dənizdən dənizə böyük Ermənistan” qurmaq istəyi hayların xəstə ideologiyasının nəticəsidir. Vətən müharibəsinin sonunda ağır şərtlər altında təslimolma aktına imza atan Ermənistan rəhbərliyi xarici havadarlarının köməyi ilə ötən 4 il ərzində siyasi-diplomatik sahədə yalnız vaxt uzatmaqla məşğuldur və məsələnin mahiyyətindən kənar bir sıra ideyalar irəli sürür. Belə ideyalardan biri “Dünyanın kəsişməsi” layhəsidir”.

Politoloq qeyd etdi ki, kommunikasiya xətlərinin açılması bir zamanlar mövcud olmuş avtomobil və dəmir yolu xətti üzrə əlaqələrin bərpa olunmasını nəzərdə tutur: “Yəni, SSRİ dövründə tam işlək vəziyyətdə olan Ağbənd–Mehri–Culfa dəmir yolunun bərpası və avtomobil yolunun çəkilməsi bu prosesin mühüm elementidir. Digər tərəfdən, Ermənistan bu bölgəyə kənar geosiyasi aktorları dəvət etməklə məsələyə beynəlxalq xarakter verməyə çalışır. Avropa İttifaqının mülki missiyasının bölgəyə yerləşdirilməsi və Brüsselin Ermənistandakı maraqları, İranın Qərbi Zəngəzurun inzibati mərkəzi Qafanda baş konsulluq açması, Fransanın İrəvanı himayə etməsi və silahlandırması, ABŞ-ın Rusiya ilə qarşıdurma şəraitində Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı ambisiyaları vəziyyəti çıxılmaz duruma saldı. Rusiya tərəfi isə dəhlizin təhlükəsizliyini Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının təmin etməsini istəyir. Bu, üçtərəfli bəyanatda öz əksini tapıb. ABŞ isə bunu inkar edir və istəmir. Ermənistan özü də dəhliz ideyasını yaxına buraxmır. Azərbaycan və Türkiyə isə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilində maraqlıdırlar. Ermənistan bununla bağlı öz üzərinə öhdəlik götürüb. Əsas məsələ bundan ibarətdir ki, İrəvan bundan boyun qaçırır, bunu mübahisələndirir və təkzib edir”.

Müsahibimiz dedi ki, rəsmi İrəvan paralel olaraq, gah “Dünyanın kəsişməsi”, gah da “Sülhün kəsişməsi” adlanan müxtəlif layihələr irəli sürür. Bundan öncəki təşəbbüs isə tamamilə absurd idi. Belə bir vəziyyət formalaşırdı ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin etmək üçün Ermənistan ərazisini gəzib dolaşmaq, onun sərhədini iki dəfə keçmək, iki dəfə dövrə vurmaq lazımdır: “Digər tərəfdən burada İranın da öz maraqları var və bu səbəbdən Tehran dəhlizin açılmasına qarşı çıxır. Hətta, onlar Ermənistana nəyin doğru, nəyin səhv olduğunu izah etməyə çalışırlar. Guya, prosesi Ermənistanın maraqları müstəvisində nəzərdən keçirirlər, amma, əlbəttə ki, cənub qonşularımız burada öz maraqlarını güdürlər. İran şərti olaraq, Araz dəhlizi adlanan dəhlizin həyata keçməsində maraqlıdır. İran Naxçıvana Ermənistan ərazisindən yan keçməklə – Araz çayı üzərindən körpülər tikmək vasitəsilə dəhliz təqdim edir”.

İ.Hüseynovun sözlərinə görə, məsələ o qədər gərgin, o qədər ziddiyyətli mərhələyə qədəm qoyub ki, tərəflər dəhlizin açılması ilə bağlı məsələni sülh müqaviləsindən kənarda saxlamağa qərar veriblər. Hazırda Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsində dəhlizlə, kommunikasiya xətlərinin açılması ilə bağlı bir kəlmə belə yoxdur. Bu məsələnin danışıqların predmeti olmaqdan kənarda qalmasının əsl təqsirkarı Ermənistandır. Belə bir vəziyyətdə İrəvanın “Dünyanın kəsişməsi” adlı layihə ilə çıxış etməsi tamamilə absurd və məntiqdən kənardır.

Səxavət HƏMİD
XQ



Siyasət