Ermənistanı qoruma illüziyası və Aİ-nin sərhəd missiyası
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistanla Azərbaycanın şərti sərhədində olub. Bəri başdan deyək ki, Fransa Ermənistanı sülhdən yayındırdıqca, sərhəd, yaxşı halda, şərti olaraq qalacaq. Pis halda isə ümumiyyətlə, olmayacaq. Təbii, Ermənistan adlı dövlət yoxdursa, onun sərhədinin mövcudluğu da mümkünsüzdür. Görünür, hadisələr məhz bu səmtə doğru gedir. Yəni, Fransa Ermənistanı məhvə aparır. Bunu həm də haqqında söz açacağımız missiya məntiqi ilə edir
Fransa səfiri Avropa İttifaqının şərti sərhədin Ermənistan tərəfində keşiş çəkən mülki müşahidə missiyasının qərargahında olub. Bundan başqa, Dekotini missiyanın patrul dəstəsinə də qoşulub. Çox güman, əlində binokl Azərbaycan tərəfini seyr edib. Beləliklə, Aİ müşahidəçilərinin, guya, hansısa əhəmiyyətli iş gerçəkləşdirdiyinə dair görüntü formalaşdırıb, mesaj verib. Bəli, məhz görüntü. Çünki son günlər Aİ-nin missiyası məsələsində görüntü yaratmaq sanki dəbdədir. Səbəb aydındır. Ermənistan hökuməti və Aİ sözügedən missiyanın qalma müddətini artırmaq barədə düşünür. Sərhəd xəttinə son günlər sayı artmaqda olan səfərlər də buna xidmət edir.
Qeyd edək ki, Aİ-nin sözügedən missiyası 2023-cü ilin fevralından fəaliyyətdədir. Təsisatla bağlı qərar isə 2022-ci ilin sonunda qəbul edilib. Əvvəl missiyanın cəmi iki ay müddətinə, özü də məhdud sayda fəaliyyət göstərəcəyi bildirilsə də, sonrada say da, müddət də artırıldı. Hazırda müşahidəçilər NATO-nin Cənubi Qafqazdakı emisarları kimidirlər. Bu məqamı Azərbaycan tərəfi də gözəl bilir və dəfələrlə ölkəmizin rəsmiləri mövcud istiqamətdə bəyanatlar səsləndiriblər. Onlar bildiriblər ki, Bakı və İrəvan arasında birbaşa təmaslar başlayıbsa, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar irəliləyişlər əldə olunubsa, deməli, Aİ-nin müşahidəçilərinə heç bir ehtiyac yoxdur.
Ancaq Aİ-nin, eyni zamanda, qurumu alətə çevirmiş Fransanın öz “planları” var. Belə görünür ki, Cənubi Qafqazda sülh gündəmi rəsmi Paris üçün heç bir önəm daşımır. Ona görə, bilavasitə müşahidəçilik institutu üzərinə fokuslanır. Dekotininin missiyanın ofisini ziyarət etməsi və onun üzvləri ilə patrul fəaliyyətinə qoşulması belə söyləməyə əsas verir.
Ayrıca onu da bildirək ki, Dekotininin şəxsində Fransa, bütövlükdə, Ermənistanın sərhədi məsələsi üzərinə fokuslanır. Bu fokuslanma ölkəni Azərbaycandan, daha doğrusu, “Azərbaycanın təcavüzündən” qorumaq amalına köklənib. Yox, elə zənn etməyin avropalılar sadəlövhdürlər. Onlar yaxşı başa düşürlər ki, Ermənistanı qorumaq üçün silah lazımdır. Nəzərə alsaq ki, missiya peşəkar hərbçilərdən təşkil olunub, təsisatın, faktiki olaraq, müharibə hazırlığı gerçəkləşdirdiyini söyləyə bilərik. Baxmayaraq ki, Azərbaycan Ermənistan ərazisinə hücum planlaşdırmadığını dəfələrlə bəyan edib.
Görəsən, nə üçün Ermənistanın qorunması ritorikası var? Səbəb çox sadədir. Ermənistan məqsədli şəkildə sülh yolundan uzaqlaşdırılırsa, silahlandırılırsa və Azərbaycana qarşı münaqişəyə hazırlaşdırılırsa, onun qorunması məsələsi də aktuallığını saxlamalıdır və saxlayır da. Ona görə beynəlxalq miqyasda anti-Azərbaycan təbliğatı aparılır, ölkəmizin gözdən salınması istiqamətində cəhdlər göstərilir. Cəhdlər göstərilir ki, rəsmi Bakının İrəvanın mümkün təxribatlarına qarşı cavab tədbirləri işğalçılıq kimi qiymətləndirilsin. Həmişə də belə olub.
...Rəsmi Paris bütün potensialını işə salaraq, xaricdən Ermənistana yollanan diplomatların, ictimai xadimlərin sərhəd zonasına səfərlərini təşkil edir. Daha doğrusu, mövcud istiqamətdə baş nazir Nikol Paşinyanın administrasiyasına direktivlər verir. Rəsmi İrəvan isə can-başla həmin direktivlərin icrasına girişir. Bir müddət öncə Ermənistanda səfərdə olan Polşa Prezidenti Anjey Duda da sərhəd missiyasının qərargahında olmuşdu. Yəni, o da Aİ-nin və Fransanın timsalında Qərbin Ermənistanı qoruma kampaniyasında iştirakını bildirmişdi.
Onu da deyək ki, Fransada “Overn-Rona-Alp”– Ermənistan-Sünik” tədbirləri keçirilməkdədir. Bunun özü də Ermənistanın müdafiəsinə ictimai diqqəti artırmağa yönəlmiş aksiyadır. Nəzərə alaq ki, Sünik Azərbaycanın Zəngəzur dəhlizi ideyasının gerçəkləşmə nöqtəsidir. O dəhlizin ki, Naxçıvana yolu təmin edəcək. Naxçıvana yol Qərbə Türkiyə vasitəsilə açılım deməkdir. Ermənistan “Dünyanın kəsişməsi” ideyasını ortaya atmaqla, sözügedən açılımın önündə, bir növ, bloqpost yaratmağı düşünür. Məhz buna görə də Ermənistanın qorunması və bununla bağlı Aİ-nin sərhəd missiyasının əlahiddəliyi aşılanır.
Əminliklə deyə bilərik ki, Ermənistanın qorunması, onun Cənubi Qafqaz üzrə qlobal rəqabətin “günah keçisi”nə çevrilməsi fonunda özünü göstərən qatı ermənipərəstlik Fransanın ictimai rəyində pataloji xəstəlik halını alıb. Dekotininin hərəkəti həmin xəstəlikdəki yalnız bir elementdir. Ancaq başqa fraqmentlər də var. Məsələn, bir müddət əvvəl Fransa parlamentinin deputatı Loran Vokye haqqında söz açdığımız “Overn-Rona-Alp”– Ermənistan-Sünik” tədbirləri çərçivəsində Lionda keçirilmiş aksiya zamanı bildirmişdi ki, Ermənistan uğrunda mübarizə XXI əsrin sivilizasiyası naminə mübarizə aparmaqdır.
Sonda yazının əvvəlində diqqətə çatdırdığımız bir fikrə yenidən qayıdaq. Ermənistan yoxdursa, onun sərhədi də olmayacaq. Bu gün Fransa başda olmaqla, Qərbin bir sıra dairələri Ermənistanın bir dövlət kimi, ya vəlvələdən, ya da zəlzələdən yaranmış mövcudluğunu aradan qaldırmaq üçün var gücləri ilə çalışmaqdadırlar. Baş nazir N.Paşinyan çox tez-tez “Real Ermənistan” formulundan danışır və bu yolla ölkəsinin hazırda olmayan sərhədləri çərçivəsində dövlətə sahiblənməyinin zəruriliyini əsaslandırır. Ancaq reallıq budur ki, rəsmi Paris və ümumiyyətlə Aİ həm də özünün missiya məntiqi ilə ölkəni sərhədsiz duruma gətirir, onu nəzarətdənkənar bir bölgə statusunda canlandırır. Bu isə son dərəcə təhlükəlidir.
Ə.CAHANGİROĞLU
XQ